İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın ən varlı azərbaycanlısı - Vahid Ələkbərovun “Lukoyl”dan getməsinin pərdəarxası

2970 23.04.2022 09:30 Gündəm A A

İqtisadçı ekspert: “Ələkbərovun əlində özünün və ailəsinin səhm paketi  var, ona görə də...”

Azərbaycan əsilli iş adamı Vahid Ələkbərov “Lukoyl”un Direktorlar Şurasını və şirkətin rəhbəri vəzifəsini tərk edib. ““Lukoyl” ASC-nin prezidenti və Direktorlar Şurasının üzvü Vahid Yusifoviç Ələkbərov şirkətin Direktorlar Şurasının üzvü kimi səlahiyyətlərindən imtina etmək, habelə prezidenti vəzifəsindən vaxtından əvvəl istefa vermək barədə qərarı ilə bağlı ASC-ni məlumatlandırıb”, - deyə açıqlamada vurğulanıb.

Bildirilir ki, martın 31-nə olan məlumata görə, Ələkbərov “Lukoyl” şirkətinin səhmlərinin 3,12%-nə nəzarət edirdi. Bundan əlavə, sahibkar etimad və investisiya fondları vasitəsilə səhmlərin 5,43%-ində benefisiar iqtisadi marağa (səsvermə hüququ olmadan) malik idi. Qeyd edək ki, Ələkbərov 1993-cü ildən şirkətə rəhbərlik edib. Bundan əlavə, sahibkar “Spartak” futbol klubuna nəzarət edir.

Vahid Ələkbərovun gedişinin səbəbləri nədir? Bundan sonra şirkəti nə gözləyir? Bunun Azərbaycana təsirləri olacaqmı?

Yada salaq ki, bir müddət öncə Böyük Britaniya Vahid Ələkbərova qarşı sanksiya tətbiq edib. O, Rusiya Federasiyasının ən zəngin 10 milyarderindən biridir. “Bloomberg Billionaires Index (BBI)” reytinqinin məlumatına əsasən, cari ilin əvvəlindən 71 yaşlı Vahid Ələkbərovun sərvəti 17,4 milyard dollar həcmində azalıb. Dekabr ayında milyarderin sərvəti 26,16 milyard dollar olaraq qiymətləndirilirdi.

Məlumat üçün bildirək ki, 1991-ci ilin sonunda Perm, Volqoqrad və Majeyski zavodları ilə Lanqenpasneftqaz, Urayneftqaz və Koqalımneftqaz (sonradan bu üç zavodun baş hərfləri “Lukoyl” şirkətinin adına çevrildi) arasında müqavilənin imzalanmasına nail olaraq, Rusiyada ilk neft konsernini yaradıb. 1993-ci ildən Lukoyl şirkətinə prezidentlik edib. Vahid Ələkbərov rəsmi olaraq dünyanın ən varlı azərbaycanlısı hesab edilir.

Quru sərhədlərinin bağlı qalmasının heç bir məntiqi yoxdur” - Natiq Cəfərli  » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərova birbaşa sanksiyalar tətbiq olunub: “Ən kəskini isə Britaniya tərəfindən tətbiq olunub. Bu sanksiyalar nəticəsində Vahid Ələkbərovun xaricə səfərləri, müəyyən müqavilələrin imzalanması, hansısa layihələrdə iştirakı mümkünsüzdür. Ona görə də fərdi sanksiyalar olduğu üçün ”Lukoyl" kimi özünün qurduğu şirkətin idarə etməsindən ən azı formal olaraq kənarlaşır. Sənədlərdə artıq nə İdarə Heyətində təmsil olunacaq, nə də baş direktor olacaq. Amma bu o demək deyil ki, “Lukoyl”un idarəetməsində kənardan iştirak etməyəcək. Çünki əlində özünün və ailəsinin səhm paketi də var. O, səhmdar olaraq müəyyən idarəetmədə qərarların verilməsinə qatılacaq. Ona görə də əsas səbəb sanksiyalardır. Sanksiyalardan müəyyən dərəcədə şirkəti qorumaq üçün, şirkətin xarici aktivlərində  müəyyən problemlərin yaranmasının qarşısını almaq üçün bu addımı atıb. Təbii ki, bunun “Lukoyl”a təsiri olacaq.

Vahid Ələkbərov böyük maliyyə itkisi ilə üzləşəcək

Söhbət tək Vahid Ələkbərovun getməsindən, idarəetməni tərk etməsindən getmir. Ümumiyyətlə, sanksiyaların Rusiyanın neft-qaz sektoruna kəskin təsirləri olacaq. İstər satışların həcminə təsirindən, istərsə də təmir-tikinti işlərində müəyyən avadanlıqların alınmasında kifayət qədər ciddi problemlərin olması gözlənilir. Ona görə də özünün fərdi qaydada məsuliyyətini nəzərə alaraq kənarlaşsa da, şirkətlə bağlı problemlərin davamlı olacağı ehtimalı kifayət qədər yüksəkdir.

O ki qaldı Azərbaycanla münasibətlərə, “Lukoyl”un ölkəmizdə neft-qaz sektorunda bir neçə layihəsi var. Bank sektorunda “Lukoyl” Şirkətin, yəni Vahid Ələkbərova aid qrupun aktivləri var. Onlara hansısa ciddi təsirin olacağını düşünmürəm. Çünki bu təsirləri minimallaşdırmaq üçün Azərbaycan da müəyyən işlər görür. Birincisi, sanksiyalara biz qoşulmamışıq. Sanksiyalara qoşulmamaq müəyyən üstünlüklər verir. İkincisi də, Azərbaycan bu sanksiya məsələsində daha ehtiyatlı davranır, ona görə də Azərbaycanın maraqlarına ziyan vura biləcək hansısa bir müqavilələrdə, yaxud əməkdaşlıqda çox güman ki, ölkəmiz iştirak etməyəcək. Amma indi davam edən layihələrə ciddi təsir edəcəyini düşünmürəm. Onsuz da “Lukoyl”un Azərbaycanın neft-qaz layihələrində payı o qədər də böyük deyil. Ona görə də ciddi ziyan vuracağını da açığı təsəvvür etmək çətindir. Bəzi layihələrdə hətta 2-3 faizi keçmir".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR