İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfsanəvi türk generalı İranla sərhədimizdə: XTQ təlimləri Tehran üçün “ağıl duası”dır

2210 05.11.2022 08:50 Ölkə A A

Xüsusi təyinatlı ordunun ölkəmizin cənubunda başladığı təlim, Zakir Həsənovla Bəxtiyar Ərsayın onu birgə izləməsi İranda şok effekti doğurub...

Xəbər verildiyi kimi, Azərbaycan Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən noyabrın 2-dən cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimi başlayıb. “Yeni Müsavat” bildirir ki, Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi ilə keçirilən təlimin planına əsasən hərbi hissələr “Həyəcan” siqnalı ilə qaldırılıb.

Daimi dislokasiya məntəqələrini tərk edən xüsusi təyinatlılar əməliyyat rayonlarına çıxarıldıqdan sonra komandirlərin məruzələri dinlənilib və tapşırıqlar dəqiqləşdirilib. Hərbi Hava Qüvvələrinin, Raket və Artilleriya Qoşunlarının təlimə cəlb olunan hissə və bölmələri müvafiq olaraq təyin edilmiş aerodromlara və rayonlara cəmləşdirilib. Digər qoşun növləri ilə qarşılıqlı fəaliyyət təşkil edilib. Plana uyğun olaraq təlimin növbəti mərhələlərində xüsusi təyinatlı bölmələr onları dəstəkləyən Hərbi Hava Qüvvələri, eləcə də Raket və Artilleriya Qoşunlarının bölmələri ilə qarşılıqlı əlaqədə bir sıra tapşırıqları icra edəcək.

Müdafiə Nazirliyindən verilən son məlumata görə, xüsusi təyinatlılar tərəfindən şərti düşmənin dərinliyində müxtəlif kəşfiyyat tapşırıqları və xüsusi əməliyyatlar yerinə yetirilib. Aviasiya və artilleriya vasitələrinin, eləcə də zərbə dronlarının dəstəyi ilə təyin edilən həddin və məntəqələrin nəzarətə götürülməsi üzrə fəaliyyətlər icra edilib. Plana uyğun olaraq xüsusi hazırlıqların yoxlanılması paralel davam etdirilir, o cümlədən yüksək dağlıq, meşəlik ərazilərdə döyüş tapşırıqlarının icrası və çətin maneələr sisteminin dəf edilməsi üzrə hərbi qulluqçuların peşəkarlıq səviyyəsi yoxlanılır.

Təlimləri nazir Zakir Həsənov və Türkiyənin əfsanəvi generalı, 44 günlük Vətən müharibəsini Azərbaycandan “izləmiş” Bəxtiyar Ərsay da müşahidə edirlər. Bəxtiyar paşa Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan üzrə rəsmi təmsilçisidir.

Bəlli olduğu kimi, Azərbaycan XTQ-si, orudumuzun digər bölmələri vaxtaşırı qardaş Türkiyənin silahlı qüvvələri ilə də birgə təlimlər keçirir. Belə təlimlərdən biri İranla sərhəddə reallaşa bilərmi? Bu, son vaxtlar Azərbaycanı açıq hərbi təhdidlərə keçən İran üçün “soyuq duş” effekti yaradardı.

Yeri gəlmişkən, İran ordusu həm Azərbaycanla (azad edilmiş sərhədlərimiz boyu), həm də Türkiyə ilə sərhəddə təxribatçı hərbi təlimlər keçirib. Bu zaman Araz çayının süni körpülərlə keçilməsi də məşq edilib. İndi bu təlimlərə həm də cavab vermiş oluruq. Ancaq ardınca Türkiyə ilə birgə təlimlərə də zərurət var.

Müdafiə Nazirliyi yaxın zamanda müəyyən məlumatlar verəcək” - Üzeyir Cəfərov

Üzeyir Cəfərov

Polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a qeyd etdi ki, iki qardaş dövlət arasında imzalanmış anlaşmaya əsasən general Bəxtiyar Ərsay Azərbaycan Müdafiə Nazirliyində danışman kimi görəvdədir: “Əvvəllər bu məsələ mətbuata açıqlanmırdı, amma indi təqdim olunur. Onun görünməsi o deməkdir ki, türk generallarını bundan sonra tez-tez görəcəyik. Faktiki olaraq Bəxtoyar Ərsay müdafiə nazirinin əvəzedicisidir. Təbii ki, onu göstərməyə bilərdilər. Lakin Türkiyə bununla mesaj verir, tək sözdə yox, əməldə də Azərbaycanın yanında olduğunu nümayiş etdirir. Bu baxımdan türk generalın təlimləri izləməsi lazımlı addım idi”.

Hərbi ekspert hesab edir ki, Azərbaycanın indiki həssas dönəmində qardaş Türkiyənin mənəvi və hüquqi dəstəyinə ehtiyac var: “Türk generalının təlimlərdə iştirakı, təcrübəsini bölüşməsi müsbət haldır. Türkiyə Azərbaycana tam dəstək verəcək. Ordumuzun NATO standartlarına, türk ordu  modelinə keçidinə qədər bu fəaliyyət davam etməlidir”.

Asif Nərimanlı: ”Eskalasiyanın baş verməsi Ermənistana sərf edə bilər”

Asif Nərimanlı 

Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, təlimlərin bir neçə səbəbi var: “Birincisi, İranın mövcud rejimi Azərbaycanın bütün xoş niyyətinə rəğmən, təhdid ritorikasından əl çəkmir, əksinə, barışdırıcı, uzlaşdırıcı mövqeni ”geriçəkilmə" kimi qəbul edərək, Bakının üzərinə gəlməyə davam edir. İkincisi, İranın Azərbaycan ərazisinə mümkün müdaxilə perspektividir. 44 günlük müharibədən sonra İranın təhdidləri artan xətt üzrə inkişaf edir. Lakin bu təhdidlərin bölgədəki şərtləri dəyişdirməyəcəyi də məlumdur və bunun fonunda molla rejiminin müdaxilə ssenarisi də nəzərə alınmalıdır".

Onun fikrincə, Bakı mümkün təhdidlərə və risklərə qarşı hərbi müstəvidə hazırlıq aparır: “Bu həm də o deməkdir ki, Azərbaycan İranın təhdidləri qarşısında öz maraqları və strateji xəttindən geri çəkilməyəcək. Vətən müharibəsində döyüş sənətini yenidən yazan XTQ-nin kazarmalardan çıxarılması da Araza ”körpü atan"lara qarşı adekvat “əzələ nümayişi”dir. İran “Yaşma”nı tanımaq istəyirsə, qardaşı Ermənistandan soruşa bilər".

Ermənistan bu dövlətlər qarşısında da hesabat verməli olacaq"

Əziz Əlibəyli

Siyasi ekspert Əziz Əlibəylinin fikrincə, Müdafiə Nazirliyinin yaydığı fotolarda diqqət edəcəyimiz vacib nöqtə var: “Təlimləri türkiyəli general-leytenant Bəxtiyar Ərsay da izləyib. Bu da Türkiyədən İrana mesaj kimi qəbul olunmalıdır. Hazırda Güney Azərbaycan şəhərləri manatla tədavülə keçir, özlərinə İlham Əliyevi prezident seçir. Bir ordu qalıb, o da Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevlə çox yaxınlaşıb. Hikmət Mirzəyevin rəhbərlik etdiyi xüsusi təyinatlı ordunun ölkəmizin cənub sərhədində təlimə başlaması İranda şok effekti doğurub”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR