Belarusiyanın Brest şəhərində yaşayan 32 yaşlı qadının ad günü gecə klubu əyləncəsi gözlənilməz qalmaqalla nəticələnib.
Musavat.com xəbər verir ki, o, polisə müraciət edərək ərinin ona Parisdən hədiyyə etdiyi, dəyəri guya 3 800 avro olan “Louis Vuitton” çantasının oğurlandığını bildirib.
Polis çox keçmədən oğruları müəyyən edib: 1985-ci il təvəllüdlü bir kişi və 2003-cü il təvəllüdlü bir qız çantanı aparıb.
Çanta içindəki 3 000 rus rublunu isə onlar artıq əyləncələrə xərcləyiblər.
Əsas “zərbə” isə ekspertizadan gəlib. Mütəxəssislər müəyyən ediblər ki, qadının “bahalı” saydığı həmin çanta heç də orijinal “Louis Vuitton” deyil, ucuz saxta məhsuldur. Onun real bazar dəyəri cəmi 101 Belarus rublu, yəni təxminən 50 manatdır.
Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər qadının “hədiyyə dramını” həm gülməli, həm də dərsverici hadisə kimi qiymətləndirirlər.
Musavat.com






