İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyaya nümunə olan xeyriyyəçilik missiyası

402 14.02.2023 18:10 Siyasət A A

“Səkkiz gündür ki, həm türk, həm də Azərbaycan xalqı dərin sarsıntı, qəm, kədər içərisindədir. Qardaş ölkədə baş vermiş dəhşətli zəlzələ hamımızı sarsıtdı. Qışın qarlı, şaxtalı havasında qardaş və bacılarımızın çətin vəziyyətə düşmələri, dağıntılar altında qalmaları bizim üçün də böyük faciədir. Qardaş Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbərləri dərin kədər hissi ilə qarşılayırıq. Əsrlərdir ki, həm sevincli, həm də kədərli günlərdə, çətin anlarda Azərbaycan daim Türkiyənin, Türkiyə isə Azərbaycanın yanında olub. Azərbaycan Prezidenti İlham Əliyevin zəlzələ baş verən gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng etməsi də iki qardaş ölkənin sarsılmaz birliyindən xəbər verir”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, zəlzələ baş verən gün Azərbaycan öz köməyini əsirgəmədi. Bundan əlavə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, fevralın 9-da Türkiyəyə Heydər Əliyev Fondunun ilk humanitar yardım təyyarəsi göndərildi. Fondun qardaş ölkəyə ezam olunan əməkdaşları zəlzələdən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər çatdırdılar. Azərbaycanın birinci xanımının göstərişinə əsasən, Türkiyənin zəlzələ bölgəsinə növbəti humanitar yardım təyyarəsi yola düşüb. Budəfəki humanitar yardıma faciədən zərər çəkmiş şəxslər üçün zəruri olan əlavə avadanlıqlar, o cümlədən qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədi ilə ləvazimat və avadanlıqlar daxil idi.

Ç.Qənizadə qeyd edib ki, Heydər Əliyev Fondunun, fondun prezidenti Mehriban xanım Əliyevanın xeyirxahlıq missiyası dünyaya nümunədir. Dünyanın əksər ölkələrində bu xeyirxahlığın izləri var. İnsanların ümidlərini doğrultmaq və xeyirxahlıq etmək fondun bütün fəaliyyətində aparıcı istiqamət təşkil edib və bu gün də həmin missiya uğurla davam etdirilir. Heydər Əliyev Fondu bir-birindən dəyərli layihələri ilə təhsil, səhiyyə, mədəniyyət sahələrində inkişafın təmin olunmasına, insan hüquq və azadlıqlarının keşiyində etibarlı dayanmaqla vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu siyasətinə öz layiqli töhfəsini verib və bundan sonra da verəcəkdir. Birinci xanım bu barədə instaqram hesabında da paylaşım edərək yazıb ki, hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olmaq, əl-ələ verərək çətinliklərdən və sınaqlardan birlikdə üzüağ çıxmaq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biridir. Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk saatlarından Türkiyə xalqına göstərdiyiniz dəstək xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin, qarşılıqlı sevginin sarsılmazlığının, möhkəmliyinin, əbədiliyinin növbəti əyani sübutudur.

Hüquq müdafiəçisi vurğulayıb ki, daim bir-birinə dəstək , beynəlxalq təşkilatlarda arxa-dayaq olan iki qardaş dövlət bu faciəvi hadisənin qarşısının alınmasında da həmrəylik nümayiş etdirir, birgə fəaliyyət göstərirlər. Bu, əsl dostluq və qardaşlıq nümunəsidir. Yəqin ki, heç kim iki il əvvəl 44 gün davam edən və Azərbaycanın tarixi Qələbəsi ilə yekunlaşan Vətən müharibəsini unutmayıb. Bu, qardaşlıq və dostluq Azərbaycan-Türkiyə münasibətlərinin unikallığının bariz nümunəsidir. Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır. “Türkiyə-Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın ölkələrdir. Dövlətlərimiz çox böyük sınaqlardan keçib və keçir. Azərbaycanın qədim və tarixi şəhərində - Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması iki ölkə arasında əlaqələrin müttəfiqlik səviyyəsinə qaldırdı. Azərbaycanla Türkiyə həm dost, həm qardaş, həm də artıq rəsmən müttəfiqdir” - deyə Ç.Qənizadə bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR