İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhalinin sosial rifahının qorunması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin əsasını təşkil edir

603 06.01.2023 21:20 İqtisadiyyat A A

Deputat: “Çox yaxın zamanlarda sosial artımlarla bağlı yeni sərəncamlar olacaq”

2022-ci ildə bütün dünyada olduğu kimi, Azərbaycanda da inflyasiya sürətlənərək ikirəqəmli səviyyəyə çatdı. Əsasən qlobal bazarlardakı proseslərdən qaynaqlanan bu amil ölkə vətəndaşlarının gəlirlərinin bir hissəsini udmaqla, onların sosial rifahına mənfi təsirini göstərib.

Azərbaycan Prezidenti İlham Əlyevin yanvarın 5-də imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncam inflyasiyanın vətəndaşların büdcəsinə mənfi təsirini aradan qaldırmağa xidmət edir. Ölkə əhalisinin rifahının qorunması sahəsində tədbirlərin davam etdirilməsi məqsədilə imzalanan sərəncama əsasən Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib.

Sərəncamla həmçinin Nazirlər Kabinetinə 10 gün müddətində əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılması, sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini Prezidentə təqdim etmək tapşırılır. Bundan əlavə, Nazirlər Kabineti öz aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğləri bir ay müddətində minimum əmək haqqının yeni məbləğinə uyğunlaşdırmalıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Prezidentin sərəncamı minimum aylıq əməkhaqqının 15 faiz artımını təmin edir. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bir ay müddətində bu Sərəncama uyğunlaşdırılacaq və minimum əməkhaqqı artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək.

Ümumilikdə minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqı artımı 700 min nəfəri əhatə edəcək: “Minimum əmək haqqı bu il üçün müəyyən olunan yaşayış minimumunu (246 manat) da 40,2 faiz üstələyir. Yeni Sərəncama əsasən, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər artırılacaq. Bununla bağlı Nazirlər Kabineti təkliflərini on gün müddətində hazırlayaraq dövlət başçısına təqdim edəcək. Beləliklə, minimum aylıq pensiyanın məbləği də 16,7 faiz artırılaraq 240 manatdan 280 manata çatdırılacaq. Bu artım 100 minədək pensiyaçını əhatə edəcək. Son 4 ildə sosial sahədə inqilabi islahatların tərkib hissəsi kimi, minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb”.

Nazirliyin məlumatına əsasən, ümumilikdə bu il sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Həmin artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək.

Prezidentin imzaladığı sərəncam sübut edir ki, Azərbaycan dövləti öz vətəndaşlarının sosial rifahını qorumaq üçün zəruri addımlarını davam etdirməkdə qərarlıdır. Dövlətimizin sosial siyasəti ardıcıl xarakter daşımaqla bilavasitə əhaliyə yönəlik hərtərəfli sosial dəstəyi təmin edir.

2020-ci il koronavirus pandemiyası, həmçinin ondan sonrakı 2021-ci ildə Azərbaycan Prezidentinin fərman və sərəncamları ilə həyata keçirilən sosial dəstək paketləri də məhz bu siyasətin bariz nümunəsidir. Belə ki, 2021-ci ildə Prezident tərəfindən imzalanan müvafiq sənədlərlə Azərbaycanda minimum aylıq əmək haqqı 2022-ci il yanvarın 1-dən 20 faiz artırılmaqla 250 manatdan 300 manata qaldırılıb. Bu, 800 min işçinin, o cümlədən maaşları Vahid Tarif Cədvəli (VTC) üzrə müəyyən olunanların əməkhaqqında orta hesabla 20 faiz artıma səbəb olub. VTC üzrə işçilərdə orta aylıq əməkhaqqı 387 manatdan 465 manata çatıb. Nəticədə həmin cədvəlin ilk pilləsi üzrə əməkhaqqı 300 manata, ən yüksək - 19-cu pilləsi üzrə isə 979 manata yüksəlib. 2022-ci ildə minimum əməkhaqqı artımı üçün dövlət büdcəsindən ayrılan əlavə illik vəsait 460 milyon manat təşkil edib.

Dövlət başçısının 2021-ci ilin dekabr ayında imzaladığı Fərmanla isə daha bir mühüm proqramın icrasına başlanıb: 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanaraq əlilliyi müəyyən edilmiş şəxslərə, onlardan vəfat edənlərin ailə üzvlərinə birdəfəlik ödəmə verilməsi təmin edilib. Bu zaman birinci qrup əlillər üçün 8800 manat, ikinci qrup üçün 6600 manat, üçüncü qrup üçün 4400 manat vəsait ödənilib. ƏƏSMN-dən verilən açıqlamaya görə, 2022-ci ilin avqustundan dekabrın 15-dək 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş 16 659 şəxs üzrə birdəfəlik ödəmə verilib. Onlardan 1017 nəfərin vərəsəsinə bu ödənişlər həyata keçirilib, həmin ödənişlər üçün 105,7 milyon manat vəsait yönəldilib.

Ümumilikdə 2022-ci il üzrə əməkhaqqı, pensiya və digər sosial ödənişlərin artımını nəzərdə tutan islahatlar paketi 3,4 milyon nəfəri əhatə edib. Bu artımlar üçün dövlət büdcəsindən 2,1 milyard manat illik əlavə vəsait ayrılıb.

Prezidentin son sərəncamı ilə Azərbaycanda 700 min işçini əhatə edəcək minimum aylıq əməkhaqqı artımı üçün büdcədən 450 milyon manat ayrılması nəzərdə tutulub.

Sərəncam əsasında həyata keçiriləcək minimum əmək pensiyalarının artımı 100 minədək pensiyaçını əhatə edəcək.

Ölkənin ahıl vətəndaşları üçün daha bir güzəşt bu il yanvarın 1-dən fərdi hesabında pensiya kapitalı olanlara 25 il staj hədiyyə edilməsi müddətinin daha üç il uzadılmasıdır. Artıq bununka bağlı “Əmək pensiyaları haqqında” qanuna müvafiq dəyişiklik edilib.

Belə ki, “Əmək pensiyaları haqqında” qanunda 2019-cu ilin əvvəlindən tətbiq olunan dəyişikliyə əsasən fərdi hesabında 01.01.2006-cı ildən 01.07.2018-ci ilədək dövr üzrə hər hansı məbləğdə pensiya kapitalı olan pensiya yaşına çatan şəxsə avtomatik 25 il sosial sığorta stajı (pensiya hüququ qazanmaq üçün də minimum staj tələbi 25 ildir) hədiyyə edilir. Nəticədə o, hətta heç bir stajı olmadıqda belə, pensiya hüququ qazanır.

Hədiyyə edilən həmin 25 il sığorta stajının 2023-cü ilin əvvəlindən artıq hər il üçün 1 il azaldılması nəzərdə tutulurdu.

Məsələn, fərdi hesabında 01.01.2006-cı ildən 01.07.2018-ci ilədək dövr üzrə hər hansı məbləğdə pensiya kapitalı olan şəxsə 2023-cü ildə artıq 25 il yox, 24 il, 2024-cü ildə 23 il, 2025-ci ildə 22 il və s. staj hesablanacaqdı və lazım olan minimum 25 illik stajın qalan hissəsi isə pensiya yaşına çatmış şəxsdən tələb olunacaqdı. Qanundakı dəyişiklik nəticəsində hədiyyə edilən həmin 25 il sığorta stajının hər il üçün 1 il azaldılması 2023-cü ildən deyil, 2026-cı ildən tətbiq olunacaq

Bu isə yaxın üç ildə daha 30 minə yaxın şəxsin onlara 25 illik staj hədiyyə edilməsi nəticəsində pensiya hüququ əldə etməsinə, pensiya təminatının əhatəsinin daha da genişləndirilməsinə imkan verəcək.

Vüqar Bayramov: "Neft baha təklif olunsa da, birjalarda volatillik yüksəlib"

Vüqar Bayramov

İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, Prezidentin 5 yanvar tarixli sərəncamı Azərbaycanda yeni sosial paketin icrasına başlanması deməkdir: “Minimum əmək haqqının artırılması xüsusilə özəl sektorda çalışanlar üçün müsbət addımdır. Bu, həmin sektorda da əməkhaqqı artımları üçün əsas yaradır. Bu addım Azərbaycanda sosial təminat sisteminin gücləndirilməsi, xüsusilə də aztəminatlı vətəndaşlarımızın sosial müdafiəsinin daha da yaxşılaşdırılması məqsədilə atılmış addımdır. Bu sərəncam göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin əsasında ölkə vətəndaşlarının sosial rifahının qorunması əsas xətti təşkil edir”.

V.Bayramov bildirir ki, sərəncamda müavinətlərin artırılması barədə müddəa yaxın vaxtlarda daha bir qrup aztəminatlı təbəqənin gəlirlərinin artımını təmin edəcək: “Qeyd edək ki, müavinətlərin növləri “Sosial müavinətlər haqqında” Qanunun 4-cü maddəsinə əsasən müəyyənləşir. Həmin maddəyə görə, aylıq müavinətlər dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, ailə başçısını itirməyə görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət, 3 yaşınadək uşağa qulluğa görə müavinət, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət, 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət, vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən ödənilən müavinət, beşdən çox uşağı olan qadınlara müavinət, övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinətlər hesab olunur. Birdəfəlik müavinətlər isə radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət, uşağın anadan olmasına görə müavinət və dəfn üçün müavinətlər sayılır. Sözügedən müavinətlərdən hansının və eləcə də neçə faiz artacağı Nazirlər Kabineti tərəfindən təkliflər hazırlandıqdan sonra bəlli olacaq. Deməli, çox yaxın zamanlarda sosial artımlar ilə bağlı yeni sərəncamlar olacaq”.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR