“Müasir Psixoloji Dəstək” İctimai Birliyi tərəfindən erkən nikahların cəmiyyətə, xüsusilə də yeniyetmə və gənclərin psixoloji sağlamlığına təsirlərinin araşdırılması və bu sahədə maarifləndirmənin gücləndirilməsi məqsədilə “Erkən nikahın psixoloji fəsadları” adlı layihənin icrasına başlanılıb.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Layihənin əsas məqsədi erkən nikahların yaratdığı psixoloji travmalar, şəxsiyyət inkişafında yaranan problemlər, ailədaxili münasibətlərdəki çətinliklər və sosial adaptasiya məsələləri barədə ictimaiyyəti məlumatlandırmaqdır. Eyni zamanda, layihə çərçivəsində risk qrupuna daxil olan yeniyetmələr, valideynlər və müəllimlər üçün maarifləndirici fəaliyyətlərin təşkili nəzərdə tutulur.
Layihə çərçivəsində erkən nikahın psixoloji təsirlərinə dair seminar və təlimlər təşkil olunacaq, psixoloqların iştirakı ilə açıq müzakirələr və fərdi konsultasiyalar keçiriləcək. Bununla yanaşı, analitik məqalələrin hazırlanması və yayımlanması, sosial mediada geniş maarifləndirici kampaniyaların aparılması da nəzərdə tutulur. Layihə çərçivəsində gənclər üçün psixoloji dəstək mexanizmlərinin təşviqi də əsas istiqamətlərdən biridir.
“Müasir Psixoloji Dəstək” İctimai Birliyi bildirir ki, erkən nikah problemi yalnız hüquqi və sosial məsələ deyil, eyni zamanda ciddi psixoloji nəticələr doğuran mühüm bir çağırışdır. Bu baxımdan layihə fərdlərin psixoloji rifahının qorunmasına, sağlam ailə münasibətlərinin formalaşdırılmasına və ümumilikdə cəmiyyətin dayanıqlı inkişafına töhfə verməyi hədəfləyir.
Layihə çərçivəsində hazırlanacaq materiallar və keçiriləcək tədbirlər vasitəsilə erkən nikahın fəsadları barədə ictimai məlumatlılığın artırılması və bu halların qarşısının alınması istiqamətində maarifləndirmə işlərinin gücləndirilməsi nəzərdə tutulur.
Musavat.com






