İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Putinə təzyiq göstərir: Türkiyə lideri dünyanı qorxunc təhlükədən yayındırır

3290 12.10.2022 19:21 Analitika A A

Prezident Rəcəb Tayyib Ərdoğan qlobal fəlakətin “ssenari müəllifləri”nə qarşı təkbaşına müqavimət göstərir… NATO-nun nüvə savaşına hazırlıq təlimlərinə başladığı bir vaxtda, Türkiyə prezidenti növbəti dəfə dünyanı dəhşətli xaos təhlükəsindən xilas etmək imkanlarını sınaqdan çıxarır...

Dünyanın gözü Qazaxıstana dikilib. Çünki, Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan bu ölkəyə səfər edib. Eyni zamanda, Rusiya prezidenti Vladimir Putinin də Astanada olması beynəlxalq siyasi iradə mərkəzlərinin diqqətini çəkir. Hər halda, Türkiyə və Rusiya prezidentlərinin növbəti görüşündən bütün dünya üçün ümidverici nəticələrin çıxa biləcəyi ehtimal olunur.

Məsələ ondadır ki, Türkiyə prezidenti R.T.Ərdoğan Kreml sahibi V.Putin və Qərb liderləri arasında danışıqlar prosesinə başlamaq ideyasına müəlliflik edir. Türkiyə lideri bu prosesdə əsas vasitəçi missiyasını da öz üzərinə götürüb. Üstəlik, prezident R.T.Ərdoğan xüsusi plan və proqram üzrə hərəkət etmək niyyətində olduğunu da qətiyyən gizlətmir.

Maraqlıdır ki, rəsmi Ankara prezident R.T.Ərdoğanın Qazaxıstana səfərindən öncə Kreml sahibi V.Putinin ABŞ da daxil olmaqla, bir neçə Qərb ölkəsinin liderləri ilə görüşünü təşkil etməyi planlaşdırdığını bəyan edib. Rəsmi Ankara Rusiya prezidenti V.Putinin belə bir görüşə qarşı olmadığına da eyham vurub. Və Kreml sahibinin israr etdiyi bəzi şərtlərin qəbul ediləcəyi təqdirdə, görüşün baş tutması qarşısında elə bir əngəlin qalmayacağını vurğulayıb.

25d00be0-f487-40c5-b0af-ccee9172ac98.jpg (106 KB)

Təbii ki, rəsmi Ankaranın bu ideyasına münasibət hələlik birmənalı xarakter daşımır. Belə ki, Kreml rəsmiləri Türkiyə prezidentinə güvəndiklərini gizlətmirlər. Qazaxıstanda Türkiyə və Rusiya prezidentləri arasında görüşün məhz rəsmi Ankaranın ideyasını müzakirə etmək məqsədilə keçiriləcəyini də qabardırlar. Qərb dövlətləri isə hazırda bu məsələ ətrafında susmağa üstünlük verirlər. Qərb siyasi dairələri prezident V.Putinlə görüşün təşkilinə rəsmən etiraz etmədiklərindən bu, dolayısı ilə razılıq kimi qəbul edilə bilər.

Təbii ki, Türkiyə prezidentinin qlobal oyunçular arasında görüş təşəbbüsü hazırda Qərb ölkələri üçün olduqca cəlbedici görünür. Çünki Ukrayna savaşının dünyada yaratdığı situasiya bəşəriyyət üçün yaxşı heç nə vəd etmir. Əksinə, bütün dünya indi sürətlə qlobal xaosa doğru irəliləyir. Və istənilən halda, bu vəziyyətdən yalnız müzakirələrlə çıxmaq mümkün ola bilər.

Bütün bunları nəzərə aldıqda, Ərdoğan-Putin görüşü indi həm Rusiya, həm də bütün dünya üçün çox böyük əhəmiyyət daşıyır. Hər halda, hazırda Ukrayna savaşı artıq geriyə dönüşü olmayan təhlükəli mərhələyə keçmək üzrədir. İndi Ukrayna savaşının tezliklə öz əhatə dairəsini və iştirakçılarının sayını artıra biləcəyi, nəticədə üçüncü dünya müharibəsinin reallığa çevriləcəyi tamamilə inandırıcı görünür.

Digər tərəfdən, Rusiyanın ən çıxılmaz vəziyyətdə nüvə silahından istifadə etmək niyyətinə düşə biləcəyi də qətiyyən istisna olunmur. NATO ölkələri hətta nüvə savaşına hazırlıq xarakteri daşıyan hərbi təlimlərin keçirilməsi barədə qərar da qəbul ediblər. Və bu təlimlər sayəsində NATO ölkələrinin Rusiyadan gözlənilən nüvə zərbəslərinə reaksiyası test olunacaq.

Nəhayət, Ukrayna savaşı ucbatından dünyanın üzləşdiyi çoxsaylı problemlərin sırasında Avropa ölkələrini şaxtalı qış aylarının gözləməsi ilə bağlı olduqca böyük təhlükə də mövcuddur. Belə ki, indi əksər Avropa ölkələrinin əsas problemi qarşıdakı şaxtalı qışdan məhz Rusiya enerji resursları olmadan necə çıxa biləcəkləri ilə bağlıdır. Və prezident V.Putin Avropaya təbii qaz ixracının bərpa oluna biləcəyi ilə bağlı açıq mesajlar verməyə başlayıb.

9d787aa5dbf93b29eee5b487da1cc227.jpg (261 KB)

Məsələ ondadır ki, prezident V.Putin bəzi Qərb ölkələrinin xüsusi xidmət servislərini “Şimal axını-1” və “Şimal axını-2” boru kəmərlərini diversiya törətməklə, sıradan çıxartmaqda suçlayıb. Kreml sahibi anlaşma olacağı təqdirdə, Rusiyanın şaxtalı qış aylarında Avropanı təbii qazla təmin edə biləcəyini bildib. Və bunun üçün Türkiyənin rolunu qabardaraq, “Türk axını” marşrutundan istifadə edilməsinin mümkün olduğunu da vurğulayıb.

Təbii ki, Kreml sahibi bu güzəştləri humanitar məqsədlərlə etmək niyyətində deyil və Rusiyanın xüsusi şərtlərinin, tələblərinin olduğu qətiyyən şübhə doğurmur. Belə vəziyyətdə ən azından Kreml sahibinin şərtlərini öyrənmək, Rusiya ilə danışıqlar və anlaşma imkanları axtarmaq olduqca böyük əhəmiyyət daşıyır. Və bütün dünya üçün böyük əhəmiyyət daşıyan danışıqlar prosesində iştirakçı tərəflərin qəbul edə biləcəyi vasitəçiyə də ehtiyac olmamış deyil.

Bəzi məlumatlara görə, Fransa prezidenti Emmanuel Makron da daxil olmaqla, bir çox Avropa ölkəsinin lideri Rusiya prezidenti Vladimir Putin ilə təmas qurmağa cəhd göstərib. Ancaq Kreml sahibi Fransa prezidenti Emmanuel Makronun və digər Avropa ölkələri liderlərinin telefon zənglərinə ümumiyyətlə, cavab verməkdən qəti şəkildə imtina edib. Bu isə o deməkdir ki, Rusiya və Avropa ölkələri arasında artıq "körpülər yandırılmağa" başlayıb.

Maraqlıdır ki, hazırda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kreml sahibinin siyasi-diplomatik ünsiyyəti əvvəlki kimi, qoruyub saxladığı yeganə dövlət lideridir. Prezident Vladimir Putinin Türkiyə liderinə həm güvəndiyi, həm də etibar etdiyi bildirilir. Türkiyə prezidentinin Ukrayna savaşı ilə bağlı son açıqlamasında ABŞ və Qərbi açıq şəkildə tənqid edib, günahlandırması da Kreml sahibi üçün nəzərə alınacaq önəmli məqamdır.

Yenə də bəzi qeyri-rəsmi məlumatlara görə, Kreml sahibi Türkiyə prezidentinin Rusiya və Qərb dövlətləri arasında aparılacaq danışıqlar prosesində yeganə vasitəçi olmasında israrlıdır. Çünki, məhz rəsmi Ankara Rusiya və Qərb arasında həlledici danışıqların keçirilməsi barədə təkliflərə müəlliflik etməkdədir. Rəsmi Ankara bu danışıqların yaxın vaxtlarda İstanbulda keçirilməsinə cəhd göstərir. Əsas məqsəd Ukrayna savaşının dayandırılması üçün ortaq şərtlərin müəyyən edilməsi, dünyanın normal vəziyyətinə geri qaytarılması, ərzaq böhranı ilə bağlı təhlükənin aradan qaldırılması və s. problemlərin həll edilməsidir.

23abcd0c-f487-4fee-8fff-8fe2f234f364.jpg (100 KB)

Böyük ehtimalla Astarada baş tutacaq Ərdoğan-Putin görüşündə iki lider bütün bu məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar. Bu baxımdan, hesab etmək olar ki, bir müddət öncə "taxıl dəhlizi"nin açılmasına nail olmuş Türkiyə prezidenti R.T.Ərdoğan növbəti dəfə dünyanı xilas etmək imkanlarını sınaqdan çıxartmağa çalışır.

Hər halda, üçüncü dünya müharibəsi və nüvə savaşı ilə bağlı təhlükələr indi bütün dünyanın gələcək taleyini birbaşa təhdid etməyə başlayıb. Dünyanı həmin təhlükələrdən xilas etmək baxımındansa, hazırda məhz Türkiyə lideri demək olar ki, qlobal sülh prosesini təmsil etmək imkanlarına malik olan yeganə dövlət başçısıdır. Və prezident R.T.Ərdoğanın bu prosesdə hansı səviyyədə uğur qazana biləcəyi isə daha çox Qərb ölkələrinin onun imkanlarından istifadə etmək istəyindən birbaşa asılı ola bilər.

Halbuki, hələlik bu istəyin o qədər də qabarıq olmadığı nəzərə çarpır. NATO anlaşma zəmini axtarmaq əvəzinə nüvə savaşına hazırlıq təlimləri keçirtmək niyyətindədir. Bu hərbi-siyasi alyansın baş katibi Yens Stoltenberq isə Rusiyanın Ukrayna savaşında qələbəsinin NATO-nun məğlubiyyəti olacağını bəyan edib. Və Kremldə Y.Stoltenberqin bu bəyanatını həm sülh danışıqlarından yayınmaq cəhdi, həm də NATO-nun Rusiya ilə savaşdığının dolayısı ilə etiraf olunması kimi qəbul edirlər.

Göründüyü kimi, Ukrayna savaşı ətrafında bütün dünyanı xaosa sürükləyən olduqca qəliz situasiya yaranıb. İndi bu savaşın dayandırılması üçün qlobal sülh danışıqların vacibliyini hamı anlayır. Dünyada sülhün və sabitliyin bərpası bütün dövlətlərə lazımdır. Ancaq ABŞ qərar verməyincə, heç bir dövlət bu istiqamətdə addım atmağa cəsarət etmir. Bu baxımdan, prezident R.T.Ərdoğan dünyanı yaxınlaşan qlobal fəlakətdən xilas etmək missiyasını və məsuliyyətini təkbaşına öz üzərinə götürməyə hazır olan yeganə dövlətin lideri kimi diqqət mərkəzindədir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR