İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanı qarışdıran ABŞ-dırmı: Çin nə demək istədi - Rusiyaya qahmarlıq, yoxsa... 

1186 23.02.2023 08:25 Siyasət A A

Hazırda dünya çalxalanır, həm iqtisadi təlatümlər, həm siyasi gərginliklər, həm də müharibələr, xüsusilə Ukrayna üzərindən Qərb-Rusiya savaşı təhlükəli hal alır. Dünyanın yenidən bölüşdürülməsi prosesinin amansız bir mərhələsindəyik.

Bu, əlbəttə ki, qlobal güclərin maraqlarından doğan məsələdir. Hazırda dünyada əsasən 2 güc üz-üzə dayanıb - Qərb və Rusiya. Əksəriyyət bu savaşda Qərbin tərəfində olsa da, Çin kimi nəhəng bir dövlət, o cümlədən Hindistan da Rusiyadan yanadır. Çin ötənlərdə Amerika ilə dil tapmağa çalışsa da, artıq mövqeyini qətiləşdirib və ABŞ-ı baş verən çaxnaşmalarda konkret günahkar elan edib.

“ABŞ hegemonluqdan əl çəkməlidir”.

Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü deyib: “ABŞ əsassız iddialar səsləndirməkdənsə, öz üzərində düşünməli, yanlış təcrübələrini düzəltməli və hegemonluqdan əl çəkməlidir. Bu ölkə digər ölkələrin suverenliyinə hörmət etməli, onlarla sülh şəraitində yaşamalı və "qazan-qazan" əməkdaşlığına çalışmalıdır".

Çin XİN-in təmsilçisi ABŞ-ı beynəlxalq qaydaları və nizamı pozmaqda ittiham edərək, onu “təxribatçı” adlandırıb. “Hegemonluq onun beynəlxalq qaydalara və beynəlxalq məsələlərə yanaşmasının əlamətidir. Ukrayna böhranı bizə döyüşdə qalibin olmadığını, dialoq və danışıqların yeganə çıxış yolu olduğunu öyrətdi. Bütün tərəflər, xüsusən də böyük ölkələr alova yanacaq tökməkdənsə, böhrandan qazanc əldə etməkdənsə, siyasi həll yolu axtarmağa kömək etməlidir”.

Çin düzmü deyir? Dünyanı qarışdıran ABŞ və onun hər kəsi özünə tabe etdirmək cəhdləridirmi? Burada həqiqət payı nə qədərdir? Bu açıqlamadan sonra Çinlə ABŞ-ın münasibətlərinin kəskinləşəcəyini gözləmək olarmı?

Fayl:Elman Nəsirov.jpg — Vikipediya

Elman Nəsirov: “1-2 ildən sonra Amerika Tayvan üzərindən Çinlə toqquşacaq”

Deputat Elman Nəsirov “Yeni Müsavat”a açıqlamasında Pekin-Moskva yaxınlaşmasının sürətləndiyini qeyd etdi: “Məşhur bir deyim var: "Təhlükənin olduğunu hiss etməməyin özü ən böyük təhlükədir". Bəlkə də dünyamız heç bir zaman indiki qədər təhlükəli olmayıb. Çünki ən təhlükəli zamanlardan biri olan soyuq müharibə dövründə Birləşmiş Ştatlar-NATO bir tərəfdən, Sovetlər İttifaqı, Varşava Müqaviləsi Təşkilatı digər tərəfdən isti müharibəyə başlamadılar. Çünki ortada çox ciddi hüquqi sənədlər var idi ki, qarşı tərəflər ona imza atmışdılar və bu beynəlxalq təhlükəsizliyi təmin edirdi. Amma bugünkü reallıq odur ki, sanki dünyamız Allah-Allaha qalıb. Bu gün Birləşmiş Ştatlarla SSRİ-nin varisi kimi özünü elan etmiş Rusiya arasında artıq heç bir hüquqi sənəd işləmir. Yeganə işlək hüquqi sənəd 2011-ci ilin 5 fevral tarixində imzalanmış Strateji Hücum Silahlarının Məhdudlaşdırılmasına dair müqavilə idi. Rusiya Prezidenti Vladimir Putin fevralın 21-dəki Federal Məclisə müraciətində bəyan etdi ki, Rusiya Amerikanın atdığı son addımları nəzərə alıb, həmin müqavilədəki fəaliyyətini dayandırır. Eyni zamanda bildirdi ki, Amerika yeni nüvə sınaqları keçirməyə hazırlaşır, yeni nüvə silahları üzərindəki işlərini yekunlaşdırıb və belə bir addımı Birləşmiş Ştatlar atarsa, dərhal Rusiya nüvə sınaqlarına başlayacaq. Eyni zamanda Putin söylədi ki, Rusiya indi formalaşmış şəraitdə strateji hücum silahlarından istifadə etməkdə sərbəstdir. Yəni istisna deyil ki, onu həm də istədiyi ölkəyə sata bilər. Məsələn, tutaq ki, İrana sata bilər. Bu baxımdan deyirəm ki, dünyamız çox mürəkkəb bir dövrə daxil olub. Faktiki olaraq bu gün III dünya müharibəsini yaşayırıq, bəlkə bundan xəbərimiz yoxdur. Çünki Rusiya-Ukrayna müharibəsində faktiki bütün Kollektiv Qərb iştirak edir. Birləşmiş Ştatların prezidenti Co Baydenin sözləri ilə desək, “bu müharibəyə 50-yə yaxın ölkə Qərbin yanında artıq bu və ya digər şəkildə qoşulub, iştirak edir”. Ancaq məsələ ondadır ki, Rusiya rəhbərinin Federal Məclisə müraciəti də, eyni zamanda Ağ Ev sahibi Baydenin Varşavada səsləndirdiyi fikirlər də bu qənaətə gəlməyə əsas verir ki, tərəflər bir-birinə güzəştə getmək niyyətində deyil. Belə olan halda dünyanın digər fövqəl dövlətinin, yəni Çinin davranışlarından çox şey asılıdır. Və məlum olur ki, Pekin Kollektiv Qərb-Rusiya qarşıdurmasında Moskvanın yanındadır. Bunu açıq mətnlə ifadə edir. Rəsmi Pekin faktiki olaraq, ABŞ-ı dünya hegemonluğunda və dünyanın ayrı-ayrı ərazilərindəki ölkələrin daxili işlərinə qarışmaqda ittiham edir. Hesab edir ki, bugünkü qlobal qarşıdurma mühitinin formalaşmasına görə bütün məsuliyyət ABŞ-ın üzərinə düşür və bu onun hegemonluq siyasətinin məntiqi nəticəsidir. Bu gün artıq Moskva-Pekin oxu getdikcə güclənməkdədir. Dediyim kimi, bir müddət Pekin Rusiyanı dolayısı ilə müdafiə edirdisə, indi açıq şəkildə bu fikirləri səsləndirir".

Deputat Çinin Rusiya seçiminə də xüsusi diqqət ayırdı: “Mənə elə gəlir ki, Çinin bu cür açıq şəkildə Rusiyanın yanında yer almasını şərtləndirən ən mühüm amil Tayvan böhranı ilə bağlıdır. Bu gün izləsəniz artıq görərsiniz ki, bu fikirlər daha çox səslənməyə başlayır ki, Birləşmiş Ştatlar 1-2 ildən sonra əsas qarşıdurma meydanını Ukraynadan Çinə, yəni Tayvan istiqamətinə transfer edəcək. Bu mövqeyini əsaslandırmaq üçün Çin, eyni zamanda Rusiya ekspertlərinin belə bir mövqeyi var ki, necə Tramp gözlənilmədən Kiyevə gəldi, 2019-cu ildə də gözlənilmədən həmin Tramp Əfqanıstana gəldi, onun ardınca da Əfqanıstandan ABŞ qoşunlarının çıxarılmasına başlanıldı. Bununla Əfqanıstan cəbhəsindən Amerika uzaqlaşdı. Çünki 1-2 il sonra yeni cəhbə açmaq niyyətində idi. Bu cəbhə isə Ukrayna idi. ABŞ bu qənaətə gəldi ki, eyni vaxtda iki cəbhədə döyüşmək olmaz. Ukrayna və Əfqanıstan cəbhələrində döyüşmək Amerikanın strateji maraqlarına cavab verə bilməzdi, həm də çox böyük bir yük olardı. Ona görə də Əfqanıstanı tərk edib Ukraynaya gəldilər. İndi də belə fikirlər var ki, 1-2 ildən sonra Amerika Tayvan üzərindən Çinlə toqquşacaq. Qarşıdurma teatrı Tayvan istiqaməti olacaq. Belə olan vəziyyətdə Ukraynadan qoşunlarını çıxarıb Çin cəbhəsinə yönəldəcək. Bu kimi fikirlər bu gün çox müzakirə olunur və təhlil edilir. Ona görə də Çin ayıq-sayıqdır. Düşünür ki, 1-2 ildən sonra Rusiyanın Ukraynada üzləşdiyi vəziyyətə oxşar vəziyyətlə o da üz-üzə qala bilər. Bu versiya bugünlərdə Qərb və Çin mediasında yer alan əsas versiyalar sırasındadır. Düşünürəm ki, böyük dövlətlər vaxt itirmədən bir araya gəlməli, Ukrayna böhranının həlli ilə bağlı çox ardıcıl, sistemli və qətiyyətli addımlar atmalıdırlar. Əks təqdirdə, bir daha vacib məqamı xatırladım ki, yeganə işlək sənəd olan Strateji Hücum Silahlarının Məhdudlaşdırılması ilə bağlı 2011-ci il sənədi idi. O da artıq 21 fevraldan etibarən daha işləmir. Strateji hücum silahları dedikdə söhbət ilk növbədə nüvə başlıqlarından gedir. Nəticədə mövcud vəziyyətin nüvə müharibəsinə gəlib çıxacağı istisna olmaya bilər. Bütün bunları nəzərə alıb bir daha vurğulamaq istəyirəm ki, dünya heç zaman indiki qədər təhlükəli olmayıb. Əgər Ukraynadakı müharibənin dayandırılması ilə əlaqədar həlledici qərarlar qəbul edilməsə, artıq biz yeni bölgələrdə daha qlobal müharibə şəraiti ilə üzləşə bilərik. Onun isə aparıb nüvə müharibəsinə çıxarmayacağına heç kimsə qarantiya verə bilməz”.

Pelosi gedir, yerinə Pelosi-2 gəlir? - Ermənilərin ABŞ sarıdan  arxayınçılığının səbəbi

Şəhla Cəlilzadə: “Bu, yenidən qütbləşən dünyada Rusiya-Çin ittifaqını nümayiş etdirir”

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadənin sözlərinə görə, 21 fevralda dünyada tarixi bir gün yaşanıb: “Bir tərəfdən Rusiya Prezidenti Putin Moskvadan, digər tərəfdən ABŞ Prezidenti Bayden Kiyevdən dünyaya mesajlar verdilər, qlobal güc (global power) adına iddialı dövlətlərin dünyanı bölüşdürmək uğrunda mübarizəsinin yeni bir mərhələsinə qədəm qoyulduğu anlaşıldı. Həmçinin ruslar üçün ana dövlət sayılan Ukraynanı əlinə alan, Şimali Atlantik Müqaviləsi Təşkilatını (NATO-nu) şərqə və şimala (İsveç və Finlandiya) genişləndirməyə çalışaraq təsir dairəsini artırmağa iddialı olan Baydenə qarşı Çin rəhbəri Si Tsinpinin açıq bəyanatı qlobal yarışda Çinin mövqeyini bəlli edir. Onun qarşıdakı aylarda Moskvaya səfər edərək Rusiya Prezidenti ilə sammitdə iştirak edəcəyinin mediaya açıqlanması artıq yenidən qütbləşən dünyada Rusiya-Çin ittifaqını nümayiş etdirir. Burada hər üç tərəfin mesajlarına diqqət edərək bir sıra məqamlara vurğu etmək olar. Məsələn, Putinin bütün dünyada köklü dəyişikliklər dövrüdür deməsi, Ukraynaya nə qədər çox uzaqmənzilli raketlər gələcəksə, Rusiyanın təhlükəni öz sərhədlərindən bir o qədər uzağa daşıyacağına dair açıq mətnlə çıxış etməsi və sonda Rusiyanın "Strateji hücum silahlarının azaldılmasına dair" müqavilədə iştirakını dayandırdığını ultimatum şəklində dünyaya bəyan etməsi hazırda Ukrayna sərhədləri daxilində baş verən müharibənin qarşıdakı dövrdə bu sərhədləri aşaraq yeni Avropa ərazilərini əhatə etmə təhlükəsini büruzə vermiş oldu. Buna cavab olaraq Bayden öz çıxışında NATO-nun 5-ci maddəsini xatırlatdı: ittifaq ölkələrindən birinə hücum bütün ittifaq üzvlərinə hücum deməkdir və kollektiv müdafiə prinsipini özündə ehtiva edir. Odur ki, qarşıdakı dövrdə Qərb-Rusiya müharibəsinin yeni mərhələsinin, hətta strateji hücum silahlarının (nüvə silahı nəzərdə tutulur) istifadəsi ehtimalının olduğu bir təhlükəli mərhələnin şahidi ola bilərik. Burada Çin təbii ki, Qərb deyil, Rusiya cəbhəsində yer alacaq. Yeni münaqişə coğrafiyaları yarana bilər, bura Avropada Polşa və Moldova əraziləri, Asiyada isə Tayvan aid edilə bilər. Təsadüfi deyil ki, Bayden Kiyevdəki nitqindən dərhal sonra Polşa baş naziri Moravietski və Moldova Prezidenti Sandu ilə görüşüb və hər iki dövlətin ərazi bütövlüyünün qorunmasına ABŞ-ın güclü dəstəyini ifadə edib. Bilirik ki, Moldova da Qarabağabənzər Dnestryanı ərazi münaqişəsinə malikdir. Maraqlıdır ki, Atlantik Şurası tərəfindən qarşıdakı 10 il ərzində dünyamızda baş verəcək dəyişikliklərlə bağlı 167 ekspertlə keçirilən sorğu ttps://stm.az/az/news/1110/2023-2033-cu-iller-ucun-qlobal-texminler-neticieler-ve-rey əsasında iddia/təxmin edilir ki,  Rusiya yaxın dövrdə parçalanacaq, Çin isə Tayvana hücum edəcək. Yəni Rusiyanın kollektiv Qərbə qarşı müharibəsindən qalib çıxma şansı sıfıra bərabər edilir. Bu fonda Çinin Tayvana müharibəsi, həmçinin qlobal güclərin yeni mübarizə arenasında ABŞ-Çin qarşıdurmasını gündəmə gətirə bilər. Çin də məhz bunları nəzərə alaraq ABŞ-a aydın formada müraciət edir ki, hər kəsin qazandığı (win-win) ssenarini seçsin, müharibə və münaqişələrlə dolu dünya ssenarisini deyil. Çünki müharibənin (xüsusilə nüvə güclərinin müharibəsinin) qazananı olmur, sülhün isə dəyəri onun əhəmiyyətindədir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR