İnsanlara hürriyət, millətlərə istiqlal!

Əliyev-Paşinyan görüşü: tilsim qırıldı, amma birgə bəyanat olmadı

814 21.02.2023 09:31 Siyasət A A

Münhen Konfransındakı tarixi görüş nə vəd edir; Ermənistan konstruktiv mövqeyə gələcəkmi?; “Sülhə doğru bir addım” hesab olunan Münhen görüşündən bir neçə saat sonra İrəvanın sərgilədiyi daha bir destruktiv mövqe; Sahib Alıyev: “Münhen görüşünü bizim üçün ilk növbədə ona görə uğurlu saymaq olar ki...”; Tural İsmayılov: “ABŞ-ın prosesdəki fəallığının üç vacib nəticəsi var”

Fevralın 18-də Almaniyanın Münhen şəhərində Azərbaycan və Ermənistan rəhbərləri təxminən 3 ay yarımlıq fasilədən sonra bir araya gəldilər. Budəfəki görüş ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə baş tutdu.

Məlum olduğu kimi, görüşdən sonra açıqlama verən İlham Əliyev danışıqları konstruktiv adlandırıb. Bildirib ki, ilk baxışda Ermənistanın mövqeyində tərəqqi var, lakin bu kifayət deyil. Prezident həmçinin deyib ki, sülh müqaviləsinin mətnində Qarabağla bağlı heç bir bənd ola bilməz: “Müqavilə beynəlxalq hüquq prinsipləri əsasında hazırlanmalıdır, orada Qarabağla bağlı hər hansı qeyd yolverilməzdir”. Əliyev habelə Fransanın danışıqlarda vasitəçiliyinin mümkünsüzlüyünü bir daha bəyan edib. “Vasitəçisənsə, neytral, qərəzsiz mövqedə olmalısan”, - söyləyib.

“Biz hesab edirik ki, Azərbaycan və Ermənistan 30 ildən artıq davam edən münaqişədən sonra davamlı sülhün bərqərar olması üçün həqiqətən tarixi imkanlara malikdir. Tərəflərin özləri yenidən sülh prosesinə, o cümlədən birbaşa danışıqlar yolu ilə, həmçinin Avropa İttifaqının və bizim vasitəmizlə danışıqlara köklənib. Birləşmiş Ştatlar istər dostlarımızla, istərsə də bu kimi üçtərəfli formatda və ya digər beynəlxalq tərəfdaşlarla bu səyləri dəstəkləmək üçün əlindən gələni etməyə hazırdır”. Bunu isə ABŞ dövlət katibi Entoni Blinken deyib.

Xatırladaq ki, iki lider son dəfə ötən il oktyabrın 31-də Soçidə, Vladimir Putinin vasitəçiliyi ilə bir araya gəlmişdi. O vaxt ikinci Soçi bəyanatı qəbul edilmişdi (birinci 26 noyabr 2021). Münhendə isə hər hansı ortaq sənəd, bəyanat imzalanmadı. Sual olunur, görəsən, niyə? Bu, o deməkdirmi ki, Münhen müzakirələri Soçi danışıqları ilə müqayisədə az məhsuldar olub? Bəs Moskva və Parisin bu görüşə reaksiyası necə olacaq? Məsələ həm də ondadır ki, Paşinyan Əliyevlə görüşə yalnız Makronla gedəcəyini söyləmişdi. Belə demək olarmı ki, Nikol öz şərtindən geri durdu? Nəhayət, Münhen danışıqlarının davamı gələcəkmi, bundan sonra rəsmi İrəvanın konstruktiv mövqe sərgiləyəcəyinə inanmaq olarmı? Növbəti yüksək səviyyəli görüş hansı paytaxtda ola bilər? Bu kimi suallarla “Yeni Müsavat” olaraq ekspertlərə müraciət etdik.

Deputat Sahib Alıyev xatırlatdı ki, ötən il Soçi görüşünün yekununda bəyanatın olması, Münhendən sonra isə olmaması qətiyyən birinci görüşün ikincidən daha məhsuldar keçdiyi anlamına gəlmir: “Əgər söhbət məhsuldarlıqdan gedirsə, Soçi görüşündə onu təşkil edənlərin də, elə Ermənistanın da məqsədi ondan öncə Praqa danışıqlarında əldə olunan razılaşmanın üstündən xətt çəkmək idi. Praqa görüşü Avropa Birliyinin platformasında və Fransa Prezidentinin Paşinyana yandaşlığı ilə keçirilsə də, orada tərəflər bir növ "Vaşinqton variantı" deyilən sülh təklifi ətrafında danışıqlar aparmışdılar. Həmin Soçi görüşündən 4 gün qabaq “Valday” Diskussiya Klubunun plenar toplantısında Rusiya Prezidenti Putinin o haqda açıqlamasını yəqin xatırlayırsınız: o, Vaşintonun irəl sürdüyü həll variantda Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanındığını bildirərək hayların onunla razılaşıb-razılaşmamalarının öz işləri olduğunu demişdi. Amma ardınca “Ermənistan bizim strateji tərəfdaşımız və müttəfiqimizdir, biz Azərbaycanın da maraqlarını yetrincə nəzərə almaqla Ermənistanın təklifinə əsaslanacağıq” deməklə bu variantdan elə də razı qalmadıqlarını da gizlətməmişdi. Hətta burada bir tərəfdən Qarabağdakı hayların marağını nəzərə almadığı qabardılaraq Ermənistan baş naziri pis vəziyyətdə qoyulmuş, digər tərəfdən isə Soçi görüşü öncəsi ona bir növ ev tapşırığı verilmişdi. Paşinyan da həmin tapşırığa Staxanovcasına əməl etməyə, Putindən daha çox putinliyə cəhd edərək, Azərbaycanla Ermənistan arasında sülhlə bağlı Rusiya variantına üstünlük verdiklərini dedi və Kremli Soçi danışıqlarında da əsas sənəd kimi məhz bu variantı irəli sürməyə səslədi. Bunun ardınca nə oldu? O oldu ki, cənab Prezidentin təbirincə desək, Qarabağa ixrac edilən Rusiya oliqarxı dələduz Vardanyanın “dövlət naziri” təyinatına start verildi. Xatırlayanlar olar, həmin Vardanyanın ki, təyinatından 1-2 ay qabaq “Forbes”ə intervüsündə Qarabağda hər hansı bir vəzifə tutub Rusiyanı pis vəziyyətdə qoymaq istəmədiyini bildirmişdi".

Sahib Alıyev: Vətən müharibəsində Zəfər qazanmağımızın əsas səbəbi məhz  milli həmrəylimiz oldu - AZƏRTAC

Sahib Alıyev 

S.Alıyev qeyd etdi ki, Praqa görüşündən sonra, görünür, Moskva Azərbaycanla Ermənistan arasında sülh anlaşmasının özünün planlaşdırdığından daha tez və fərqli şəkildə bağlanacağından narahat olaraq “pis vəziyyətdə qoyulmasını” istədi: “Paşinyana "Rusiya variantı" mahnısı oxutduruldu, Arutyunyana Vardanyanı “dövlət naziri” təyin etmək tapşırığı verildi. Nəticədə Azərbaycanla Ermənisan arasında ötən ilin sonlarında imzalanması nəzədə tutulan sülh anlaşması təxirə salındı ki, burada tutduğu posta adekvatlıq dərəcəsi Paşinyanınkından çox da fərqlənməyən Fransa Prezidenti Makronun da az rolu olmadı. Fikrimcə, Münhen görüşündə Soci danışıqlarından sonra yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması yönündə müəyyən addımlar atıldı. Yəni bir növ biz Praqa danışıqları zamanı əldə edilən razılaşmalara qayıtmış olduq. Prezident İlham Əliyevin Münhendə Zəngəzur dəhlizi və Laçın yolunda Azərbaycanla Ermənistanın nəzarət-buraxılış məntəqələrinin qurulması, bunsuz delimitasiyanın mümkünsüzlüyü haqda açıqlmasına gəldikdə isə bu, baş nazir Paşinyanı da, onun dostu Makronu da fakt qarşısında qoymaq idi. Diqqət yetirdinizsə, Paşinyan onun ölkəsinin maraqlarına tam cavab verən, forpostdan dövlətə-subyektə çevrilməsi üçün xeyli şans yaradan bu təkliflə bağlı hər hansı mövqe səsləndirmədi. Çünki həmin məsələyə aid hələ ev tapşırığı almamışdı".

S.Aliyevin sözlərinə görə, Münhen görüşünü bizim üçün ilk növbədə ona görə uğurlu saymaq olar ki, qərbdəkilərin bəzi məsələlərdə, o sıradan da Zəngəzur dəhlizinə yanaşmada Azərbaycanla Rusiyanın paralel hərəkət etdikləri təsəvvürlərinin əsassızlığı üzə çıxdı: “Əslində 2021-ci ilin dekabrında da Azərbaycan Prezidenti Zəngəzur dəhlizi ilə Laçın yolunun eyni rejim üzrə işləməsinə tərəfdar olduğunu demişdi, indi isə bu mövqe tam konkretləşmiş bir şəkildə rəsmi olaraq irəli sürüldü. İkinci önəmli cəhət isə Vaşintonla Brüsselin həmin danışıqlarda Azərbaycanın irəli sürdüyü əsas arqumentlərlə razılaşmalarıdır ki, bunu intervüsündə cənab İlham Əliyev də dedi, Münhen görüşündən dərhal sonra ABŞ Dövlət Departamentinin sözçüsünün yazılı açıqlamasında əvvəllər olduğu kimi, Laçın yolunu qabartmadan Blinkenin "nəqliyyat marşrutlarını açmağa" çağırdığının bildirilməsində də özünü göstərir. Yəni biz görürük ki, qərbdəkilər həm Qarabağdakı hayların gələcəyinin başqa dövlətlərlə ikitərəfli, yaxud da çoxtərəfli danışıqlar predmeti olmayacağı haqda da, Zəngəzur dəhlizi ilə bağlı da Azərbaycanın mövqeyinin dəyişməzliyini çox aydın dərk edirlər. Bəlli səbəblərdən elə böyük həvəslə, tam və hamısı olmasa belə, hər halda, bizimlə razılaşırlar".

Azərbaycan-İtaliya əlaqələrinin böyük perspektivi var"-Tural İsmayılov

Tural İsmayılov 

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov isə Münhen Konfransında hansısa bəyanatın imzalanmamasını gözlənilməz hadisə saymır: “Çünki bu konfrans dəfələrlə keçirilib. Azərbaycan da ən yüksək səviyyədə Münhen Konfransında hər zaman təmsil olunub. Ölkəmizin qlobal gücə çevrilməsi baxımdan Azərbaycanın dünyanın aparıcı tədbirlərinə rəğbət görməsi labüd prosesdir. Digər tərəfdən, Blinkenin moderatorluğu ilə cənab Prezidentin Paşinyanla görüşünün keçirilməsi müstəsna əhəmiyyətə malikdir. ABŞ prosesin Moskva mərkəzli irəliləməsini əsla istəmir və qəbul etmir”. T.İsmayılovun sözlərinə görə, ABŞ-ın prosesdəki fəallığının üç vacib nəticəsi var: “Birincisi, Cənubi Qafqazda bir gücün hegemonluğu olmur; ikincisi, arada yalnız Rusiyanın geopolitik çıxarları ucbatından ləngimələr səngiyir; üçüncüsü, Rusiyanın vəziyyəti istədiyi kimi yönləndirmək meyarları aradan qalxır. Amma dediyim kimi, Münhendə hansısa bəyanatın indiki məqamda gözlənilməsi mümkün deyildi”.

Politoloq hesab edir ki, rəsmi Paris hazırda təkcə Rusiyanın deyil, Avropa İttifaqı və rəsmi Vaşinqtonun da vasitəçiliyini hər cəhdlə sabotaj edir: “Parisin ikili maraqları var. Birincisi, Ermənistan vasitəsilə Cənubi Qafqaza daxil olmaq. İkincisi isə yeni siyasi formasiyalarda qlobal vasitəçi qismində çıxış etmək. Rusiya isə Vaşinqtonun moderatorluğuna Parisdən daha sakit yanaşır. Rusiyaya bəllidir ki, ABŞ nə qədər prosesə qoşulmaq istəsə də, Ermənistan tamamilə Kremldən asılıdır. İndiki məqamda Paşinyan ABŞ mərkəzli görüşlərdən qaça bilmir. Baxmayaraq ki, Azərbaycanın səyi ilə Paris ikitərəfli proseslərdə əsla yer almır, Ermənistanın da çıxış yolu yoxdur. Növbəti görüşün ABŞ-ın dəstəyi ilə Brüssel, ya da Tiflisdə keçirilməsi labüddür”.

Yazı çapa hazırlanarkən məlum oldu ki, rəsmi İrəvan “sülh”dən dəm vurduğu halda, Azərbaycana qarşı növbəti təxribata əl atıb. Belə ki, Avronest Parlament Assambleyasının Büro iclasına təklif olunan qətnamədə Azərbaycandakı “erməni dustaqlar”la bağlı müddəa əksini tapıbmış. Ermənistan nümayəndə heyətinin canfəşanlığı nəticə verməyib və Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin arqumentlərindən sonra qətnamə layihəsi rədd edilib. Bu, Ermənistanın “sülhə doğru bir addım” hesab olunan Münhen görüşündən bir neçə saat sonra sərgilədiyi destruktiv mövqedir...

Elşad PAŞASOY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR