İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada dollar qıtlığı Azərbaycana bahalaşma vəd edir

1107 10.03.2023 13:43 İqtisadiyyat A A

İdxaldan asılı ölkə olduğumuz üçün bu proses inflyasiyanın kəskin şəkildə sürətlənməsinə səbəb ola bilər

Dünya dolların bahalaşmasının mənfi təsirlərini hiss etməyə başlayır. Nüfuzlu “Bloomberg” agentliyində dərc olunan məqalədə bildirilir ki, hazırda dünya bazarında dollar qıtlığı səbəbindən böhran yaşanır.  Məqalə müəllifi bir sıra ölkələrdə yaşanan iqtisadi problemlərdən nümunə gətirib. Qeyd olunub ki, Şri-Lankada xəstəxanalar əməliyyatlarını təxirə salır, Nigeriyada beynəlxalq uçuşlar dayandırılır, Pakistanda avtomobil zavodları bağlanır, bütün bunlar dollar qıtlığı səbəbindən baş verir.

Agentlik yazır ki, dollar qıtlığının əsas səbəbləri Ukraynada başlayan müharibə və ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) ölkədə inflyasiyanın qarşısını almaq üçün ötən ildən bəri yürütdüyü sərt və məhdudlaşdırıcı monetar siyasətdir. Belə ki, Ukraynadakı müharibə dünya enerjidaşıyıcıları və ərzaq bazarında qiymətlərin kəskin bahalaşmasına, kasıb və inkişaf etməkdə olan ölkələrin xərclərinin onların qarşılaya bilməyəcəyi həddə artmasına səbəb olub. FED qərarları isə dövriyyədəki dollar kütləsinin azalması, dolların məzənnəsinin möhkəmlənməsini şərtləndirib. Bu isə kasıb dövlətlərin irihəcmli xarici borcları qaytarmaq imkanlarını azaldıb. Onların bir çoxu Beynəlxalq Valyuta Fonduna yeni borc üçün müraciət ediblər.

Hazırda qlobal borcun həcmi 315 trilyon dollar civarındadır. BVF qlobal ÜDM-in həcmini 2022-ci ildə 101,56 trilyon dollar səviyyəsində qiymətləndirib. İqtisadi qanunauyğunluğa görə, borc ÜDM-in 70 faizi həddini keçərsə, bu, iqtisadiyyatda çox ciddi risklər formalaşdırar.

Qeyd edək ki, martın 6-da FED rəhbəri Cermei Pauell Senatın büdcə komitəsindəki çıxışında bildirib ki, inflyasiya səviyyəsinin azalması onların gözlədiyi sürətlə baş vermir. Onun sözlərinə görə, hətta hazırda ABŞ-da inflyasiya təzyiqi bir ay əvvəlkindən daha yüksəkdir: “Son aylarda inflyasiyanın azalmasına baxmayaraq, onun 2 faizə düşməsi uzun müddət tələb edəcək və bu dövr problemsiz keçməyəcək”.

Pauellin bu açıqlaması FED-in növbəti iclasında uçot dərəcəsinin gözlənildiyi qədər - yəni 0,25 faiz bəndi deyil, daha çox - 0,50 faiz bəndi artırılacağı ehtimalını artırıb. “Bloomberg”in yazdığına görə, uçot dərəcəsinin artırılma sürətinin azaldılması iqtisadiyyatdakı qızışmanın qarşısını yetərincə almağa imkan verməyib.

Xatırladaq ki, fevralın əvvəlində FED uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq 4,75 faizə çatdırıb. Bu, 2007-ci ildən bəri ən yüksək göstəricidir.

FED rəhbərinin açıqlamaları dolların əsas valyuta səbətinə (avro, İsveçrə frankı, yen, Kanada dolları, funt-sterlinq və İsveç kronu) qarşı məzənnəsini əks etdirən ICE indeksi 0,75 faiz yüksəlib. Dolların belə yüksəlişi xammal bazarlarında ciddi qiymət enişinə səbəb olur. Çünki dolların möhkəmlənməsi prosesi dövründə belə bazarlara investisiyalar azalır, alışlar düşür.

Dövriyyədə dolların azalması bir sıra ölkələrin iqtisadiyyatında problemləri  daha da pisləşdirib. Dollar qıtlığı xammaldan tutmuş dərman sənayesinə qədər hər sahədə problemlər yaradır. Bu cür tendensiya pul menecerlərini investisiyaların ayrılması zamanı ehtiyatlı davranmağa məcbur edəcək.

ABA-nın eksperti Elman Sadıqov “Gündəm” verilişinin qonağı olub – VİDEO -  BBN.az

Elman Sadiqov

İqtisadçı-ekspert Elman Sadiqovun “Yeni Müsavat”a dediyinə görə, inkişaf etməkdə olan dövlətlər ciddi dollar qıtlığı yaşayır: “Resurs ölkələrində belə problem yoxdur, çünki onların satdığı xammal iqtisadiyyatı lazım olan qədər dollarla təmin edir. Bir də inkişaf etmiş ölkələr ciddi çətinlik yaşamırlar - özlərinin dönər valyutaları var, ixracları yüksəkdir. Amma onlarda da müəyyən çətinliklər ola bilər - çünki dolların azalması sonunda onların ixracını da azalda bilər. Əlbəttə, ən pis vəziyyətdə kasıb ölkələrdir: Afrika ölkələri, Asiyanın Pakistan, Banqladeş kimi dövlətləri və sair. Onlar dollarla  irihəcmli borclar alıblar, indi onlara xidmət edə bilmirlər. Çox təəssüf ki, bu ölkələr vaxtında riskləri düzgün qiymətləndirmədən, uçot dərəcəsinin 0 olduğu vaxtda borc hesabına böyük həcmli layihələr icra etdilər. İndi o layihələr gözlənilən gəlirləri vermir. Onlar yanlış hesablamalar apardılar, yanlış iqtisadi proqnozlara əmin oldular. Halbuki normal iqtisadi təfəkkürü olan hər kəs qeyd edirdi ki, ucuz dollar daimi olmayacaq, vaxt gələcək uçot dərəcəsinin artırılması zərurəti yaranacaq. İndi həmin vaxt gəlib çatıb. Və düzgün hesablama aparmayan ölkələr böyük problemlərlə üzləşiblər. Onlar bir sıra zəruri istehsal sahələrinin fəaliyyətini təmin etməlidilər, lakin lazım olan xammalı, avadanlığı almağa dollar tapa bilmirlər”.

Ekspert bildirir ki, FED-in sərt monetar siyasəti davam etdirmək məcburiyyətindədir: “2022-ci ilin sonları, 2023-cü ilin əvvəlində gözləntilər bazarlarda eyforiyaya səbəb oldu. Çünki ABŞ-da inflyasiya sürətlə azalırdı və bu, sərt monetar siyasətin tezliklə sabit, ardınca isə azalma siyasəti ilə əvəzlənəcəyinə ümidləri artırırdı. Lakin 2022-ci ilin dördüncü rübündə ABŞ əhalisinin xərcləmələrinə dair statistika açıqlananda məlum oldu ki, sərt monetar siyasətin sabitləşməsi ən azı 2023-cü ildə real deyil. Çünki əks halda, inflyasiyanın 2 faizlik hədəfə qədər yavaşıdılmasına nail olunmayacaq. Ötən ilin dördüncü rübündə ABŞ əhalisi əvvəlki rübdəki 14 trilyon 179 milyard dollarlıq xərcləmələrə qarşı 14 trilyon 227 milyard dollar xərcləyib. Bu isə inflyasiya təzyiqinin artacağı deməkdir. İşsizlik səviyyəsinin 3,4 faiz olması artıq əmək bazarında qızışmanın əlamətidir. Bu rəqəm göstərir ki, işəgötürənlərdə artıq təşviş yaranıb. Bütün bunların nəticəsi olaraq FED rəhbəri Cerom Pauellin Senatdakı məlum çıxışı yarandı. Yəni FED gördü ki, inflyasiya təzyiqi artmağa davam edir, bu səbəbdən də daha yüksək artım reallığını açıqladı. Buna gözləntilər martdakı iclasda uçot dərəcəsinin 0,25 faiz bəndi artırılması yönündə idi. Hətta 2023-cü ilin sonuncu rübündə FED-in azalma qərarı verə biləcəyini proqnozlaşdıranlar da vardı. Lakin Pauellin çıxışı bütün bu gözləntilərin üstündən xətt çəkdi. Artıq bu ilin sonunadək hər hansı azalma qərarının olmayacağı ortadadır. Dollar üzrə uçot dərəcəsinin 5 faizə çatması sarı təhlükə xətti, 6 faiz və ondan yüksəyə çatması isə qırmızı təhlükə xəttidir. Sonuncu dünya iqtisadiyyatını kollapsa gətirə bilər, xüsusilə kasıb ölkələr üçün öhdəsindən gəlinməsi mümkün olmayan problemlər yaradar. Buna görə də FED-in uçot dərəcəsini 5,5-6 faiz həddindən yuxarıya qaldırması real görünmür. Amma elə 5,5-6 faiz də qlobal iqtisadiyyatı ciddi təşvişə salacaq həddir”.

E.Sadiqov hesab edir ki, dolların bahalaşması və azalması xarici borca xidmət baxımından Azərbaycan üçün ciddi problem yaratmayacaq: “2018-ci ildən başlayaraq Azərbaycan xarici borc səviyyəsini ÜDM-in 10 faizindən aşağı salınması siyasəti yürüdür. SOCAR-ın borclarını nəzərə almasaq, böyük ölçüdə bu istiqamətdə ciddi müsbət dəyişiklik var. Bu baxımdan, Azərbaycan xarici borc baxımından xeyli üstün mövqedədir”.

Bəzi ekspertlərə görə, dünya bazarında dollar qıtlığının Azərbaycanda dolayı yolla qiymət artımlarına səbəb olacağı gözlənilir. Çünki dollar bahalaşdıqca dünyada hazır məhsul və xidmətlər də bahalaşır. Xammal bazarlarında isə əksinə, qiymətlər ucuzlaşır. Azərbaycan xammal ixracatçısı, hazır məhsullara münasibətdə isə idxaldan asılı ölkə olduğu üçün bu proses inflyasiyanın kəskin şəkildə sürətlənməsinə də səbəb ola bilər.

Vüqar Bayramov: “Bu ilin yanvar ayından pensiyalar 15 faizə yaxın  indeksasiya olunacaq”

Vüqar Bayramov

İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, FED rəhbərinin son açıqlamasından sonra dollar qlobal valyuta bazarlarında yenidən möhkəmlənib: “Belə ki, FED uçot dərəcəsində gözləniləndən daha çox artımlara getmək niyyətindədir. Hətta dərəcənin 2023-cü ildə 6.0 faizədək yüksəldilməsi də istisna edilmir. Qeyd edək ki, bu ayın 21-22-də FED yenidən bir araya gələcək. FED-in yüksək dərəcə artımlarına getmək istəyi bu ilin ilk aylarında ABŞ-da iqtisadi göstəricilərin proqnozlaşdırılandan daha yaxşı olması ilə bağlıdır. Avro da ABŞ puluna nisbətən dəyər itirməkdədir. Hazırda 1 avro almaq üçün 1 dollar 6 sentdən daha az ödəmək lazımdır. Bütövlükdə, qlobal valyuta bazarında volatillik müşahidə olunmaqdadır”.

FED-in qərarları manatın məzənnəsinə necə təsir göstərəcək? Millət vəkili bildirir ki, dolların qlobal bazarlarda möhkəmlənməsi regional valyutalara ən azı psixoloji təsirsiz ötüşmür: “Azərbaycan Mərkəzi Bankınn ilin əvvəlində təşkil etdiyi hərraclarda dollara tələb aşağı idisə, artıq xarici valyuta alıcılarının sayı artmaqdadır. Mərkəzi Bank martın 7-də 44.8 milyon, martın 2-də 51.7 milyon, fevralın 28-də 42.7 milyon dolları hərraclarda satıb. Bütövlükdə, fevral ayında dollara tələbin yenidən yaranması müşahidə olunub.

Aydındır ki, manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan, Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Nəzərə alsaq ki, xarici ölkələrdəki tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir.

Azərbaycanda hələ ki üzən məzənnə rejiminə keçirilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də növbəti aylarda da manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR