İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın unutduğu müharibə; Yəmən savaşının 7-ci ili tamam olur

1012 26.03.2022 17:31 Gündəm A A

 

Martın 26-da Yəmən müharibəsinin 7 ili tamam olur. 2015-ci il martın 26-da Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi 10 ölkədən ibarət hərbi koalisiya Yəmənə hərbi müdaxiləni başladıb. Koalisiyanın əsas hədəfi Yəmən husilərini məğlub edərək paytaxt Sənadan çıxarmaq və inqilabdan sonra prezident səlahiyyətlərini icra edən Əbdürrəbi Mansur Hadini hakimiyyətə qaytarmaq idi.

Ancaq Yəmən proseslərinin pərdə arxası İran və Səudiyyə rəqabəti di. 2014-cü ilin sentyabrında şiə-zeydi məzhəbində olan husilərin (Ənsarullah hərəkatı –K.R.) paytaxt Sənaya hücum edərək hakimiyyəti ələ keçirməsi Səudiyyə Ərəbistanında narahatlıq yaratdı. Çünki husilər İranla yaxın idi, Yəmənin şimalında möhkəmlənən husilərin Səudiyyə Ərəbistanının cənub torpaqlarına həm coğrafi, həm də dini-ideloji olaraq təsiri vardı. Məhz bu səbəbdən Səudiyyə Ərəbistanı Yəmən kimi həssas qonşuluğunda husi hakimiyyətinə qarşı səbirli davranış göstərə bilmədi.

Yəmən münaqişəsinin həlli istiqamətində ciddi addım

Səudiyyə və Birləşmiş Ərəb Əmirlikləri hərbi aviasiyası və dəniz qüvvələrinin iştirakı ilə ağır bombardmanlarla başlayan müharibə artıq 7 ildir davam edir. Kişik atəşkəs fasilələri və 2018-ci ildə İsveçdə keçirilən sülh danışıqları nəzərə alınmazsa müharibə fasiləsiz davam edir. Lakin ərəb koalisiyası husi Ənsarullah hərəkatının qurduğu hakimiyyəti devirə bilmədi, ölkə faktiki olaraq parçalanmış vəziyyətdədir.

Yəmənin şimal və mərkəz hissəsi husi ittifaqının qurduğu hökumətin nəzarətindədir. Cənub ərazilərinə isə Mansur Hadinin lideri olduğu keçmiş hökumət qüvvələri, koalisiya ordusu nəzarət edir. Eyni zamanda bəzi ərazilərdə hələ də Ərəbistan yarımadası əl-Qaidə təşkilatı qüvvələri nəzarət edir. Koalisiyaya daxil olan keçmiş Cənubi Yəmən qüvvələri isə vaxtaşırı olaraq Cənubi Yəmənin yenidən bərpası məsələsini qaldırır. Bilindiyi kimi, 1967-ci ildən 1990-cı ilə qədər Yəmənin cənubunda sosialist bloka yaxın olan Cənubi Yəmən və ya Yəmən Xalq Demokratik Respublikası fəaliyyət göstərib. Yalnız Səudiyyə Ərəbistanı və BƏƏ rəsmilərinin müdaxiləsi ilə cənub separatçılarını hələlik koalisiyada saxlamaq mümkün olub.

Yəməndə vətəndaş müharibəsi: İran amilinin təsiri | GeoStrategiya

Husilər isə təslim olmaq fikrində deyil. Dünyanın ən böyük büdcəyə malik və ən müasir texnologiya ilə silahlanmış orduları siyahısında olan Səudiyyə Ərəbistanı ordusu və eləcə də cəlb olunmuş muzdlu qüvvələr 7 ildir dağlarda müqavimət göstərən sözün həqiqi mənasında ac Yəmən husilərini məğlub edə bilmir. Dağlara yaxşı bələd olan yüngül silahlarla silahlanmış husilər koalisiya qüvvələrinə ağır zərbələr endirir.

Martın 25-də husilər Səudiyyə Ərəbistanı ərazilərini raket və PUA-larla vurub. Zərbələr Ciddə şəhərindəki “ARAMCO” neft şirkətinə məxsus terminallara, Cizan əyalətindəki elektrik paylayıcı stansiyasına və Dahran rayonunda su təmizləyici stansiyasına endirilib. Ərəb koalisiyasının sözçüsü Türki əl-Maliki rəsmi dövlət agentliyi SPA-ya bildirib ki, hücum nəticəsində “ARAMCO”-ya məxsus iki neft anbarında yanğın baş verib. Hazırda yanğının nəzarət altına alındığını deyən Maliki hücumun “qlobal neft bazarına təsir etmək məqsədi daşıdığını” bildirib.

Yəmən (husi) ordusunun sözçüsü Yəhya Səri verdiyi brifinqdə Səudiyyə Ərəbistanı paytaxtı ər-Riyad, Ciddə, Cizan və daha bir neçə regionun raket və PUA ilə vurulduğunu bildirmişdi. Ərəbistan tərəfi isə raketlərin paytaxt Səna və Hudeydə liman şəhəri ərazisindən atıldığını bəyan edib.

Yəmən ordusu ABŞ-ın pilotsuz aparatını vurub - Islam Times

Ümumiyyətlə, xüsusən də son 3 ildə husilər Səudiyyə Ərəbistanı və BƏƏ-yə məxsus strateji əhəmiyyətli məntəqələri bombalayırlar. Bir neçə ay əvvəl BƏƏ ərazisində hava və dəniz limanları, terminallar hədəfə alınmışdı.

Ehtimal olunur ki, Yəmən husiləri yeni raket və PUA texnologiyalarını İrandan alır. İran husilərə dəstəyini gizlətmir. Xüsusən də 2014-15-ci illərdə Səudiyyə Ərəbistanı ilə münasibətlərin düşmənçilik səviyyəsinə çatdığı dövrdə husilərə İran tərəfindən ciddi dəstək olub. Husilərin BƏƏ və Səudiyyə Ərəbistanı ərazisinə hücumlarda istifadə etdiyi “Qüds-2” və “Zülfüqar” ballistik raketləri, eləcə də “Samad” adlı PUA-ların İran texnologiyası əsasında Yəməndə hazırlandığı ehtimal olunur.

Ancaq hər tərəfdən blokadaya alınan Yəmənə silah və texnikanın hardan və necə keçirilməsi məlum deyil.

Maide.az

Koalisiya aviasiyasının husi mövqelərini bombalaması nəticəsində ötən ilin yayından bu yana 15 minə yaxın yəmənli ölüb. Ancaq koalisiyanın havadakı üstünlüyünü quruda təmin etməsi çətindir. Bu səbəbdən də müharibə uzanır. Bayden prezident kimi fəaliyyətə başladıqdan sonra ABŞ-ın Yəmən müharibəsində koalisiyaya dəstəyi dayandırması husilərin vəziyyətini bir qədər yaxşılaşdırsa da, hələlik tərəflərdən heç biri sahədə əzici üstünlüyə malik deyil.

Hazırda bu müharibənin bitməsi üçün yeganə şans Səudiyyə Ərəbistanı və İran arasında davam edən barışıq müzakirələridir.
Əgər iki ölkə arasında münasibətləri qaydaya salmaq mümkün olarsa, o zaman bu barışıq Yəmənə də sirayət edə bilər. Əks təqdirdə hazırda 30 milyona yaxın əhalisi olan Yəməndə əhalinin 80 faizi yardıma möhtacdır. Milyonlarla insan aclıq çəkir, qida, təmiz su və dərman çatışmazlığı yaşanır. Ötən 7 il ərzində 80 mindən çox uşaq aclıqdan, xəstəlikdən və bombardmanlar nəticəsində dünyasını dəyişib. BMT-nin məlumatına görə Yəməndə hər 10 dəqiqədə bir uşaq ölür. Və bütün bunlar 7 ildir davam edir.

Kənan Rövşənoğlu,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR