İnsanlara hürriyət, millətlərə istiqlal!

Elman Rüstəmovsuz Mərkəzi Bank: nələr dəyişməlidir – iqtisadçı alimdən təklif

1162 01.06.2022 20:23 İqtisadiyyat A A

“Mərkəzi Bankın faiz dərəcələrini yüksəltməsi iqtisadi aktivliyi azaldıb, işsizliyi isə artırıb”

Mayn 31-də Milli Məclisdə “Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvlərinin təyin edilməsi haqqında” məsələyə baxılıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, Azərbaycan Prezidentinin imzası ilə Milli Məclisə Mərkəzi Bankın İdarə Heyətinin səlahiyyət müddəti başa çatmış üzvlərinin yerinə iki yeni namizədin - Rəşad Temraz oğlu Orucovun və Əliyar Qəhrəman oğlu Məmmədyarovun təqdimatları daxil olub. Tahir Mirkişili Mərkəzi Bankın İdarə Heyətinin təşkili prinsiplərindən və onun üzvlərinə qanunvericilikdə qoyulan tələblərdən danışıb, təqdim olunan namizədlərin bu tələblərə cavab verdiyini bildirib. O, Rəşad Orucovun və Əliyar Məmmədyarovun iş təcrübələri barədə məlumat verib. Qeyd edib ki, bank sektorunda 24 illik iş təcrübəsinin 22 ili Mərkəzi Bankla bağlı olan Rəşad Orucov 11 ilə yaxındır Mərkəzi Bankın baş direktorudur. Əliyar Məmmədyarov isə Mərkəzi Bankda 21 ilə yaxın iş təcrübəsinə malikdir və onun da son 6 ilini Mərkəzi Bankın sədrinin müşaviri vəzifəsində çalışıb. Onların iş təcrübəsi, peşə keyfiyyətləri və makro-iqtisadi baxışlarını xarakterizə edən komitə sədri hər ikisini layiqli namizəd kimi dəyərləndirib. Müzakirələr zamanı çıxış edən komitə sədrinin müavini Əli Məsimli, komitə üzvləri Vahid Əhmədov, Mahir Abbaszadə, Vüqar Bayramov, Elnur Allahverdiyev, Rüfət Quliyev hər iki namizədin peşəkarlıqlarını, bank sisteminin təkmilləşdirilməsinə verdikləri töhfələri qeyd ediblər və onların Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə namizədliyini dəstəklədiklərini bildiriblər.

İctimaiyyətdə Mərkəzi Bankın yeni rəhbəri və İdarə Heyətinin yeni üzvləri barədə müzakirələr aparılır, bir sıra suallar verilir. Bir çoxları hesab edir ki, dəyişikliklər bahalaşmaya səbəb olacaq. Bəs görəsən, onların işini, fəaliyyətlərini indidən qiymətləndirmək mümkündürmü?

İqtisadçı alim Vüsalə Əhmədova mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh edib:

“Ötən ay Elman Rüstəmov Mərkəzi Bankın sədri vəzifəsindən azad edildi, yerinə “PAŞA Bank” ASC-nin İdarə Heyətinin sədri və baş icraçı direktoru olan Taleh Kazımov təyin edildi. Rüstəmov 1995-ci ildən Mərkəzi Bankın rəhbəri idi, bir şəxsin 27 il eyni vəzifədə olması bir tərəfdən də Azərbaycan reallıqlarını göz önünə gətirir. Milli Məclis Mərkəzi Bankın İdarə Heyətinin səlahiyyət müddəti başa çatmış üzvlərinin yerinə iki yeni təyinata gəlincə, bu şəxslərin vəzifələrində nə qədər səriştəli olacaqlarını təbii ki, zaman göstərəcək.

İlk öncə, Mərkəzi Bankın hansı fəaliyyətə xidmət etməsinə aydınlıq gətirmək istərdim. MB bir ölkənin pul siyasətinə cavabdeh olan yeganə qurumdur. Əsas məqsədi ölkə valyutasının emissiyası və tədavülünə nəzarətdir. Daha ətraflı desək, ölkədə qiymət sabitliyinin qorunması, yəni inflyasiya və deflyasiyaya səbəb olmadan pul kütləsinin idarə edilməsi məqsədilə pul siyasəti alətlərindən müstəqil şəkildə istifadə etmək. Ölkənin qızıl-valyuta ehtiyatlarının saxlanması və idarə olunması, pul və valyuta bazarları ilə bağlı tənzimləyici tədbirlərin görülməsi də Mərkəzi Bankın üzərinə düşür. Bundan əlavə, ehtiyatsızlıq və saxtakarlıq kimi hallara qarşı kommersiya banklarına və digər maliyyə qurumlarına nəzarət etmək kimi səlahiyyətlərə də malikdir. Öncəliklə onu qeyd edim ki, MB hökumətin siyasi təsirlərinə məruz qalmamaq üçün müstəqil qurum olmalıdır. MB-ın fəaliyyət istiqamətləri zatən qanunlarla tənzimlənir. Burada müstəqillik dedikdə nə başa düşülür? Yəni, pul siyasəti alətlərindən istifadədə hökumətdən asılı olmadan müstəqil qərar qəbul etmək. Məsələn, günümüzdə FED, Avropa Mərkəzi Bankı, İngiltərə Mərkəzi Bankı, Türkiyə Respublikası Mərkəzi Bankı müstəqil qurum sayılırlar”.

Ekspert qeyd edib ki, Mərkəzi Bankın ən vacib fəaliyyət istiqaməti ölkədə qiymət sabitliyini təmin etməkdir:

“Hansı ki, bunun üçün də uçot dərəcələrindən istifadə edir. Tədavüldə olan pul kütləsi artdıqda MB uçot dərəcəsini qaldırır, bu zaman kommersiya banklarının da faiz dərəcələri yüksəlir və kreditdən istifadə azalır. Bunun nəticəsində də, ölkə valyutasının dəyəri yüksəlir və inflyasiyanın qarşısı alınmış olur. Tam əksinə, tədavüldəki pul kütləsi azaldıqda MB uçot dərəcəsini aşağı salır və bu zaman kreditdən istifadənin həcmi də artır. İnflyasiyaya və ya deflyasiyaya nəzarət etmək üçün hər iki alətdən istifadə olunur. Ancaq onu da bildirim ki, faizləri artırmanın müsbət təsirləri olduğu kimi, mənfi təsirləri də kifayət qədərdir. Məsələn, ən neqativ təsiri investisiyaların azalmasına səbəb olmasıdır. Bu zaman dolayısıyla da, ölkədə məşğulluğun azalması və eyni şəkildə iqtisadi artımın da geriləməsi baş verir. Daha sadə dildə desək, sərt pul-kredit siyasətindən istifadə zamanı kredit faizləri yüksəldiyi üçün, investorlar yüksək xərclər səbəbindən investisiya qoymaqdan imtina edir. Nəticədə, iqtisadi durğunluq və işsizlik baş verir”.

V. Əhmədova əlavə edib ki, Azərbaycan Mərkəzi Bankı uçot dərəcələrini yüksəltməsini dünya bazarında qiymət artımı, ticarət tərəfdaşı olan ölkələrdə yüksək inflyasiya səviyyəsi və inflyasiya gözləntilərinin yüksəlməsi ilə əsaslandırır:

“Mərkəzi Bankın son illər üzrə uçot dərəcələrinə nəzər yetirsək, durmadan faiz dərəcələrinin yüksəldiyinin şahidi olarıq. Bununla da, ölkədə kredit faizləri olduqca yüksəlir, iqtisadi aktivlik azalır, investisiya qoyuluşu geriləyir və nəticədə işsizlik artır. Məsələn, 2014-cü ildə uçot dərəcələri 3% olduğu halda, 2016-cı ildə qədər tədricən 15%-ə qədər yüksəldilib. İnflyasiyanın artması ilə bərabər başladılan faiz artımı bir müddət sonra xərcləri artıraraq inflyasiyanın artmasına gətirib çıxarır. Yəni, uçot dərəcələrinin yüksəldilməsi qısa müddətdə effektiv olsa da, uzun müddətdə əksinə inflyasiyaya səbəb olur. Buradan belə nəticə çıxarmaq olar ki, MB uçot dərəcələrini endirməklə risk etmək istəmir.

Ancaq onu da qeyd etməliyəm ki, MB-ın uçot dərəcəsini yüksəltməsi və ya azaltması ölkəmizdəki kommersiya banklarının kredit faizlərinə o qədər də təsir göstərmir. Nəzərinizə çatdırım ki, 2018-ci ildən etibarən bu ilə qədər MB uçot dərəcəsini tədricən hər il azaltdı, hazırda 6,5% səviyyəsindədir. Buna rəğmən kommersiya banklarının kredit faizlərində hər hansı bir dəyişiklik görürükmü? Belə çıxır ki, ölkəmizdə MB-ın kommersiya banklarının kredit fazilərinə təsir imkanı məhduddur”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR