Beynəlxalq Demokratlar Birliyi (Uluslararası Demokratlar Birliyi- UID) tərəfindən “8-ci Potensialın artırılması və Təlim seminarı” adlı genişmiqyaslı beynəlxalq tədbir keçirilib.
Musavat.com xəbər verir ki, beş gün davam edən toplantıda Avropa və digər regionlardan UID-yə üzv təşkilatların nümayəndələri, ictimai fəallar və müxtəlif sahələri təmsil edən mütəxəssislər iştirak ediblər.
Tədbirin əsas məqsədi UID strukturlarının institusional inkişafına töhfə vermək, üzvlərin idarəetmə və liderlik bacarıqlarını gücləndirmək, diaspor fəaliyyəti sahəsində yeni yanaşmaları müzakirə etmək olub.

Tədbir çərçivəsində təşkilati idarəetmə, strateji planlama, kommunikasiya, ictimai diplomatiya və media ilə iş mövzularında təlim sessiyaları keçirilib, panel müzakirələri və interaktiv görüşlər təşkil olunub.
Beynəlxalq formatda baş tutan tədbir iştirakçılara müxtəlif ölkələrin təcrübəsini öyrənmək, əlaqələri genişləndirmək və gələcək birgə layihələr üçün əməkdaşlıq imkanlarını müzakirə etmək baxımından mühüm platforma rolunu oynayıb.
UID rəhbərliyi təşkilatın gələcək fəaliyyət strategiyasının formalaşmasında əhəmiyyətli yer tutduğunu vurğulayıb.

Tədbir çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan UID üzvlərini Ankaradakı Prezident Külliyəsində qəbul edib. Qəbul zamanı çıxış edən dövlət başçısı dünyada artan böhranlar və qeyri-müəyyənlik fonunda hər zamankından daha çox həmrəyliyə, qardaşlığa və birlik ruhuna ehtiyac olduğunu vurğulayıb.
Prezident Ərdoğan çıxışında qeyd edib ki, Avropadan Asiyaya, Afrikadan Balkanlara, Amerikadan Avstraliyaya qədər xaricdə yaşayan 7 milyondan çox türkün birliyi və həmrəyliyi hər zamankından vacibdir. O, həmçinin bütün soydaş və qohum topluluqlarına salam və sevgilərini çatdırıb.

Türkiyə lideri Qəzza, Fələstin, Livan, Sudan və Suriyada yaşayan insanların çətinliklərinə toxunaraq, bu bölgələrdə baş verən humanitar böhranların diqqət mərkəzində olduğunu vurğulayıb və UID kimi diaspor təşkilatlarının birliyinin bu dövrdə həyati əhəmiyyət daşıdığını bildirib.

Prezident Ərdoğan UID-ni Avropanın ən güclü qeyri-hökumət təşkilatlarından biri kimi təqdim edib. O bildirib ki, birlik Avropanın 17 ölkəsində, 38 bölgə nümayəndəliyi və 253 şöbəsi ilə fəaliyyət göstərir, xaricdə yaşayan türklərin problemləri ilə yaxından maraqlanır və onların yaşadıqları cəmiyyətlərdə daha fəal, demokratik və sosial iştirakını gücləndirir.

Tədbirdə Azərbaycanı təmsil edən Aydın Talışınski də iştirak edib. O, tanınmış qulaq, burun, boğaz və baş-boyun cərrahı, peşəkar tibb mütəxəssisidir və uzun illərdir səhiyyə sahəsində fəaliyyət göstərir. Onun toplantıda iştirakı Azərbaycanın ictimai və elmi müstəvidə beynəlxalq səviyyədə təmsil olunması baxımından diqqət çəkir.
Tədbir çərçivəsində 34 ölkə və 59 fərqli regiondan UID üzvləri iştirak edib. Yekun qiymətləndirməyə əsasən, dünya üzrə UID bölgələri arasında ən aktiv və ən çox fəaliyyət göstərən ilk 6 bölgə müəyyən edilib və yüksək performans göstərən bölgələr təşəkkürnamə ilə təltif olunub. Bu nailiyyətlər, həmçinin Avropalı Türk diasporasının iqtisadi, sosial və siyasi sahələrdəki uğurlarını da nümayiş etdirib. Prezident Ərdoğan çıxışında vurğulayıb ki, diaspora Türkiyə iqtisadiyyatına, turizminə və ölkənin beynəlxalq nüfuzuna əhəmiyyətli töhfələr verir.

O, xaricdə yaşayan türklərə çağırış edərək onları siyasət, iqtisadiyyat, akademiya və vətəndaş cəmiyyəti sahələrində daha fəal olmağa və birliklərini qorumağa dəvət edib:
"Özünüzə qapanmayın, hər zaman açıq və birlikdə olun. Heç kimin sizi manipulyasiya etməsinə, hüquq və qanun çərçivəsindən çıxarmağa imkan verməyin. Ölkənizlə əlaqələrinizi qoruyun və gücləndirin".

Sonda bildirilib ki, UID tərəfindən bu formatda keçirilən təlim və inkişaf tədbirləri növbəti illərdə də davam etdiriləcəkvə təşkilatın beynəlxalq şəbəkəsinin gücləndirilməsinə xidmət edəcək. Tədbir həmçinin iştirakçılara müxtəlif ölkələrin təcrübəsini öyrənmək, əlaqələri genişləndirmək və gələcək birgə layihələr üçün əməkdaşlıq imkanlarını müzakirə etmək baxımından əvəzsiz platforma olmuşdur.
Musavat.com






