İnsanlara hürriyət, millətlərə istiqlal!

Elektron Rəqabət İnformasiya Sistemi: vətəndaşlara və hökumətə nə qazandıracaq - təhlil

668 11.07.2024 09:52 İqtisadiyyat A A

Rəqabət Məcəlləsinin işlək hala gəlməsi, ölkədəki rəqabət mühitini dəyişməyə başlaması üçün həllini gözləyən məsələlər...

Ölkəmizdə Elektron Rəqabət İnformasiya Sistemi (ERİS) yaradılır. Prezident İlham Əliyev iyulun 9-da bununla bağlı fərman imzalayıb. Fərmanla müəyyən edilib ki, ERİS rəqabət və istehlakçıların hüquqlarının müdafiəsi sahələrində istehlakçıların və bazar subyektlərinin müraciətlərinin (vəsatətlərinin) qəbulunu, emalını, onlara əlavə edilməli olan sənədlərin və ya məlumatların real vaxt rejimində digər dövlət orqanlarından (qurumlarından) sorğu əsasında əldə olunmasını, həmin müraciətlərə (vəsatətlərə) dair qərarların və məlumatların elektron qaydada təqdim edilməsini, habelə qeyd olunan sahələrdə məlumatların istifadəçilər üçün əlçatanlığını təmin edir.

ERİS-in sahibi funksiyalarını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, operatoru funksiyalarını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirir.

ERİS-in yaradılması və saxlanılması ilə bağlı xərclər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin büdcədənkənar gəlirləri hesabına həyata keçirilir.

Nazirlər Kabineti ERİS haqqında əsasnamənin layihəsini hazırlayıb altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

İqtisadiyyat Nazirliyi altı ay müddətində ERİS-in formalaşdırılmasını təmin etməlidir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, ERİS-in aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməli, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası"na uyğun olaraq, ERİS-in “Hökumət buludu”nda yerləşdirilməsini təmin etməlidir.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ERİS-i mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etməli və onun təhlükəsizlik meyarları üzrə monitorinqini həyata keçirməli, ERİS-in informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə sahibi və operatoru ilə birlikdə zəruri tədbirlər görməlidir.

Qeyd edək ki, ERİS-in yaradılması Azərbaycanda rəqabət mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlardan biridir. İyulun 1-dən ölkədə Rəqabət Məcəlləsi qüvvəyə minib. Məcəllənin tam işlək vəziyyətə gətirilməsi üçün çoxlu sayda sənədlər, qaydalar hazırlanmalıdır. Prezidentin Rəqabət Məcəlləsinin qüvvəyə minməsinə dair fərmanında Nazirlər Kabinetinə Rəqabət Məcəlləsinin pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsini altı ay müddətində hazırlayıb,  İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi və təmin edilməsi ilə bağlı təkliflərini bir ay müddətində Prezidentə təqdim etməsi tapşırılıb. 

Bundan əlavə, Nazirlər Kabineti Məcəllənin tələbləri tətbiq edilməyən və ya məhdud tətbiq edilə bilən halları, fəaliyyət sahələrini və məhsulları; sazişlərin rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olmasına və ya ola bilməsinə dair meyarları; sazişlərin həmin Məcəllənin 13.1-ci maddəsində qeyd olunan şərtlərə cavab verməsinə dair meyarları, həmçinin texnologiyanın transferti, bazarın tədqiqi və inkişafı ilə əlaqəli sazişlərin istisna edilməsinə dair meyarları; müvafiq bazarda bazar paylarının hesablanması, müvafiq bazarın sərhədlərinin, həcminin, strukturunun və iştirakçılarının müəyyən edilməsi qaydasını; müvafiq bazarda sahələrin təmərküzləşmə səviyyəsinin müəyyən edilməsi və təmərküzləşmələrin qiymətləndirilməsi qaydasını; rəqabət orqanı tərəfindən bazar subyektlərində və təbii inhisar subyektlərində yoxlamaların keçirilməsi qaydalarını; Məcəllənin 65-ci maddəsinə əsasən götürülmüş malların digər məqsədlər üçün istifadəsi, satılması, qaytarılması, məhv edilməsi və ya dəyərinin ödənilməsi qaydalarını; Məcəllənin 77.1-77.3-cü, 77.5-ci və 77.12-ci maddələrində qeyd edilmiş hər bir hal üçün işin xüsusiyyətinə uyğun olaraq maliyyə sanksiyalarının hesablanması və tətbiqi meyarlarını və qaydalarını 6 ay müddətində, rəqabət komissiyasının yaradılması, tərkibi, rəqabət komissiyası tərəfindən işlərə baxılması və qərarların qəbul edilməsi qaydalarını; Məcəllənin 9.2-ci maddəsi ilə müəyyən edilmiş vəsaitin bölgüsü və ondan istifadə qaydasını; Məcəllənin 13.5-ci maddəsi əsasında sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun təsdiqlənməsi qaydalarını; Məcəllənin 15.3-cü maddəsinə uyğun olaraq, rəqabət orqanı ilə razılaşdırmaqla Azərbaycan Respublikası Mərkəzi Bankının təklifi əsasında maliyyə institutlarının hökmran mövqeyinin müəyyən edilməsi şərtlərini (bazar payının hədləri və müəyyən edilməsi meyarları); Məcəllənin 16.7-ci maddəsinə uyğun olaraq, hökmran mövqedən sui-istifadənin obyektiv zəruriliyinin və səmərəliliyinin qiymətləndirilməsi qaydalarını; Məcəllənin 27.2-ci maddəsinə uyğun olaraq, rəqabət orqanı ilə razılaşdırmaqla Mərkəzi Bankın təklifi əsasında maliyyə bazarlarında təmərküzləşmədə iştirak edən maliyyə institutları tərəfindən rəqabət orqanından razılıq alınmasını şərtləndirən meyarları (təmərküzləşmədə iştirak edən maliyyə institutlarının aktivlərinin ümumi dəyəri, ümumi dövriyyəsinin həcmi); Məcəllənin 30.1-ci maddəsində nəzərdə tutulan ərizənin formasını; İqtisadiyyat Nazirliyinin təklifləri əsasında təbii inhisar subyektlərinin siyahısını; Məcəllənin 39.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, müraciət edilməsi və müraciətə baxılma qaydasını; Məcəllənin 39.7-ci maddəsinə uyğun olaraq, təbii inhisar subyektlərinin sahibkarlıq fəaliyyətinin nəticələrinə dair maliyyə hesabatlarının formasını və təqdim edilmə qaydasını; rəqabət orqanının qərarı əsasında bazarın monitorinqinin aparılması, monitorinqin nəticələrinə dair aktın forması və tərtib edilməsi qaydasını; Məcəllənin 46.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, araşdırmanın nəticələrinə dair aktın formasını 4 ay müddətində hazırlamalı idi. 

Qısa araşdırmamız göstərir ki, Prezidentin fərmanında nəzərdə tutulan sənədlərin böyük əksəriyyəti hazırlanmayıb, hazır olanlar isə hələ də müvafiq prosedurları tam keçərək qüvvəyə minməyib. Bu isə Rəqabət Məcəlləsinin işlək hala gəlməsi, ölkədəki rəqabət mühitini dəyişməyə başlamasının mümkün olmadığını göstərir. 

Məcəllədə dövlət orqanlarına münasibətdə qeyri-sağlam rəqabətin qarşısını almaq üçün çoxsaylı qadağalar əksini tapıb. Belə ki, dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, habelə tənzimləyici qurumların normativ hüquqi aktlarla müəyyən edilmiş əsaslar olmadan rəqabətin məhdudlaşdırılmasına səbəb olan (və ya səbəb ola bilən), eləcə də təsərrüfat subyektlərinin və istehlakçıların mənafelərinə toxunan (və ya toxuna bilən) hərəkətləri (hərəkətsizliyi) qadağan edilir. Bu hərəkət və hərəkətsizliklərə dövlət və bələdiyyə mülkiyyətində olmayan təsərrüfat subyektlərinə məhsulun istehsalı və satışı üzrə, həmçinin müəyyən kateqoriya müştərilərin üstünlük verilməklə təchiz edilməsi və ya bəzi müqavilələrin bağlanmasına üstünlük verilməsi üzrə birbaşa və dolayı göstərişlərin və (və ya) məcburi dövlət sifarişlərinin verilməsi, eyni zamanda müştərilərə müəyyən kateqoriya məhsulun xüsusi bazar subyektlərindən alınmasına dair məhdudiyyətlərin qoyulması; təsərrüfat subyektlərinin satdığı məhsulun qiymətləri üzərində nəzarətin həyata keçirilməsi; öz struktur bölmələrinə və tabeliyində olan qurumlara rəqabətin məhdudlaşdırılmasına gətirib çıxara bilən səlahiyyətlərin verilməsi; fəaliyyəti rəqabətin məhdudlaşdırılmasına səbəb ola bilən təsərrüfat subyektlərinin və idarəetmə orqanlarının yaradılması; Azərbaycan ərazisində məhsulun hərəkətinə qadağaların (məhdudiyyətlərin) tətbiqi, kapital qoyuluşlarına, habelə iqtisadiyyatın müxtəlif sahələri arasında maliyyə vəsaitinin sərbəst hərəkətinə maneələrin yaradılması; eyni sahədə fəaliyyət göstərən ayrı-ayrı təsərrüfat subyektlərinə rəqabətdə üstünlük verə biləcək güzəştli kreditlərin, subsidiyaların, vergi və digər ödənişlər üzrə güzəşt və azadolmaların verilməsi, dövlət və bələdiyyə mülkiyyətində olan vəsaitdən güzəştli şərtlərlə istifadə etmək imkanının yaradılması; müəyyən məhsulun alışı, satışı, istehsalı, idxalı və ixracının, müəyyən sahibkarlıq fəaliyyət növü ilə məşğul olmanın, habelə yeni müəssisələrin, o cümlədən maliyyə institutlarının yaradılmasının qadağan edilməsi və ya məhdudlaşdırılması, eləcə də yeni texnologiyaların işlənilib hazırlanması ilə bağlı maneələrin yaradılması; təsərrüfat subyektlərinin müstəqilliyinin, o cümlədən xarici iqtisadi fəaliyyətinin məhdudlaşdırılması; rəqabətin məhdudlaşdırılmasına yönəldiyi və müştərilərin mənafeyinə toxunduğu hallarda qiymətlərin yüksəldilməsi, aşağı salınması və ya bir səviyyədə saxlanılması məqsədilə məhsul, o cümlədən maliyyə xidmətləri bazarlarına əsassız müdaxilə edilməsi; rəqabəti məhdudlaşdırmaq məqsədilə təsərrüfat subyektlərinə dempinqin tətbiqi üçün şərait yaradılması; tələb və təklif sahəsində informasiya resursları üzərinə nəzarətin qoyulması və ya bəzi təsərrüfat subyektlərinə belə informasiya resurslarına üstün çıxış imkanının yaradılması; dövlət satınalmaları sahəsində normativ hüquqi aktlara zidd olaraq müəyyən təsərrüfat subyekti üçün üstün şərait yaradılması; yeni təsərrüfat subyektlərinin bazara daxil olmasına maneələrin yaradılması; təsərrüfat subyektlərinin maddi ehtiyatlarla təchiz olunması üçün mərkəzləşdirilmiş qaydada təchizat kanallarının yaradılması; qarşılıqlı əvəz oluna bilən məhsulların istehsalına, idxalına və ixracına nəzarətin həyata keçirilməsi; az həcmdə gəlir əldə edən və ya zərərlə işləyən təsərrüfat subyektlərinə ictimai mənafe ilə bağlı olmayan, rəqabəti məhdudlaşdıran (məhdudlaşdıra bilən) güzəştlərin və əlverişli şərait yaradan üstünlüklərin verilməsi, yardım göstərilməsi; müştərilərin sərbəst seçim hüququnu məhdudlaşdıran (məhdudlaşdıra bilən) qərarların qəbul edilməsi; bələdiyyələrin öz səlahiyyətlərindən, bələdiyyə mülkiyyətində olan obyektlərin, yerli büdcənin, həmçinin büdcədənkənar fondların vəsaitindən ayrı-ayrı təsərrüfat subyektlərinə üstünlük yaratmaq məqsədilə istifadə etməsi; rəqabətin məhdudlaşdırılmasına səbəb olan (ola bilən) digər qanunsuz hərəkətlər (hərəkətsizlik) aiddir.

Məcəllənin icrasını təmin edəcək hüquqi bazanın tam formalaşmaması dövlət qurumlarına, məmurlara tətbiq olunmalı bu qadağaları nəzərdə tutan müddəaların da qeyri-işlək olaraq qalması deməkdir. Belə bir şəraitdə ERİS-in fəaliyyətə başlamasından vətəndaşların böyük üstünlük əldə edəcəyi gözlənilən deyil. 

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR