İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərəb-İsrail savaşının 100 günü - müharibə sərhədimizdən uzaqlaşıb, yoxsa...

484 16.01.2024 11:06 Dünya A A

Kənan Rövşənoğlu: “Savaş yaxın günlərdə atəşkəs razılaşması ilə nəticələnəcək”

Yanvarın 15-də İsrail-HƏMAS (ərəb) müharibəsinin 100 günü tamam oldu. Ötən ilin 7 oktyabr tarixində HƏMAS-ın başçılıq etdiyi fələstinli silahlı qruplar tərəfindən Qəzza zolağından İsrailə qarşı genişmiqyaslı hücum əməliyyatı ilə başlayan müharibədə hər iki tərəfdən artıq minlərlə insan qətlə yetirilib. Təəssüf ki, onların əksəriyyəti dinc insanlar, uşaqlar və qadınlardır. Xeyli insan isə HƏMAS tərəfindən girov götürülüb. 

İsrailə qəfil silahlı hücumu ilə alovlanan müharibə daha nə qədər sürəcək? Sonu görünürmü? Regionda İranın bütün proksi qüvvələrinin, o cümlədən silahlı hissələrin xeyli fəallaşdığı da nəzərə alınarsa, qanlı müharibə hazırda hansı mərhələdədir, Azərbaycan sərhədinə yaxınlaşıb, ya uzaqlaşıb? Daha böyük müharibəyə çevrilmə ehtimalı getdikcə azalır, yoxsa artır? Böyük müharibədə maraqlı olan kimdir - ABŞ, Rusiya, yoxsa? Azərbaycana dolayı və ya birbaşa potensial təhdidlər qalırmı və hansıdır?

Fikrət Yusifov da prezidentliyə namizəd oldu-AÇIQLAMA

Fikrət Yusifov

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov “Yeni Müsavat”a söylədi ki, HƏMAS-la İsrail arasında 100 gündən artıqdır davam edən qanlı müharibənin nəticələri olduqca ağrılıdır: “Müharibə başlayandan bu bölgədə 25000 adam öldürülüb, 50000-dən çox insan yaralanıb. Ölənlərin 70%-ni qadınlar və uşaqlar təşkil edir. Bölgədə mövcud olan evlərin 69%-i məhv edilib, 2 milyona yaxın insan müvəqqəti qalma düşərgələrinə yerləşdirilsə də, bu düşərgələr İsrail hərbçiləri tərəfindən davamlı şəkildə bombalanır. Qəzza zolağında səhiyyə sistemi demək olar ki, tamamilə məhv edilib. Yaralıları müalicə etmək üçün heç bir yer yoxdur və onların çoxu ölümə məhkumdur. İsrail HƏMAS-ın bu hücumuna bölgədə böyük bir müharibəni başlatmaqla cavab verdi. Sual olunur - HƏMAS İsrailə etdiyi  hücumun qarşılığının bu şəkildə veriləcəyini əvvəlcədən göz önünə almışdımı? Heç şübhəsiz ki, HƏMAS-a rəhbərlik edənlər İsrailin bu hücuma aqressiv bir qarşılıq verəcəyini və HƏMAS-ı sona qədər məğlub etməyi hədəfləyəcəyini öncədən çox yaxşı bilirdilər. Deməli, HƏMAS bu müharibəyə uzun illər ərzində əsaslı şəkildə hazırlaşmış və onun mümkün ssenarilərini öncədən ölçüb-biçə bilmişdi. Qəzzada çəkilən yeraltı tunellər, partizan müharibəsinə yüksək hazırlıq və bütün bu işləri görərkən müasir telefon və kompüter texnoligiyalarından istifadədən imtina edilməsi nə demək idi? İsrail və Qərb kəşfiyyatlarının bu hazırlıqlardan xəbəri olmasın deyə HƏMAS liderləri bütün bu işləri görərkən yalnız kabel telefonlarından istifadə etmişdilər. Elə bunun nəticəsidir ki, HƏMAS hərbi rəhbərliyi nəticə etibarilə İsraillə Fələstin arasında on illər boyu davam edən qarşıdurmada ilk dəfə olaraq bu qədər dirəniş göstərə bilir. Bu müharibənin başlanmasından 100 günün ötməsinə və bu müddət ərzində onun ağır nəticələrinə baxmayaraq, İsrail HƏMAS-ı tam yenə və təbii ki, Qəzza bölgəsini də tam nəzarətə götürə bilməyib. İsrailin baş naziri Netanyahu bugünlərdə müharibənin HƏMAS tam məğlub edilənə qədər davam edəcəyini bəyan edib. Bəs HƏMAS rəhbərliyi nə düşünür? HƏMAS  təslim olmaq fikrində deyil. Onlar bu mübarizədə nə vaxtsa qalib gələcəklərini düşünürlər. Bir Fələstin politoloqunun fikirlərini xatırlatmaq yerinə düşər. O deyir ki, İsrail və Qərb siyasətçiləri tarixdən dərslər çıxara bilmədilər. Bir vaxtlar ABŞ prezidenti kiçik Corc Buş da deyirdi ki, biz taliblərə qalib gəldik. Ancaq sonda nə oldu? Bu gün Əfqanstan hökumətinin başında taliblər dayanır. Görünən budur ki, İsrail işğalına qarşı uzunmüddətli mübarizəyə hazırlaşmış HƏMAS rəhbərliyinin də düşüncələrində bu toxumlar yer alıb. 

Beynəlxalq ictimaiyyət artıq çoxdandır ki, İsrailin bu aqressiyasına dur deməyə çalışır. Lakin yaxın müttəfiqi ABŞ-ın dəstəyini alan İsrail qələbəyə qədər bu müharibənin davam edəcəyini bəyan edir.  

HƏMAS isə BMT Baş Assambleyasının Qəzza zolağında atəşkəsə çağıran qətnaməsini alqışlayır və beynəlxalq ictimaiyyəti BMT Baş Assambleyasının qətnaməsinə əməl etməsi üçün İsrailə təzyiq göstərməyə çağırır...  

Bu münaqişənin sonu görünmür. Bu müharibə müstəvisində böyük güclərin ciddi qarşıdurmasının nə ilə nəticələnəcəyini də öncədən söyləmək çətin olsa da havadan üçüncü dünya müharibəsi barıtının qoxusu gəlir".

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Əhəd Məmmədli

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli diqqətə çatdırdı ki, hər iki tərəfdən deyil, bir tərəfdən, özü də əsasən Fələstin tərəfindən minlərlə dinc sakin qətlə yetirilir: “İsrail 100 gündür Fələstində soyqırım edir, dünya da buna susur. Özü də tək susmur, işğalçı İsrailə dəstək verir. Düzdür, dünya xalqları bu insan faciəsinə etiraz edir, amma hakimiyyətlər heç nə etmir. Fələstin müsəlmanlarına edilən soyqırımın cəlladı təkcə İsrail deyil, həm də onun arxasında duran, dəstək verən ABŞ, Britaniya, Avropa Birliyidir. Bu müharibənin hələlik sonu görünmür. Əməliyyat başlayandan demişəm ki, ən yaxşı halda İsrail Fələstində ABŞ-ın Əfqanıstandakı aqibətini yaşayacaq. Amma fərq ondadır ki, Əfqanıstan ABŞ-dan 1000 kilometrlər uzaqdadır, Fələstin isə İsrail ilə yan-yanadır... O ki qaldı İranın proksilərinin müharibəyə qatılmasına, Azərbaycanda hələ də yanlış fikir var ki, Fələstinin arxasında İran durur, bu tam elə deyil. Söhbət konkret HƏMAS-dan gedirsə, bu müqavimət hərəkatının tarixini azca bilən görər ki, onların qurulmasında, ərsəyə gəlməsində, indi də dəstəklənməsində İrandan çox rolu olan ölkələr var. Bu xəmir hələ çox su aparacaq...”

Ekspert deyir ki, xarici mənbələrə görə İsrail tərəfindən fələstinli qadın və uşaqların qətliamında ABŞ, Fransa, Ukrayna, Almaniya, İspaniya və Cənubi Afrikadan muzdluların amansız, acımasız iştirakı bildirilir: “Kəşfiyyat cəbhəsində də İsrail ciddi zərbə alıb. Son günlər Türkiyə kəşfiyyatının (MİT) ölkə daxilində İsrail agentura şəbəkəsinə (MOSSAD) qarşı aparılan əməliyyatlar dünya gündəmindədir. 50-yə yaxın İsrail agenti həbs edilib. Onu qeyd edək ki, MİT dünyada yeganə kəşfiyyat orqanıdır ki, onun daxilində xüsusən MOSSAD-a qarşı qurulan şöbə var. Bu şöbə yalnız İsrail agentlərinin ifşası, həbs və məhv edilməsi ilə məşğuldur.

 Əcnəbi aparıcı media qurumlarında bir maraqlı nüans diqqətimi cəlb etdi. Türkiyə kəşfiyyatının israilli həmkarlarına qarşı bu əməliyyatı Netanyahunun HƏMAS nümayəndələrinə qarşı dünyanın hər yerində əməliyyat aparılacaq anonsuna cavab olaraq qiymətləndirilir. Türkiyə-HƏMAS münasibətləri heç kəsə sirr deyil. Bəzi İsrail mənbələrinə görə, HƏMAS müqavimət hərəkatının siyasi bürosunun (ən üst orqan) son iclası Türkiyədə keçirilib. Xarici mənbələr iddia edirlər ki, MOSSAD son illərin ən ciddi zərbəsini məhz MİT-dən aldı. MİT-in daxilində yuxarıda qeyd edilən həmin bu xüsusi qurum ölkə daxili və xaricində MOSSAD-ın hər addımını izləyir. MİT-in dünyanın ən güclü xüsusi xidmət orqanlarından biri olduğu bildirilir".

Siyasi İslamın 50 illik dövrü - Kənan Rövşənoğlu

Kənan Rövşənoğlu

Tanınmış siyasət yazarı Kənan Rövşənoğlu İsrailin atəşkəsə gedə biləcəyini ehtimal edir: “İsrail və HƏMAS arasında müharibə güman edirəm ki, yaxın günlərdə atəşkəs razılaşması ilə nəticələnəcək. Hazırda Misirin vasitəçiliyi ilə danışıqlar aparılır, verilən məlumata görə, tərəflər atəşkəsə yaxındır. Amma bu atəşkəsin uzunmüddətli olacağını demək çətindir. Çünki hazırkı İsrailin sağçı hökuməti danışıqlara isti yanaşmır. Başqa sözlə, münaqişənin sülh və danışıqlar yolu ilə həllinə yanaşmır. Bu səbəbdən də hazırkı hökumət davam etdiyi bir müddətdə köklü atəşkəs və sülh prosesini gözləmək olmaz. Ancaq İsrail ordusu artıq üçüncü aydır ki, Qəzzada HƏMAS-ı məğlub edə bilmədiyi və dinc insan ölümləri artdığı üçün İsrail hakimiyyəti atəşkəsə gedə bilər. Köklü sülh isə yalnız daha proqressiv qüvvələrin hakimiyyətə gəlməsi ilə mümkündür. İrana gəlincə, hazırda İsrail çalışır ki, İranı və ya Loqosuz Vanda Hizbullahı müharibəyə cəlb eləsin. Ancaq hər ikisi, yəni həm İran, həm də Hizbullah İsrailə hücum etmək istəmir. Belə deyək, böyük müharibə üçün İsrailə fürsət vermək istəmirlər. Bu səbəbdən də böyük müharibə gözlənilmir. Amma o da nəzərə alınmalıdır ki, hazırda geniş regionda Proxy qüvvələr vasitəsilə toqquşmalar davam edir, haradasa bir qırılma baş verə bilər. Lakin indiki şərtlərdə böyük müharibə üçün şərait yoxdur. ABŞ böyük müharibənin olmasında maraqlı deyil. Bu səbəbdən də proseslərin nəzarətdən çıxmasına imkan verməməyə çalışır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR