İnsanlara hürriyət, millətlərə istiqlal!

Əliyev artıq qərarını verib: Xankəndidəki ermənilərin gələcək taleyi həll olunur

9426 08.10.2022 17:30 Analitika A A

Azərbaycanın Xankəndi və ətraf bölgəsi ilə bağlı prosesə daha heç bir ölkə, eləcə də, Ermənistan qarışa bilməz... Rəsmi Bakı tezliklə həmin bölgə üzərində Azərbaycanın suverenliyini tam şəkildə bərpa etmək niyyətindədir...

Ermənistan cəmiyyətində çaşqınlıqla yanaşı, panik durum mövcuddur. Erməni toplumu Praqa görüşünü müzakirə etsə də, Ermənistan üçün müsbət və ya mənfi proseslərin başladığına hələlik tam qərar verə bilməyib. Və hazırda daha çox pessimist əhval-ruhiyyə ön plana çıxmış kimi görünür.

Ermənistan cəmiyyətində onu da anlayırlar ki, Azərbaycana qarşı revanşist planların reallaşma ehtimalı artıq qətiyyən inandırıcı deyil. Rəsmi Bakı savaş meydanında olduğu kimi, diplomatik masa arxasında da "dəmir yumruq" taktikası üzrə davranır, prinsipial mövqe tutur. Və rəsmi İrəvana verilən vədlərin əksinə olaraq, beynəlxalq ermənipərəstlər Azərbaycanın mövqeyinə təsir göstərə bilmir.

Cəmisi bir neçə həftə əvvəl Ermənistan cəmiyyəti ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana avantürist xarakterli səfərindən ruhlanmışdı. Hətta erməni siyasi dairələrində bu səfər üzərindən uzaqgedən planlar belə, qurmağa başlamışdılar. Buna əlavə olaraq, Fransa prezidenti Emmanuel Makronun Ermənistanda və bölgədə sülhün təmin edilməsi üçün məsuliyyəti öz üzərinə götürəcəyini bildirməsi də erməni siyasi dairələrini vəziyyətin dəyişdiyinə inandırmışdı.

Ancaq xaricdən gələn vədlərlə, rəsmi Bakının diqtə etdiyi reallıqlar arasında nə qədər böyük fərqlərin olduğu çox qısa müddətdə növbəti dəfə qabarıq şəkildə ortaya çıxdı. Praqa görüşünün nəticələri indi Ermənistan cəmiyyətində yenidən ümidsizliyə yol açıb. Çünki, ABŞ heç nəyə təsir edə bilmədi, Fransa prezidenti Emmanuel Makronun təzyiq cəhdlərinə əhəmiyyət belə, verilmədi.

2f16fd1d-6401-3d0b-ab29-573fb15f8164_850.jpg (94 KB)

Azərbaycan Prezidenti İlham Əliyev Praqa görüşündən Ermənistan baş naziri Nikol Paşinyana Azərbaycanın ərazi bütövlüyünü və dövlət sərhədlərini tanıması barədə imzalatdığı beynəlxalq sənədlə döndü. Ermənistan bundan sonra Azərbaycanın Xankəndi və ətraf bölgəsinə hər hansı iddiası ola bilməz. Və bu məsələ artıq birdəfəlik gündəmdən çıxarıldı, tarixin arxivinə verildi.

Praqa Bəyanatının nə demək olduğunu Ermənistan cəmiyyətində artıq anlamağa başlayıblar. Erməni toplumu savaş ehtimalının azaldığını, sülh prosesinin müsbət nəticəyə doğru ciddi təkan aldığını, önəmli bir mərhələ adladığını baş düşür. Eyni zamanda, onu da anlayır ki, "artsax" xəyalları da artıq birdəfəlik darmadağın edilib. Və bu "xəyallara" ilişib, qalmaq bundan sonra Ermənistana heç bir fayda verməyəcək, əksinə, yalnız ziyan vuran vuracaq.

Azərbaycanın Xankəndi və ətraf bölgəsində olan erməni separatçı-terrorçular da artıq əl-ayağa düşüblər. Praqada Bəyanatı ilə Xankəndi və ətraf bölgədə "erməni separatizmi"nin gələcək taleyinin həll olunduğunu anlayıblar. Araik Arutyunyan və onun terrorçu ətrafının sonunun sürətlə yaxınlaşdığı indi qətiyyən şübhə doğurmur.

Ancaq Araik Arutyunyanın terrorçuları hələ də müqavimət göstərməyə çalışırlar. Paşinyan hakimiyyətini xəyanətdə suçlayırlar. Hətta Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyü və suverenliyini tanımasına etiraz olaraq, Xankəndi şəhərində aksiyalara başlamağı planlaşdırırlar. Və bu, erməni separatçılar üçün sonun başlanğıcına bağlı situasiyanın təsdiqidir.

seventimes_87a012c8ee1bc049fbf11a4d7d87d112_a8gqfymhz1trxwi7935j.jpeg (83 KB)

Xankəndidəki erməni separatçılar anlayırlar ki, "artsax" məsələsi artıq yoxdur, Ermənistan bu mövzudan tamamilə kənarlaşdırılıb. Məsələ sadəcə, Azərbaycanın daxili işi olaraq, həll ediləcək. Nizamlama prosesi isə birmənalı şəkildə BMT Nizamnaməsi və Azərbaycan Konstitusiyası üzrə hüquqi prosedurlara bağlı mərhələyə keçirilib.

Bütün bunlar onu göstərir ki, nə Ermənistan cəmiyyətində, nə də Xankəndi və ətraf bölgədə buna göstəriləcək hər hansı müqavimət cəhdi artıq heç bir əhəmiyyət daşımır. Əslində, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan erməni toplumunu hələ Praqa görüşündən xeyli əvvəl bu barədə xəbərdar etmişdi. O, bildirmişdi ki, “artsax" məsələsi artıq həll olunub. Ermənistan bu məsələdə hər hansı mövqe hüququna sahib deyil, rəsmi İrəvan orada heç bir rol oynamır.

Erməni toplumu üçün ən önəmli reallıq odur ki, ABŞ və Fransa vədlər versə də, "növbətçi bəyanatlar"dan uzağa gedə bilmir. Rusiya isə indiki situasiyada Cənubi Qafqazda Azərbaycan-Türkiyə İttifaqının geopolitik iradəsinə qarşı çıxmaq imkanında və üstəlik, heç həvəsində də deyil. Və belə vəziyyətdə erməni separatçıların ümid bəsləyə biləcəyi heç bir beynəlxalq ünvan qalmır.

Azərbaycana qarşı onilliklər boyu işğalçılıq siyasəti yürütmiş Ermənistan isə artıq o qədər zəifləyib ki, artıq özü üçün uydurub, "icad" etdiyi "artsax" yükünü daha daşıya bilmir. Rəsmi İrəvan hazırda bu mövzunun Ermənistan üçün ərazi deyil, hüquq və təhlükəsizlik məsələsi olduğunu vurğulayır. Ermənistan baş naziri Nikol Paşinyan Praqa görüşü ərəfəsində "Dağlıq Qarabağ" mövzusunun Ermənistanla Azərbaycan arasındakı razılaşmadan kənarda olduğunu bildirmişdi. Erməni baş nazir vurğulamışdı ki, yekun sülh sazişində "artsax"ın adı olmaya bilər. Onun fikrincə, rəsmi Bakı Xankəndi və ətraf bölgədə yaşayan ermənilərlə birbaşa müzakirələr aparmalıdır.

7f3826d1c31ef80bab3adb698e73b7c4.jpg (120 KB)

Rəsmi Bakının Azərbaycanın Xankəndi və ətraf bölgəsi ilə bağlı məsələdə mövqeyi isə birmənalı, qətiyyətli və prinsipial xarakter daşıyır. Azərbaycanın siyasi dairələri Ermənistanın bu məsələyə nəinki qarışmasını, ümumiyyətlə, hər hansı rəsmi mövqe bildirməsini belə, istəmir. Rəsmi Bakı belə cəhdləri Azərbaycanın daxili işlərinə qarışmaq kimi dəyərləndirir. Və buna olduqca sərt reaksiya verir.

Azərbaycan Prezidenti İlham Əliyev Praqa görüşü çərçivəsində verdiyi açıqlamalarda bu mövzuya aydınlıq gətirib: "Artıq bütün dünya ictimaiyyəti açıq dərk edir ki, Qarabağ Azərbaycandır! Bunu biz hər dəfə deyirdik, işğal dövründə, müharibə dövründə, müharibədən sonra... Bu gün dünya birliyi bu həqiqəti artıq nəinki dərk edir, həm də bunu tələffüz edir. Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını hər hansı bir ölkə, o cümlədən də, Ermənistanla müzakirə etmək fikrində deyilik. Bu, bizim daxili işimizdir”.

Göründüyü kimi, rəsmi Bakının mövqeyi konkretdir. Azərbaycanın Xankəndi və ətraf bölgəsi ilə bağlı prosesə heç bir ölkə, eləcə də, Ermənistan qarışa bilməz. Rəsmi Bakı tezliklə həmin bölgə üzərində Azərbaycanın suverenliyini bərpa etməkdə qərarlıdır. Xankəndi və ətraf bölgədə yaşayan ermənilər isə Azərbaycan pasportları aldıqdan sonra ölkəmizin qanunlarına riayət edən hər bir vətəndaş kimi, orada yaşaya bilərlər. Əks halda, ermənilərin Xankəndi və ətraf bölgədə yaşaması Azərbaycan qanunlarına zidd olacaq.

Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev birmənalı şəkildə vurğulayıb ki, bölgədə yaşayan ermənilərin həyat şəraiti indikindən qat-qat yaxşı olacaq. Bu isə o deməkdir ki, Azərbaycan lideri Xankəndi və ətraf bölgədə yaşayan ermənilər ilə bağlı konkret qərarlar verib. Onların gələcək taleyi indi başqa heç kimdən deyil, məhz Azərbaycan Prezidentinin qərarlarından asılı olacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR