İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan qalib gəlməsə, nələr olacaqdı? - Təsbitlər  

1215 29.05.2023 11:06 Yazarlar A A

Qardaş ölkə Türkiyə özünün növbəti tarixi sınaq gününü ləyaqətlə başa vurdu! 14 may seçkilərində ll tura qalmış dövlət başçısı seçimi 28 may günü uğurla, başarı ilə tamamlandı. 28 may Azərbaycanın Müstəqillik Günüdür. Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan, müstəqilliyin möhkəmlənməsi üçün əlindən gələni əsirgəməyən əvəzsiz qardaşımız Türkiyənin 28 maydakı seçkilərində yalnız Türkiyə deyil, Azərbaycan-Türkiyə qardaşlığı, bütövlükdə Türk dünyası qazandı!

Qazananlar varsa, uduzanlar da vardır. Bəs kim idi uduzanlar? - Uduzan yalnız Kemal Kılıçdaroğlu deyildi. Anti-Ərdoğan, anti-Türk güclər və güc qazanmaq istəyənlər (ya zəlzələdən ya vəlvələdən) Kılıçdaroğlunun çevrəsində toparlanmışdı. Keçici siyasi maraqları, aldanışları, hətta iyi düşüncələri qoyuram bir qırağa, amma PKKsevərliyi bir qırağa qoymaq olmaz! Ona görə də, 28 Mayda, uzaqlardakı anti-Türk imperialistlər, yanımızdakı Fars-Molla rejimi, aramızdakı qara zolaq Ermənistan və onların bütün havadarları məğlub oldu!

28 may 105 il öncə də belə yaramazlar üçün uğursuz gün olmuşdu. 105 il öncə olduğu kimi dünən də milli iradə - türkün ruhu qalib gəldi! Müdrik Türk xalqı öz möhtəşəm qərarını verdi. Türkiyənin “ərəb baharı” yaşamasının - İraqa, Suriyaya çevrilməsinin qarşısı alındı. Türkiyə gərəksiz savaşlara sürüklənirdi - alınmadı! Türkiyə və Türk dünyası “tək dişi qalmış canavar”ın - Batının əlində alət olmaqdan - yarıköləlik statusundan xilas oldu. Mehmet Akif Ərsoyun Tacəddin dərgahından aldığı mənəvi-ruhi energetika ilə dediyi “Allah bu millətə bir daha “İstiqlal Marşı” yazdırmasın” alxışı yerinə yetdi!

Və əlbəttə, qardaş ölkənin 13-cü dövlət başçısına ilk qutlama zəngi 28 May ruhu ilə Azərbaycandan oldu! Dövlət başçımız İlham Əliyev, bütövlükdə Azərbaycan xalqı bu qələbəyə inanırdı. Heç təsadüfi deyil, hələ 14 mayda - ilk turun nəticələrindən dərhal sonra Prezident İlham Əliyev Prezident Ərdoğana telefonla zəng edərək Cümhur İttifaqının parlaq qələbəsi, səs üstünlüyü münasibəti ilə onu ilk təbrik edən dövlət başçısı olmuşdu.

Dünən gecə Bakı küçələrinin Ankara, İstanbul küçələrindən fərqlənməməsi də dediklərimizin parlaq sübutu oldu!

Nə gözəl təvafüqlükdü: Ankarada, İstanbulda tarixi abidələr, qüllələr, körpülər Azərbaycan bayrağının boyaları ilə süslənmiş, işıqlandırılmışdı - qardaşımız bizim Müstəqillik Günümüzü qutlayırdı; biz isə eyni saatlarda Bakı küçələrində bayraqlarımız əllərimizdə qoşa dalğalana-dalğalana, qoşa-qoşa Atatürk heykəli önünə, oradan Bakı Türk Şəhidliyinə yürüyürdük… Qardaşımızın sevincini bölüşürdük, bölüşürdük ki çoxalsın!

Bundan sonra Azərbaycan-Türkiyə qardaşlığı daha da güclənəcək, qüvvətlənəcəkdir! Türk dünyasının intibahı başlayır! “Şuşa Bəyannaməsi” ilə taclandırılmış Azərbaycan Türkiyə qarşılıqlı yardım birgə fəaliyyəti yeni zirvələr qazanacaq!

Azərbaycan-Türkiyə möhtəşəm qardaşlıq, dostluq, qonşuluq örnəyi bütün Türk dünyasına daha qüvvətli şəkildə sirayət edəcəkdir!
28 May ruhu ilə deyirik: “Buna qətiyyən şübhə etməyiniz, vətəndaşlar”!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR