İsveçrədə ABŞ ilə İran arasında 60 günlük tarixi və kritik danışıqların əsas mərhələsi bu gün başlayıb. İran nümayəndə heyətinə parlament sədri Məhəmməd Baqir Qalibaf, ABŞ tərəfinə isə vitse-prezidenti Ceyms Devid Vens rəhbərlik edib.
Danışıqların ilk raundunun nəticələri necə qiymətləndirilə bilər? Görüşü uğurlu və ümidverici başlanğıc hesab etmək olar? Tərəflərdən hansı daha güclü mövqeyə sahibdir?

“Alyans” araşdırmalar mərkəzinin rəhbəri Abutalıb Səmədov Musavat.com-a bildirib ki, danışıqlar gözlənildiyi kimi, gərgin başlayıb, İran nümayəndə heyəti amerikalılarla əl sıxışmaqdan imtina edib və bir saatdan artıq davam edən görüşü yarımçıq tərk eləmək isəyiblər:
“Səbəb kimi də prezident Trampın İranı hədələməsi göstərilib. Ancaq vasitəçilər deyirlər ki, danışıqlar uğurlu başlayıb. Əsas məsələ ABŞ üçün İranın nüvə proqramıdır. Tramp tələb edir ki, İran uranı ölkə daxilində zənginləşdirməsin, yaxud ən azı bir müddət uranı zənginləşdirməkdən imtina eləsin. İran prezidenti deyir ki, İran heç vaxt uranı zənginləşdirməkdən imtina etməyəcək. Bu cür yanaşma olduğu halda onların razılığa gələcəyini düşünmək bir az çətindir. Ancaq yenə də ümid var. Ümid ondan ibarətdir ki, İranın zənginləşdirilmiş təqrbən beş ton uranı var. Üstəgəl, 440 kiloqram 60 faiz zəngilənşdirilmiş uran da ölkə daxilində qarışdırılacaq və aşağı faizli zənginləşdirilmiş urana çevriləcək. İranın ehtiyacları nədən ibarətdir? Buşehr Atom Elektrik Stansiyası üçün zənginləşdirilmiş uranı Rusiya verir. Əsas ehtiyac həmin AES üçündür və bunu da Rusiyadan alır. İranın özünün ehtiyacı daha çox elmi təqdqiqatlar üçün və bir də dərman preparatları üçün tələb olunan 20 faiz zənginləşdirilmiş urandır. Burada da çox böyük həcmə ehtiyac yoxdur, kiloqramlar kifayət edir. İranın indi malik olduğu zənginləşdirilmiş uran 10-15 il müddətinə ona kifayət eləyə bilər. Bu səbəbdən ümid var ki, İran da ABŞ-nin uranı 15-20 il zənginləşdirməmək barədə tələbini qəbul edə bilər. Çünki onsuz da varıdır”.
Ekspertin fikrincə, ikinci problem 440 kiloqramlıq uranı ABŞ-yə vermək idi. İran bundan qəti surətdə imtina edirdi:
“İndi ortaq razılığa gəlinib ki, elə İran daxilində MAQATE-nin nəzarəti ilə qarışdırılsın. Bu məsələ də həll olunub. Üstəlik, İran nüvə silahına malik olmayacağını da deyir. Yəni İranın nüvə proqramı ilə bağlı razılığa gəlmək ehtimalı çox yüksəkdir. Ancaq problem ondan ibarətdir ki, hər iki tərəf son dərəcə düşüncəsiz bəyanatlar verməkdə davam eləyirlər. Bir tərəfdən də İsrail qəti şəkildə deyir ki, Livanın cənubunu tərk etməyəcək. Halbuk, İslamabad memorandumuna görə, İsrail həmin ərazidən çıxmalıdır. Yəni danışıqlarda bir ciddi İsrail problemi də var. Bunlar gələcəkdə çətinliklər yarada bilər və hətta danışıqların pozulmasına səbəb ola bilər. Lakin bütövlükdə götürüləndə danışıqların baştutma və uğurlu nəticəyə gəlmək ehtimalı daha çoxdur, nəinki danışıqların yenidən pozulması. Ümid edək ki, hər iki tərəf məsuliyyətsiz bəyanatlardan imtina eləyəcək, ABŞ İsraili Livana hücumlardan imtina etməyə məcbur edəcək və son nəticədə bütün dünyanın gözlədiyi razılaşma imzalanacaq”.
Etibar Seyidağa,
Musavat.com






