İnsanlara hürriyət, millətlərə istiqlal!

"Doğrudanmı haqsızlıq haqqı daim üstələyəcək?" - Yazıçı-publisist

1061 23.06.2026 19:26 Ölkə A A

Tanınmış yazıçı-publisist Rövşən Yerfi illərlə davam edən, üzləşdiyi mənzil dələduzluğu işi üzrə məhkəmə prosesinin yekunundan narazıdır. Yazıçı bildirir ki, yeddi il ərzində dövlət qurumlarına etdiyi çoxsaylı müraciətlərə, məhkəmələrə təqdim etdiyi sənədlərə və sübutlara baxmayaraq, ona dəymiş zərərin ödənilməsi istiqamətində heç bir nəticə əldə olunmayıb.

Musavat.com-a ünvanladığı müraciətdə Rövşən Yerfi qeyd edir ki, 2015-ci ildə mənzil almaq məqsədilə ödədiyi on minlərlə manat vəsait nəticədə dələduzluq sxeminin qurbanına çevrilib. Onun sözlərinə görə, müxtəlif tikinti şirkətlərinin nümayəndələri tərəfindən verilən vədlər, bağlanan müqavilələr və təqdim olunan maliyyə sənədləri sonradan hüquqi mübahisələrə çevrilib. Yazıçının sözlərinə görə, son üç il ərzində o, əlaqədar strukturlara iyirmidən artıq müraciət ünvanlasa da, nəticədə onun şikayətləri müxtəlif instansiyalar arasında yönləndirilməkdən o yana keçməyib.

Bu günlərdə yekunlaşan və üç ildən artıq davam edən “Proqres 2016” MTK işi üzrə çıxarılan hökm isə yazıçının narazılığını daha da artırıb. Məhkəmə hökmündə özünü zərərçəkmişlər və mülki iddiaçılar siyahısında görməyən Rövşən Yerfi bunu hüquqlarının növbəti dəfə nəzərə alınmaması kimi qiymətləndirir.

Yazıçı sual edir: “Dövlət qurumlarına göndərilən onlarla müraciət, təqdim edilən sənədlər və qaldırılan iddialar niyə nəticəsiz qaldı?”

O, məhkəmə qərarının ardınca yenidən apellyasiya və kassasiya instansiyalarına müraciət etməli olub-olmaması barədə tərəddüd keçirdiyini bildirir: “7 il əvvəl mənzil almaq istərkən dələduzluqla rastlaşmağım haqqında son üç ildə dəfələrlə səlahiyyətli şəxslərə, orqanlara elektron poçtla, sifarişli məktubla, saytlar vasitəsi ilə durmadan müraciətlər etmişəm. Sonda çarəsiz qalıb vəkil vasitəsi ilə mülki iddia ərizəsi də yazmışam. “Proqres 2016” MTK-sı ilə bağlı üç ildən çox uzanan məhkəmə nəhayət 5 iyunda başa çatdı, hökm çıxarıldı. Lakin, dərc edilən hökmdə özümü zərəri ödənilməyənlər, mülki iddiası olan ərizəçilər siyahısında görmədim. Demək, 20-dən çox müraciətimə hər dəfə belə başdansovdu cavablar verilib: ”Müraciətiniz baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir”. Yazılan qalaq-qalaq məktublar, edilən müraciətlər 1 nömrəli məhkəmə işinə baxan hakimin heç telinə də dəymirmiş. O, nə mənə dəyən 42700 manatdan çox zərəri nəzərə almayıb, nə də digər dələduzun həbsinə sanksiya verməyib, iş haça-paça olub, donub. Sanki törədilən dələduzluq haqqına imiş, belə də qalmalıdır, narahat olmalı heç nə yoxdur, düz edib səmimiliyimdən istifadə edib məni aldadıblar...
Yaxşı, indi nə edim? Apellyasiyanın, ardınca da Ali Məhkəmənin yollarındamı günlərlə, aylarla sürünüm? Ölkədə daha haralara və kimlərə müraciət edim, kimə inanım? Ötür-ötür etmədən qulaq asan, saya salan, şikayətimi eşidən kimsə tapılacaqmı?

Doğrudanmı haqsızlıq, daim haqqı üstələməkdə davam edəcək?”

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR