İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əmoğlu” niyə “qardaş”dan artıq oldu? – Türkiyənin jesti, İranın qəsdi...

4921 26.11.2022 17:20 Analitika A A

Sovet dövrünün axırıncı illəriydi, totalitarizmin hökm sürdüyü dövlətin dəmir pərdələri yavaş-yavaş ipək pərdələrlə əvəz olunanda, qonşu dövlətlərlə gediş-gəliş başlandı, Azərbaycanla Türkiyə və İranın arası, yaxşı mənada, açıldı. Azərbaycanlılar hər iki ölkədə yaşayan qohumlarının yanına getdilər, onlar da buraya gəldilər, qarşılıqlı əlaqələr intensivləşdi.

Ancaq 1990-cı illərin əvvəlində Azərbaycan öz müstəqil dövlətçiliyini 71 ildən sonra bərpa edəndə Azərbaycan-Türkiyə və Azərbaycan-İran münasibətlərində keyfiyyət dəyişikliyi baş verdi.

Düzdür, bundan əvvəl, 1990-cı ilin yanvarında sovet-rus rejimi Bakıya xarici qüvvələrdən müdafiə olunmaq üçün nəzərdə tutulmuş ordu birləşmələri yeridərək, Bakını qana bələyəndə İran da, Türkiyə də neytral mövqe tutmuş, SSRİ-nin daxili işlərinə qarışmamışdılar, ancaq ölkəmiz müstəillik əldə etdikdən sonra Türkiyəni idarə edənlərin Azərbaycana münasibəti istiləşməyə doğru gedərkən eyni hərarət İrandan sezilmədi. Əksinə, qəribə bir soyuqlaşma müşahidə olundu.

Tezliklə siyasətşünaslar bunun əsl səbəbini təsbit etdilər və bildirdilər ki, bu, İranın müstəqil Azərbaycanı özü üçün təhlükəli saymasına görədir, Tehranda və Qumda oturaraq İranı idarə edənlər düşünürlər ki, Azərbaycan dövlətinin varlığı, get-gedə güclənməsi bu ölkədə yaşayan çoxmilyonluq Azərbaycan türkləri üçün nümunə, ümid çırağı ola bilər və bu amil İranda separatçı hərəkatlara stimul verər.

Без названия (1).jpg (14 KB)

Əslində başı öz problemlərinə qarışmış, Rusiyadan təhlükəsiz məsafəyə qədər aralanmaq, Ermənistanın işğal etdiyi torpaqları geri almaq kimi müşküllərini həll etməyə çalışan Azərbaycan dövləti öz müstəqillik hərəkatını harasa ixrac etmək fikrindən uzaq idi.

Əksinə, İranda düşünürdülər ki, Azərbaycan islam inqilabının ixrac edilməsi üçün xam və əlverişli məkandır - əhalisi dini etiqad və məzhəb etibarilə şiədir, uzun illərin yasağından sonra ölkədə dinə meyllənmə güclüdür, üstəlik, yenicə bir ağanın boyunduruğundan xilas olmuş bir xeyli insan yeni ağa axtarışına çıxıb və s.

İran Azərbaycana bu meyar və niyyətlərlə yanaşarkən Türkiyə fərqli yol tutdu. Azərbaycanın və Türkiyənin siyasətçiləri arasında iqtidar-müxalifət fərqi qoyulmadan qarşılıqlı əlaqələr gücləndi, hər iki ölkənin ədəbiyyat, mədəniyyət, incəsənət xadimlərinin gediş-gəlişləri intensivləşdi, ayrıca iki ölkənin sıravi vətəndaşlarının bir-birilə ailə qurması əsasında yeni qohumluqlar artdı.

666.jpg (25 KB)

                  1990-cı illərdə Türkiyənin baş naziri olmuş Tansu Çillər və Məsud Yılmaz

Türkiyədə iqtidar komandaları dəyişdikcə Azərbaycana münasibət daha da istiləşməyə başladı. Türkiyəli siyasilər öz açıqlamalarında ölkəmizin haqq işinin müdafiəçisi olduqlarını bildirir, beynəlxalq arenada ölkəmizin maraqlarının keşiyində durur, sammitlərdə, konfranslarda rəsmi Bakının təklənməsinə imkan vermir, Ermənistanın aqressor olduğunu hər fürsətdə bildirir, bu ölkənin qoşunlarını Qarabağdan çıxarmasını tələb edirdilər. Bütün bu fəaliyyətlər Azərbaycan icitmaiyyətində adekvat reaksiya doğururdu və Türkiyəyə rəğbət və sevgi günü-gündən artırdı.

Bu ərəfədə İran Qarabağ və şərqi Zəngəzurdan didərgin düşmüş vətəndaşlarımıza müəyyən qədər ərzaq yardımı göstərsə də, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün heç bir tələb səsləndirmirdi. Əksinə, işğal olunmuş yaşayış məntəqələrimizin sökülüb-daşınmasında bu ölkənin vətəndaşları ermənilərlə ortaqcasına hərəkət edirdilər. Daha sonra İran və Ermənistan qarşılıqlı ticarət əlaqələrini gücləndirdilər, birgə müəssisələr təsis etdilər, gediş-gəlişləri, yardımlaşmaları artdı.

aaa706965e5f1810d88442461f9850e6 (1).jpg (95 KB)

Ona görə də 90-cı illərin ortalarında İranın səlahiyyətlilərindən biri, əslən Azərbaycan türkü olan şəxs Türkiyənin Azərbaycanda İrandan daha çox sevilməsini nəzərdə tutaraq, eyni zamanda İran əhalisinin yarısının Azərbaycan türkü, eyni zamanda şiə olduğuna eyham edərək, “əmoğlu gəlib qardaşdan artıq olub” deyəndə, bu, ictimaiyyət tərəfindən yaxşı qarşılanmadı və əmoğlunun nəyə görə qardaşdan artıq olduğuna dair xeyli mülahizələr səsləndi.

Gerçəkdən də bu necə qardaşlıq idi ki, arada xeyli söz-söhbət, umu-küsü, problemlər vardı? Amma “əmoğlu” adlandırılanlar qardaşdan artıq olmuşdular və “bir millət – iki dövlət” şüarı hər iki ölkənin cəmiyyətlərinin bütün təbəqələrinə sirayət edərək dillər əzbəri olmuşdu.

Bu gün də elədir. Azərbaycan və Türkiyə, demək olar ki, qeyri-rəsmi konfederativ dövlətə çevriliblər. Hər iki dövlət siyasi, hərbi, iqtisadi, mədəni və digər sferalarda əməkdaşlıq və tərəfdaşlığın ən pik səviyyəsinə çatıblar. Türkiyə və Azərbaycanın əlaqələri o qədər çoxşaxəlidir ki, bu ölkələrdə iqtidarlar dəyişsə də, qardaşlıq siyasətində heç bir dəyişikliyin olması mümkün görünmür. Hansı siyasi qüvvə bu büsatı pozmaq istəsə, anındaca “antimilli qüvvə” adlandırıla bilər.

777.jpg (65 KB)

Məsələnin rəsmi tərəfinə gəlincə, ortada daşdan keçən sazişlər, müqavilələr, kommunikelər, bəyannamələr, ən ümdəsi bütün bunlara sözsüz riayət edəcək ali iradə var.

Ona görə də bu gün hansısa xarici dövlətin Azərbaycanı kiçik dövlət sayaraq təhdid etməsi, onun öz yolundan çəkindirməyə çalışması havayı söhbətdir. Hər iki dövlət 102 ildən bəri arzu etdikləri konsolidasiyaya nail olub və bu, hələ son deyil. Türkiyə və Azərbaycan qiyamətədək birlikdə olmağa, bir-birinin yardımına yetişməyə hazır olan sağlam müttəfiqlərdir. Bunun əyani sübutu 44 günlük Qarabağ müharibəsində bütün dünyaya nümayiş etdirildi.

888.jpeg (63 KB)

Hər iki ölkənin lideri bu dostluq-qardaşlıq büsatının dəyərini bilir və yüksək qiymətləndirirlər. Prezident İlham Əliyevin son illərdə Türkiyə barədə danışarkən aşağıdakı sözləri dilə gətirib: “Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir”; “Hər yerdə Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və bu, zəmanəmizin tələbidir”; “Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir” və s.

Bu baxımdan ölkəmizə yaşıl və ya başqa rəngli inqilablar ixrac etmək, casus şəbəkələri saxlamaq, təxribatçı qüvvələr formalaşdırmaq istəyənlər anlamalıdır ki, bu, mümkün olmayacaq. Azərbaycan xalqı dostunu-düşmənini bir-birindən asan ayıracaq qədər müdrikdir, fitnələrə uyan deyil və tarixi boyunca bunu dəfələrlə sübut edib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR