İnsanlara hürriyət, millətlərə istiqlal!

Ədalət qulyaşının aşpazı - Zamin Hacı yazır!

2107 02.10.2022 21:59 Yazarlar A A

Sentyabrın 30-da Ali Məhkəmənin plenumu NİDA vətəndaş hərəkatının 2 üzvünə bəraət verdi. Onların cinayət işləmədiyini 9 il sonra rəsmi şəkildə etiraf etdilər. Bundan qabaq o işdəki 6 nəfər bəraət almışdı.

Bəlkə çoxları unudub, ancaq biz həmin səs-küylü əhvalatı yaxşı xatırlayırıq. 2013-cü ildə gənclərin guya hakimiyyət çevrilişinə, təxribatlara əl atacağı iddia olunmuşdu. Səyavuş Novruzovun məşhur “Molotov kotleti” ifadəsi də həmin proses zamanı səslənmişdi. Guya bu gənclər belə yandırıcı, dağıdıcı maddələr düzəltmiş, butulkalara doldurmuş, hakimiyyət nümayəndələrinə tətbiq edəcəkdilər. Bütün saxta cinayət işlərimizin bər-bəzəyi, aksessuarı rolunu oynayan bir neçə kilo narkotik gənclərin yaşadığı mənzillərə qoyulmuşdu.  “Mənbəyi bilinməyən”, guya xaricdən qara qüvvələrin göndərdiyi 90 min manata yaxın pul da müsadirə edilmişdi, halbuki o pulu gənclərdən birinin atası satdığı evə görə almışdı. Lakin bunu kiməsə sübut etmək olardı? Tam uydurma ittihamlarla 8 gəncin həyatı qaraldıldı, uzun müddətə (5, 6, 8 il) zindana salındılar. Vəkillərin, xüsusilə rəhmətlik Elton Quliyevin zəhməti puça getmişdi.

İndi isə səssizcə bəraət verilir. Bu bəraət haqda nə AzTV-də, nə İTV-də, nə qəzetlərdə hansısa bağır-çığırlı süjetlərə rast gəlmək mümkün deyil. “Lider” telekanalizasiyası – belə şər-böhtan kampaniyalarının bədnam lideri də çoxdan cəhənnəmə vasil olub. Necə deyərlər, güman gələn hər yer tıxanıb. Lakin heç olmazsa mən bu balaca köşəciyimdə bir-iki sual vermək istəyərdim. Cavab istəmirəm, elə-belə, özüm üçün donquldanıram.  

Həmin saxta hökmləri çıxaran adamın ismi-“şərifi” Cavid Hüseynovdur. Cavid İbadulla oğlu Hüseynov. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir. Bu yoldaşın həmin saxta hökmü nəticəsində Azərbaycan büdcəsi yüz minlərlə manatlıq ziyana düşüb. Çünki Ali Məhkəmənin plenumu özxoşuna, kefdən çağırılmayıb, hakimiyyət bəraəti heç arzu etməzdi, bunu Avropa Məhkəməsinin qərarları məcbur edib. Həmin qərarlara əsasən hökumət o 8 nəfər gəncin hər birinə dəymiş ziyana görə ən azı 20 min avro ödəməlidir. Vəkillərin xərcləri üzrə məcburi kompensasiyanı da üst-üstə gələndə, hökumətimiz bu cinayət işi üzrə “məhkumlara” təxminən 200 min avro ödəməliydi.

İndi biz baxaq görək Cavid müəllim bu saxta hökmünə görə hansısa töhmətdən-zaddan alıbmı? Əksinə, yağlı mükafatlar alıb və bu gün də Bakı Ağır Cinayətlər Məhkəməsində sağa-sola qətnamə yağdırır. Hər ay onlarla işə baxır. Narkotiklər, qətllər və sairə... Ağır cinayətlərə yüngül adam baxmaz ki? Sanballı hakimi işlətməliyik. Məsələn, Elnur Həsənov kimi yüngül çəkili hakimlər (Avropa Məhkəməsində uzağı 5-10 min avroluq cərimə yazdıranlar) işə yaramır. Bizə sərt hakimlər lazımdır. Çəkicini vuranda ildırım çaxsın, göy guruldasın, Femida xanım uşaq salsın – məsəl üçün.

Görəsən Cavid müəllimin hazırda baxdığı işlərdən neçəsini Avropa Məhkəməsinə, Ali Məhkəmənin plenumuna sürüyüb apara bilsək, bəraətdən-zaddan çıxardarıq? Mənə məlum deyil. Şübhələrim var, lakin şübhə ittiham üçün əsas ola bilməz. Cavid müəllimi də suçlamağa hər hansı ixtiyarımız yoxdur. Təqsirsizlik prezumpsiyası (indi fikir verdim, bunun içində “zump” səsi var; elə bil günahsız adamın böyrəyinə təpik qoyursan), hakimin toxunulmazlıq hüququ, nə bilim, cücəplov, antrikot, bəraət xaşı, hüquq dolması, ədalət qulyaşı...

Sözgəlişi, bir dostumuz iddia edir ki, “qulyaş” sözü türk köklü sözdür. Keçmişdə türk ordularında əsgərlərə aş hazırlayanda əti bu üsulla bişirirmişlər, “qul aşı” ifadəsi illər keçdikcə xarici dillərə “qulyaş” şəklində ötürülüb.

Maraqlı versiyadır. Cavid müəllimin adının mənasını isə mübahisəsiz bilirik. “Əbədi, daimi, həmişə” deməkdir.

Uzun sözün qısası, Cavid müəllim əbədiyyətə qədər bizimlədir.     

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR