İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan, yoxsa Kılıçdaroğlu – son sorğular nə deyir?

3497 10.04.2023 19:20 Gündəm A A

Elçin Mirzəbəyli: “Atılan addımlar sayəsində Ərdoğanın reytinqinin və səslərinin çoxalacağını düşünürəm”

Şəhla Cəlilzadə: “Türk millətinin dərin ağlının bu seçimlərdə ən milli olana qərar verəcəklərini düşünürəm”

Türkiyədə 14 may prezident və parlament seçkilərindən öncə keçirilən daha bir sorğunun nəticələri açıqlanıb. Musavat.com Globalinfo.az-a istinadla xəbər verir ki, sorğunu hakimiyyətə yaxınlığı ilə seçilən “Areda” şirkəti keçirib.

Sorğuya əsasən, gələn bazar günü ölkədə seçki olarsa, respondentlərin 50,6%-i hazırkı prezident Rəcəb Tayyib Ərdoğana səs verməyə hazır olduqlarını bildiriblər. Ondan sonrakı yerdə 41,8% səslə Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu qərarlaşıb. Siyahıda sonrakı yerlərdə Məhərrəm İncə (5,5%), Sinan Oğan (2,1%) qərarlaşıb.

237171d3-53c3-332f-a8a8-50af0481c441_850.jpg (52 KB)

Sorğu iştirakçılarının 40%-i parlament seçkisində hakim Ədalət və İnkişaf Partiyasını dəstəkləyəcəyini bildirib. Ondan sonrakı yerləri CHP (23,7%), HDP (10,6%), MHP (8,1%), İYİ Partiyası (7,5%), Məmləkət Partiyası (3,6%), Yenidən Rifah Partiyası (1,9%) və digərləri tutub.

Qeyd edək ki, bundan öncə “Metropol” şirkətinin keçirdiyi sorğuda Ərdoğanın 41,1%, Kılıçdaroğlunun isə 42,6% səs toplayacağı vurğulanmışdı. “Optimar” şirkəti isə namizədlərin müvafiq olar 45,9% və 43,9% səs toplayacağını bildirmişdi.

Göründüyü kimi, hazırkı prezident Ərdoğan seçkilərə təxminən bir ay qalmış əsasən öndə gedir. Bu reytinq səsvermə gününə qədər nə dərəcədə ciddi dəyişikliyə uğraya bilər? Bəs Exit-polu hansı təşkilatlar keçirəcək? Nəhayət, seçkilərdə əhalinin iştirak faizi ilə bağlı gözlənti necədir, budəfəki seçimlərdə daha çox seçicinin iştirakı gözlənilir, yoxsa əksinə? Zəlzələ faktorunun seçici fəallığına təsiri.

Bu arada hakim AKP-dən millət vəkilliyinə namizədlərin siyahısı açıqlanıb. Onların arasında indiki xarici işlər naziri Mövlud Çavuşoğlu və müdafiə naziri Hulusi Akar da var. Belə çıxır, onlar seçkilərdən sonra vəzifələrindən gedəcəklər?

16490635105812141982_1200x630.jpg (272 KB)

BAXCP sədrinin müavini, siyasi şərhçi Elçin Mirzəbəyli Ərdoğanın getdikcə şanslarının artacağını düşünür: “Bir qayda olaraq, seçki təbliğatının aparıldığı dövrdə keçirilən sorğular çox vaxt reallıqları əks etdirmir. Bunların bir hissəsi əgər konkret zaman kəsiyində verilən vədlərə, atılan addımlara uyğun emosional reaksiyanı əks etdirirsə, digər hissəsi isə məqsədyönlü xarakter daşıyır. Auditoriya konkret namizədin mövqeyini müdafiə edəcək şəxslər arasından seçilir. Bütün dünyada qəbul edilən, həyata keçirilən nisbi xarakter daşıyan bir yanaşmadır. Bütün hallarda Türkiyə siyasətində Rəcəb Tayyib Ərdoğanın mövqeyinin kifayət qədər gücü olduğunu söyləmək mümkündür. Bu təkcə seçkiöncəsi addımlarda özünü büruzə vermir. Türkiyənin dünyada güc mərkəzinə çevrilməsində, qlobal miqyasda güc sahibi olmasında, müstəqil siyasət yürütməsində Ərdoğanın misilsiz xidmətləri var. Kimin necə düşünməsindən asılı olmayaraq, türk xalqı qarşısında tarixi xidmətlərdir və bundan sonra da yüz illər boyu xatırlanacaq. İndiki reallığa gəldikdə, verilən vədlərə əsaslansaq, Ərdoğanın əsas rəqibi Kamal Kılıçdaroğlunun səsləndirdiyi fikirlərin çoxunun utopik olduğunu deyə bilərik. Siyasi hüquqlar və digər məsələlərlə bağlı səsləndirdiyi fikirlər birbaşa olmasa da, dolayısı ilə Türkiyənin unitar dövlət olmasını təhdid edir. Bu vədlərin türk xalqı tərəfindən dəstəklənməyəcəyi qənaətindəyəm. Populist xarakterli fikirlər olsa da, hər halda bu fikirlərin daşıyıcıları var. Seçki prosesi yaxınlaşdıqca, qənaətimə görə, atılan addımlar sayəsində Ərdoğanın reytinqinin və səslərinin çoxalacağını düşünürəm. Çünki bir tərəfdə konkret atılan addımlar, oturuşmuş sistem var. Digər tərəfdə isə, sonu bəlli olmayan bir yol var. İndiki şəraitdə hər hansı bir hakimiyyət dəyişikliyi türk dövlətinin və xalqının maraqlarına ziddir. Çünki çətin dönəmdən qardaş ölkəni oturuşmuş, artıq münasibətlər sistemini bütün dünya ilə qurmuş hakimiyyət var. Bunun qarşısında hakimiyyət şərikləri daha çoxdur. Müasir dünyada əsas önəmli olan təhlükəsizlik məsələləridir. Bu baxımdan hesab edirəm ki, Ərdoğanın şansları Kılıçdaroğlu və digərlərini kifayət qədər üstələyir. Bunun da real nəticədə özünü büruzə verəcəyini gözləyirəm. Azərbaycandan verilən proqnozlar, ehtimallar daha realdır. Çünki kənardan baxış bucağı saymaq olar. AK Partinin siyahısında Mövlud Çavuşoğlu və Hulusi Akarın yer almasına gəlincə, burada təəccüblü heç nə yoxdur. Onların millət vəkili seçilmələrin xalqın dəstəkləməsi anlamına gələcək. Bunun hansısa situasiyaya təsir edə edəcəyini düşünmürəm. Deputatlığa namizəd siyahısnda olmaq onların hansısa yüksək postlara gedişlərinə maneələr yaradacaq anlamına gəlmir”.  

18f7e91cd180f84a8490b99f742dd8fa.jpg (119 KB)

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə: “Türk milləti zaman-zaman həyati ulusal seçim qarşısında qalıb. Məsələn, I Dünya Müharibəsindən məğlub ayrılan və Qərb güclərinə qarşı Qurtuluş Savaşı verən türklər tərəfindən Osmanlının üsuli-idarəsini qorumaq, yoxsa demokratik seçimlərlə hakimiyyətin və dövlət idarəçiliyinin təsis edilməsi məsələsi. Bu dilemmaya türk millətinin dərin ağlı sayəsində cavab tapılmışdı. Uzun müddət Qərb oxunda sədaqətlə yer alan Türkiyənin Qərbin ikiüzlü davranışlarına cavab olaraq vaxtilə SSRİ ilə münasibətlərini bərpa etməsində, həmçinin Türkiyə-Rusiya münasibətlərinin Ərdoğan dövründə strateji əməkdaşlıq səviyyəsində inkişaf etdirilməsində həmin dərin millət ağlı ciddi rol oynamışdı. Eynilə digər həyati seçimlərdə dərin millət ağlı Türkiyəni hifz etmiş, milli maraqları ön plana çıxarıb. Məsələn, 15 iyul 2016-cı ildə Ərdoğan hakimiyyətinə qarşı FETÖ-cü  darbe cəhdinə qarşı millət birlik olaraq demokratik təsisatı qorumağı bacardı. 14 may 2023-cü il seçkiləri də bu baxımdan həyati əhəmiyyət daşıyır. Belə ki, burada sadəcə Türkiyədə hakimiyyət dəyişikliyi deyil, ümumiyyətlə regional siyasət, qlobal siyasət faktorları da işin içərisində yer alır. Xüsusilə Türkiyənin Rusiya və Qərblə münasibətlərinin gələcəyi, Şərq və Qərb qarşıdurmasında balans dəyişikləri, tərəflərin özünə ağırlıq qazandırmaq üçün xüsusi çəkisi olan Türkiyəni ələ almaq istəkləri və bu əsnada seçki nəticələri ciddi əhəmiyyət daşıyır. Türk millətinin dərin ağlının bu seçimlərdə ən milli olana qərar verəcəklərini düşünürəm. Təbii olaraq, Qərb oxu anti-Ərdoğandır və Qərbin seçim anketlərinin Kılıçdaroğlunun öndə olduğunu açıqlayır. Bu anketlərin real nəticələri əks etdirmədiyini düşünürəm. Bununla yanaşı yenə Qərb ekspertləri İncə faktoru səbəbilə seçimlərin böyük ehtimalla ikinci tura qalacağını təxmin edirlər.  Hazırda ən çox sual doğuran məqamlardan birisi də məhz budur: “Muharrem İnce namizədlikdən çəkilərsə (ikinci tur) onun səsləri kimə gedəcək?”. “Metropol” şirkəti Memleket Partisi və prezidentliyə namizəd İnce namizədlikdən geri çəkilərsə onun səslərinin Kılıçdaroğlunu 30,5%-lə qalib edəcək deyə açıqlama verib (Ərdoğan bu halda 23,4% səslə ikinci ola bilər). Odur ki, Qərb “6+1” masasını təşkil etməyin qalibiyyətin açarı olduğunu hesab edir. Lakin əminəm ki, Türk milləti bu dəfə də milli maraqlarını ön planda tutacaq. O ki, qaldı nazirlərin millət vəkilliyinə namizədliyinə, bu, təbii olaraq uğurlu namizədlərin və nəticə olaraq partiyanın qalibiyyət şansını artırmaq üçün hesablanmış addım ola bilər. Xüsusilə Fuat Oktay, Süleyman Soylu, Adil Karaismailoğlu, Vahit Kirişçi və Murat Kurum kimi şəxslərin adlarının millətvəkili namizədləri arasında çəkilməsi, onların zəlzələ nəticələrinin aradan qaldırılmasında uğurlu simalar olaraq üzə çıxması səbəbilə AKP üçün avantajlı bir formula hesab edilə bilər. Lakin Türkiyə Anayasasına görə bir millət vəkili cümhurbaşqanı yardımçısı və ya bakan, yəni nazir olaraq təyin olunarsa, millət vəkili görəvindən istefa verməlidir. Eyni qanunu tərsinə oxusaq, millət vəkili seçilən şəxs nazir təyin olunması üçün öz vəzifəsindən imtina etməlidir. Bu təcrübə varmı? Var. 2018-ci ildə seçkilər zamanı Hazine ve Maliye Bakanı Berat Albayrak, İçişleri Bakanı Süleyman Soylu, Dışişleri Bakanı Mevlüt Çavuşoğlu, Adalet Bakanı Abdülhamit Gül əvvəlcə millət vəkili seçilmiş, sonra nazir olaraq təyinat almaları gündəmə gəldiyi zaman, millət vəkilliyindən istefa etmişdilər. Odur ki, Hulusi Akarın AKP və Ərdoğan seçkiləri qazanarsa vəzifədən gedəcəyi gözlənilmir, əski baş verərsə, o zaman Ərdoğanın ciddi və güclü təsirə malik müxalifət gücü olacaq”.

Cavanşir ABBASLI,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR