İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əməyin Mühafizəsi Mərkəzi” hansı zərurətdən yarandı - yeni qurum hansı yeniliklərlə gəlir...

1205 25.05.2023 09:14 İqtisadiyyat A A

Sahib Məmmədov: “Azərbaycanda əməyin mühafizəsi sahəsində ciddi problemlər var”

Azərbaycanda əmək münasibətlərinin tənzimlənməsi, xüsusilə əməyin təhlükəsizliyinin təmin olunması sahəsində uzun müddətdir mövcud olan problemlər qalmaqdadır.  Hər il ölkədə əməyin  təhlükəsizliyinin təmin olunmasına dair qanunvericiliyin tələblərinə əməl olunmaması üzündən yüzlərlə  istehsalat qəzaları baş verir. Bir çox hallarda işəgötürənlərin səyi ilə bu qəzalar istehsalat qəzası kimi rəsmi qeydiyyata salınmır. Bunun əsas səbəbləri sırasında işçilərin çoxunun əmək müqaviləsi olmadan işlədilməsi, həmçinin işəgötürənlərin əməyin təhlükəsizliyi tələblərinə əməl olunması sahəsində səhlənkar davranışı mühüm yer tutur.

Müstəqil mənbələrin verdiyi məlumata əsasən, təhlükəli iş şəraiti olan bir sıra sahələrdə - tikinti, tikinti materiallarının istehsalı, infrastruktur obyektlərinin istismarı və sair, - istehsalat qəzalarının üçdə biri ancaq qeydə alınır. İşəgötürənlər istehsalat qəzaları halında üzləşəcəkləri araşdırma, məsuliyyətə cəlb olunma, cərimələnmə və sair cəzalardan yayınmaq üçün qəzada xəsarət alan işçilərə, yaxud həyatını itirənlərin yaxınlarına müəyyən məbləğ ödəməklə işin rəsmiləşməsinin qarşısını alırlar. Burada işəgötürənlərin məsuliyyətsizliyi ilə yanaşı, istehsalat qəzasına görə çoxsaylı dövlət qurumlarının bir sıra hallarda qanunsuz təzyiqləri də rol oynayır: ərazisində iş prosesi zamanı ölüm halı qeydə alınan müəssisənin sahibi bəzi qurumların vəzifəli şəxslərinin qeyri-rəsmi ödəniş tələbləri ilə üzləşirlər. Bu tələblərlə üzləşmək istəməyən sahibkarlar işi elə qəzada xəsarət alan işçilərin özləri, yaxud həyatını itirənlərin yaxınları ilə yoluna qoymağa çalışırlar.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2019-cu ildə Azərbaycanda istehsalatda bədbəxt hadisələr zamanı əmək qabiliyyətini itirən və ölənlərin sayı 302 nəfər, 2020-ci ildə 250 nəfər, 2021-ci ildə 327 nəfər olub. Onlardan həyatını itirənlərin sayı müvafiq olaraq 63 nəfər, 48 nəfər və 51 nəfər təşkil edib. Ölkə üzrə əməyin mühafizəsinə çəkilən xərclər 2019-cu ildəki 62,1 milyon manatdan 2021-ci ildə 66,1 milyon manata yüksəlib.

Azərbaycan hökumətinin bu il Milli Məclisə təqdim etdiyi hesabatdan aydın olur ki, 2022-ci ildə istehsalatla bağlı 237 bədbəxt hadisənin təhqiqatı aparılıb, 12-si qrup halında olan bu hadisələr nəticəsində 34 nəfər vəfat edib, 247 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Sənəddə qeyd olunur ki, istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı nəticəsində 281 nəfər zərərçəkmiş şəxsə “İZ” (istehsalat zədəsi) formalı aktın verilməsi təmin olunub. Aparılmış təhqiqatların nəticəsi olaraq işəgötürənlərə əməyin mühafizəsi tələblərinin təmin edilməsi ilə bağlı 1027 göstəriş verilib.

2022-ci il ərzində Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işəgötürənlərə ƏMAS-da xəbərdarlıqların yerləşdirilməsi, SMS bildirişlərin, məktubların göndərilməsi, onlarla görüşlərin keçirilməsi kimi tədbirlər görülüb. Tədbirlər nəticəsində 324 işəgötürənə törədilmiş inzibati xətalara görə DƏMX-nin vəzifəli şəxsləri və məhkəmə orqanları tərəfindən vaxt və hüquqi şəxslər barəsində inzibati qararlar qəbul edilərək 738 min manat məbləğində cərimə tətbiq edilib. 4,9 min işəgötürən tərəfindən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunması ilə bağlı müqavilələrin bağlanılması təmin edilib.

Mayın 23-də Prezident İlham Əliyev “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" fərman imzalayıb. Fərmanla iki ay müddətində Dövlət Əmək Müfəttişliyi Xidmətinin mərkəzi laboratoriyasının əsasında xidmətin tabeliyində olmaqla “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsi yaradılacaq və bu barədə dövlət başçısına məlumat veriləcək.

Mərkəz işəgötürənlərə əməyin mühafizəsi və iş yerlərinin attestasiyası sahələrində xidmətlər göstərəcək, eləcə də bu sahələrdə təlimlər keçirəcək. İşəgötürənlərə əmək hüquqları, əməyin mühafizəsi və əməyin təhlükəsizliyi sahəsində məsləhət xidmətləri verilməsini, metodiki dəstəyi təmin edəcək.

Mərkəzin saxlanma xərcləri və fəaliyyəti Dövlət Əməyin Mühafizəsi Fondundan ayırmalar, fəaliyyətindən əldə edilən gəlir və qanunla qadağan olunmayan digər mənbələrdən maliyyələşdiriləcək.

ƏƏSMN-də hesab edirlər ki, Prezident İlham Əliyevin yeni Fərmanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətini optimallaşdırılmasına, həmçinin əməyin mühafizəsi və iş yerlərinin attestasiyasının keçirilməsi sahəsində idarəetmənin təkmilləşdirilməsinə xidmət edir.

Məlumat üçün bildirək ki, Azərbaycanda işçilərin istehsalatda bədbəxt hadisələrdən icbari sığortalanması prosesi 2011-ci ildən başlayıb. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta edilməsi 2010-cu ildə qəbul və təsdiq edilən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Resbublikasının Qanunu ilə tənzimlənir. Qanunun 3.1-ci maddəsinə əsasən, əmək fəaliyyəti ilə məşğul olan aşağıdakı şəxslər sığorta olunmalıdır:

- Əmək müqaviləsi və mülki-hüquqi xarakterli müqavilə bağlamaqla işçi işə cəlb edən fiziki və hüquqi şəxslər;

- İstehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər;

- Müəssisələrdə işə cəlb edilən hərbi qulluqçular;

- Fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər;

- Məcburi dövlət sosial sığortasına cəlb olunması nəzərdə tutulan seçkili ödənişli vəzifələrdə işləyənlər (Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları istisna olmaqla);

- Təbii fəlakətlərin qarşısının alınmasına və nəticələrinin aradan qaldırılmasına, habelə hərbi və fövqəladə vəziyyət rejimində işlərin yerinə yetirilməsinə cəlb edilən şəxslər.

Sığorta olunmuş şəxslərə sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən bədbəxt hadisə nəticəsində ortaya çıxan aşağıdakı hallarla əlaqədar sığorta təminatı verilir:

- Ölüm;

- Əmək qabiliyyətinin daimi tam itirilməsi;

- Əmək qabiliyyətinin daimi qismən itirilməsi;

- Əmək qabiliyyətinin müvəqqəti tam itirilməsi;

- Əmək qabiliyyətinin müvəqqəti qismən itirilməsi.

Yeni yaradılan fond ölkədə əməyin mühafizəsi sahəsində hansı işləri görə bilər? Ümumiyyətlə, Azərbaycanda əmək qəzalarının sayının azalması üçün hansı addımları atılmalıdır?

Əmək Hüquqlarını Müdafiəsi Liqasının rəhbəri, əmək hüquqları sahəsində ekspert Sahib Məmmədovun “Yeni Müsavat”a dediyinə görə, 2011-ci ildən qüvvədə olan “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna əsasən hər bir işəgötürən öz işçilərini peşə xəstəlikləri və istehsalatda bədbəxt hadisələr hallarından sığortalamalıdılar: “Nazirlər Kabinetinin qərarına əsasən iş yerləri 14 qrupa bölünüb, hər qrup üzrə sığorta faizi və əmsallar müəyyənləşdirilib. Hazırda Azərbaycanda məşğul şəxslərin təxminən 20 faizi bu qanun əsasında istehsalatda bədbəxt hadisə və peşə xəstəliklərindən icbari sığorta olunur. Çünki ölkə üzrə cəmi 1,7 milyondan bir qədər artıq şəxs rəsmi əmək müqaviləsi əsasında işləyir. Qalan şəxslərlə əmək müqaviləsi bağlanmır. İşçilərin və işəgötürənlərin ödədiyi sığorta haqları sığorta şirkətlərində toplanır. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi belə hesab edir ki, sığorta haqqının toplanması ilə iş bitməməli, iş yerlərində istehsalat qəzalarının baş verməsinin qarşısını almağa yönəlmiş profilaktika tədbirləri də həyata keçirilməlidir. Yəni elə edilməlidir ki, istehsalatda daha az qəza və peşə xəstəliyi halları baş versin. Bu məqsədlə Əməyin Mühafizəsi Mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış etdi. Artıq Prezidentin müvafiq fərmanı da var. Bildiyim qədər, mərkəzin fəaliyyətini sığorta şirkətləri maliyyələşdirəcəklər - topladıqları icbari sığorta haqları hesabına. Mərkəz qəzaların qarşısını almaq üçün preventiv işlərlə məşğul olacaq, qəza riski yüksək olan iş yerlərində təlimlər təşkil edəcək, maarifləndirmə həyata keçirəcək, əməyin təhlükəsizliyinin təmin olunması üçün zəruri olan addımları izah edəcək”.

Liqa rəhbəri deyir ki, Azərbaycanda əməyin təhlükəsizliyinin təmini sahəsində ciddi problemlər var: “Əvvəla, onu deyim ki, 2015-ci ildən Dövlət Əmək Müfəttişliyi Xidmətinin sahibkarlıq subyektlərində yoxlamalar aparmasına məhdudiyyət qoyulub. Amma artıq BMT-nin iqtisadi, sosial və mədəni hüquqlar üzrə komitəsi Azərbaycandan belə yoxlamaların bərpasını tələb edir. Komitə bildirir ki, yoxlamaların aparılmaması işçilərin hüquqlarının pozulmasına gətirib çıxarır. Yoxlamaların olmaması nəticəsində təbii ki, işəgötürənlərin məsuliyyət hissi azalır: işçilər zəruri mühafizə vasitələri və texnikası  ilə təmin olunmur, tibbu müayinədən keçirilmir və sair. Bu da ondan irəli gəlir ki, əməyin mühafizəsi avadanlıqları, texnikası və vasitələri baha başa gəlir. Belə xərclərdən yayınmaq üçün sahibkarlar, məsələn, yüksəkmərtəbəli binaların  tikintisində qoruyucu kəmərlər alınmır, işçilərin hündürlükdən yıxılması halında onları saxlayacaq qoruyucu tor çəkilmir, xüsusi geyimlə təminat yoxdur, yaxud təhlükəli maddələr düzgün saxlanmır, zəhərli qazlarla işlənilən yerlərdə zəruri mühafizə vasitələri tətbiq olunmur və sair. Yeni yaradılan mərkəz bu kimi halların baş verməsinin qarşısını almaq üçün tədbirlər görməlidir”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR