İnsanlara hürriyət, millətlərə istiqlal!

Əliyev və Putinin telefon danışığının sirri - Qarabağda antiterror başlayır?

2283 16.02.2023 09:52 Siyasət A A

Politoloq: “Bu telefon danışığının yaxın dövrdə hərbi əməliyyatlara hansısa formada hazırlıq olub-olmadığını birmənalı söyləmək çətindir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon söhbəti zamanı iqtisadi-ticari əməkdaşlığın, o cümlədən energetika və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirilməsi perspektivləri geniş müzakirə olunub. Cənubi Qafqaz regionunda cari vəziyyət barədə də ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin təmin olunması məqsədilə ardıcıl tədbirlərin görülməsinin əhəmiyyəti qeyd edilib.

Bu kontekstdə Rusiya, Azərbaycan və Ermənistan arasında yüksək səviyyədə əldə olunmuş müvafiq razılaşmaların qeyd-şərtsiz yerinə yetirilməsinin vacibliyi vurğulanıb. Təmasların müxtəlif formatlarda davam etdiriləcəyi qeyd olunub.

Bir sıra siyasi analitiklər hesab edir ki, bu danışıqlarda “Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin təmin olunması” detalına diqqət yetirməyi Bakı təklif edir. Bəllidir ki, Azərbaycanın və Rusiyanın iradəsinə zidd olaraq, Ermənistan rəhbərliyinin təkidli dəvəti və Avropa İttifaqının da başınabuyruq qərarı ilə məhz Ermənistan-Azərbaycan sərhədlərinə müşahidəçi missiyanın yerləşdirilməsi qərara alınıb. Bu missiyanın böyük bir qisminin hərbçi-kəşfiyyatçı kontingentinə aid olması da şübhə doğurmur. Ermənistanın xarici ölkələrlə sərhədlərini qorumaqda mükəlləf olan Rusiyanın belə bir durumdan narazı olduğu da bəllidir. Rəsmi Bakı da Avropa İttifaqı müşahidə missiyasının onun iradəsinin ziddinə sərhədlərinə yerləşdirilməsinə etirazı var. Belə anlaşılır ki, sərhəd məsələsində rəsmi Bakı ilə Kreml arasında təsadüfi mənafe ortaqlığı var. Azərbaycan belə bir unikal fürsətdən necə istifadə edə bilər?

Vladimir Putinlə İlham Əliyev arasında telefon danışığı olub - Şafaqna  Azərbaycanca

Daha bir xüsusi məqam da var. Yayılan rəsmi mətndən də göründüyü kimi, prezidentlər arasında telefon danışığında  “Rusiya, Azərbaycan və Ermənistan arasında yüksək səviyyədə əldə olunmuş müvafiq razılaşmaların qeyd-şərsiz yerinə yetirilməsinin vacibliyi vurğulanıb”.

Hər kəsə bəllidir ki, bu razılaşma məhz erməni tərəfinin təxribatları ilə davamlı şəkildə pozulur. Xüsusən də Azərbaycanın dünya birliyi tərəfindən qəbul olunan legitim ərazisində - Qarabağın bir hissəsində erməni separatçıları yuva qurublar, silahlı banda şəklində təsisatlara malikdirlər, qeyri-qanuni idarəetmə strukturları yaradaraq, onları “hakimiyyət” qolları elan ediblər. Bütün bunlar Azərbaycana tam əsas yaradır ki, öz ərazisində “banda” şəklində formalaşmış təsisatları ləğv etsin, ona və qanunlarımıza tabe olmayan şəxsləri nəzarət altına alaraq, ölkənin bütün perimetri boyunca suverenliyi təmin etsin. Azərbaycana bu haqqı həm də 10 noyabr 2020-ci ildə imzalanmış və haqqında söhbət gedən üçtərəfli saziş də verir. Bu sazişdə isə təminatçı hakim tərəf Rusiya, konkret halda, V.Putindir. Prezident İlham Əliyevin təşəbbüsü ilə baş tutan telefon danışığında məhz bu məqamın qabardılması və 3 tərəfli bəyannaməyə istinad edilməsi çox mühüm məqamlardan xəbər verir.

Əcəba, Azərbaycan Ermənistanın konstruktivlikdən uzaqlaşdığını, sülh müqaviləsi ilə bağlı qeyri-müəyyənliyin, oyunbazlığın davam etməsini, sərhədlərin delimitasiya-demarkasiyası prosesinə start verilməsi ilə bağlı bütün anlaşmaların sabotaj edildiyini, Qarabağdakı separatçıların isə artıq əndazəni aşdıqlarını görüb, qəti addımlara start verdiyinin başlanğıcımı, bu telefon danışığı? Ötən ilin mart ayında başlayan 4 günlük Fərrux dağı əməliyyatını, daha sonra isə Ağdərə-Sərsəng su anbarı istiqamətində ordumuzun mövqelərini yaxşılaşdırması prosesini məhz Rusiya Prezidenti Vladimir Putinin israrlı xahişi və verdiyi sözlər dayandırmışdı. O sözlər də həyata keçmədi: Xocalı geri qaytarılmadı, Sərsəng Azərbaycanın daimi nəzarətinə  verilmədi. Bir yandan da Vardanyan-Araik çetesinin oyunbazlığı Qarabağdakı ermənilərin ağıl və siyasi tarazlığını pozur. Belə bir məqamda, Azərbaycanın öz maraqlarından və legitim haqlarından çıxış edərək, hər şeyi özünün, vasitəçilərsiz həll etməyə qalxması  mümkün görünür.  Mümkündür ki, ortada öncədən hazırlanmış hərbi-siyasi plan da vardır. Və bu plan hazırda aktiv danışıqlar mərhələsidir. Onun yerüstü hərəkət mərhələsinin də yaxında olduğu iddia edilə bilər.

İddia demişkən, bugünlərdə qəzetimizə yaxın bir politoloqa sual verdik ki, sizcə, Prezident Əliyev zəlzələdən sonra Türkiyəyə niyə getmədi?

Cavabı bu oldu: “Mənim fikrimcə, Ali Baş Komandanın Bakıda (ölkədə) qalmasını vacib edən qlobal məsələlər, öncədən planlaşdırılan ölkəmiqyaslı proseslər  var. Təbii ki, bunu Türkiyə də bilir və hər şey ortaq məsləhətləşmələr, ortaq qərarlarla baş verir ...” 

Bəs regionda sülhə vadaretmə naminə geniş çaplı hərbi əməliyyatlar başlaya bilərmi?

Elxan Şahinoğlu: “Erməni dili universitetlərimizdə peşəkar tədris  olunmalıdır”

 Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı zərurətdən yaranıb. Avropa İttifaqı missiyasının Ermənistanın baş naziri tərəfindən təmas xəttinə yaxın ərazidə yerləşdirilməsi Rusiya və Azərbaycanın eyni mövqeyi sərgiləməsinə səbəb olub: “Rusiya Avropa İttifaqı missiyasının Ermənistan ərazisində yerləşdirilməsinin qəti əleyhinədir. Bu, Fransanın, hətta ABŞ-ın Cənubi Qafqazda möhkəmlənməsinə şərait yarada, Qərb missiya adı ilə burada hərbi baza formalaşdıra bilər. Ona görə də Kreml İrəvanın atdığı addımdan narazıdır. Rusiya rəsmiləri Nikol Paşinyanın adını çəkərək ciddi şəkildə tənqid edirlər. Rusiya Dövlət Dumasınınn sədri Vyaçeslav Volodin də bugünlərdə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı qəbul edərkən Ermənistan hakimiyyətinin ünvanına çox sərt tənqidlər səsləndirdi. Görünür, Vladimir Putin və İlham Əliyev arasında telefon söhbətində bu məsələ də müzakirə olunub. Amma bir məsələni açıq demək lazımdır. Əslində Avropa İttifaqı missiyasının Ermənistanda yerləşdirilməsi bizi çox da narahat etməməlidir. Əksinə, belə baxanda, bu bizim maraqlarımıza müəyyən mənada cavab verir. Nikol Paşinyan bu missiyanı gətirməklə Ermənistan-Rusiya münasibətlərini gərginləşdirir. Ermənistan-Rusiya münasibətlərinin gərginləşməsi bizim maraqlarımıza cavab verir”.

E.Şahinoğlunun sözlərinə görə, biz elə etməliyik ki, günü-gündən artan bu gərginlik fonunda Rusiyanın sülhməramlı qüvvələr adlanan kontingentini Qarabağdan çıxarılmasını təmin edək: “Şübhəsiz ki, Rusiya ilə tərəfdaşlığımız davam etdirilsin. Ruben Vardanyan və Araik kimi erməni separatçılardan Azərbaycana qarşı istifadə edilməsinin Azərbaycan-Rusiya münasibətlərinə ziyan vurduğunu da Moskvanın nəzərinə çatdırmaq zərurəti var. Yəqin ki, telefon danışığında bu məqam da əksini tapıb. Bu telefon danışığının yaxın dövrdə hərbi əməliyyatlara hansısa formada hazırlıq olub-olmadığını isə birmənalı söyləmək çətindir. Bir müddət sonra bu suala aydınlıq gələcək”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR