İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada 1-ci şəxslərin həlak olduğu aviaqəzalar – dəhşətli statistika

2146 20.05.2024 12:55 Dünya A A

 

Xəbər verdiyimiz kimi ötən gün göyərtəsində İran Prezidenti İbrahim Rəisi və digərlərinin olduğu helikopter qəzaya uğrayıb.

Qəza nəticəsində helikopterdəki heyətin tamamı dünyasını dəyişib.

Hadisə dünyada bu günə qədər baş verən və 1-ci şəxslərin də həlak olduqları aviaqəzları  gündəmə gətirib.

Musavat.com açıq mənbələrdə olan məlumatları toplayaraq təqdim edir:

2010-cu il aprelin 10-da Polşanın “1 saylı Hərbi Hava Qüvvələri” Tu-154 təyyarəsi Smolensk-Severnı hava limanına enərkən qəzaya uğrayıb. 96 nəfər, o cümlədən dövlət başçısı Lex Kaçinski və həyat yoldaşı, tanınmış siyasətçilər və hərbçilər həlak olub. Faciədən 1 il sonra Dövlətlərarası Aviasiya Komitəsi (DAK) araşdırmanın nəticəsi olaraq elan etdi ki, qəzaya səbəb dumanlı şəraitdə ekipajın alternativ aerodroma getməmək qərarı və sistemli səbəblər - pilotların təlimindəki çatışmazlıqlar olub.

2004-cü il fevralın 26-da Makedoniya prezidenti (indiki Şimali Makedoniya Respublikası) Boris Traykovski, həmçinin onu müşayiət edən altı nəfər və iki ekipaj üzvü təyyarə qəzasında həlak olub. Uçuş çətin hava şəraitində baş tutub. Beynəlxalq araşdırmanın nəticələrinə görə, təyyarənin qəzaya uğramasına səbəb pilotun bir neçə sistematik səhvi olub.

735dd-1574226103.jpg (60 KB)

1991-ci il noyabrın 20-də Azərbaycanın Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Mİ-8 N72 hərbi helikopteri erməni silahlıları tərəfindən atəşə tutulub.  Nəticədə heyət üzvləri və sərnişinlər - Azərbaycanın görkəmli dövlət və hökumət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər - dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, Baş nazirin müavini Zülfi Hacıyev, deputatlar Vaqif Cəfərov və Vəli Məmmədov, Prezidentin İcra Aparatının şöbə müdiri Osman Mirzəyev, nazir müavini Qurban Namazəliyev, DQMV prokuroru İqor Plavski, DQMV Daxili İşlər İdarəsinin rəisi Vladimir Kovalyov, Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi Sergey İvanov, fövqəladə vəziyyət rayonunun komendantı Nikolay Jinkin, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, milis general-mayoru Mixail Lukaşov, polkovnik-leytenant Oleq Koçerev, dövlət katibinin köməkçisi Rafiq Məmmədov, telejurnalist Alı Mustafayev, Azərbaycan Televiziyasının işıqçısı Arif Hüseynzadə, videooperator Fəxrəddin Şahbazov, vertolyot heyətinin komandiri Vyaçeslav Kotov, heyət üzvləri Gennadi Domov, Dmitri Yarovenko həlak olublar. İlk rəsmi olaraq vertolyotun dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, bir neçə gündən sonra helikopterin vurulması faktı təsdiqlənib.

6 aprel 1994-cü ildə Ruandada naməlum şəxslər ölkə prezidenti Juvenal Habyarimana və qonşu Burundinin başçısı Kiprien Ntaryamiranı daşıyan sərnişin təyyarəsini vurublar. Prezidentlərin ölümləri Hutu etnik qrupundan olan ekstremistlər tərəfindən Ruandada hakimiyyəti ələ keçirmək və daha kiçik Tutsi etnik qrupuna və mötədil Hutu siyasətçilərinə qarşı soyqırıma başlamaq üçün səbəb kimi istifadə edilib. 1994-cü ilin aprelindən iyun ayına əksəriyyəti tutsilər, həmçinin mötədil hutu, Tva və başqaları öldürüldü. 800 minə yaxın insan qətlə yetirildi.

1988-ci il avqustun 17-də Pakistan prezidenti general Məhəmməd Ziya-ül-Haq təyyarə qəzasında həlak olub. Ziya ül-Haq Tamewali poliqonunda Amerika “M1 Abrams” tankının sınaqlarında iştirak etmək üçün Bəhavalpura uçub. Onu ABŞ-ın Pakistandakı səfiri Rafel və ABŞ-ın Pakistandakı hərbi missiyasının rəhbəri briqada generalı Vassom müşayiət edib. İslamabada qayıdarkən havaya qalxdıqdan bir neçə dəqiqə sonra “Hercules C-130” təyyarəsi yerə çırpılaraq alovlanıb. Hökumət komissiyasının təyyarənin texniki nasazlığı ilə bağlı rəsmi rəyinə baxmayaraq, sui-qəsdin xeyli sayda versiyaları mövcuddur.

19 oktyabr 1986-cı ildə Mozambik Hərbi Hava Qüvvələrinə məxsus Sovet istehsalı olan “Tu-134 A-3” təyyarəsi Cənubi Afrika Respublikası ərazisində qəzaya uğrayıb. Təyyarə Mbale - Kasama - Ndola - Lusaka - Harare - Masvinqo - Maputo marşrutu üzrə uçurdu. Mbuzinidən 35 kilometr aralıda Lebombo dağlarında qayaya çırpılıb. Təyyarənin göyərtəsində 44 nəfər olub, onlardan 34-ü ölüb: 8 ekipaj üzvü (yalnız uçuş mexaniki sağ qala bilib) və 26 sərnişin. Ölənlər arasında o dövrdə Afrika siyasətinin ən görkəmli simalarından biri olan Mozambik prezidenti Samora Macel də var. Komissiyanın qənaətinə görə, təyyarənin qəzaya uğramasına səbəb pilotların səhvləri olub.

63b44861833c30c7bba22e3736fcd175_66233_92.jpg (344 KB)

31 iyul 1981-ci ildə Panamanın faktiki lideri general Omar Torrijos Herrera-nın uçduğu “DHC-6 Twin Otte” təyyarəsi qəribə şəraitdə qəzaya uğradı. Təyyarədə olan yeddi nəfərin hamısı həlak olub.

24 may 1981-ci ildə Ekvador prezidenti “Xayme Roldos Aqilera” təyyarə qəzasında həlak olub. Onun göyərtəsində olduğu təyyarə Ekvadorun Peru ilə cənub sərhədi yaxınlığında And dağlarında qəzaya uğrayıb. Ölənlər arasında prezidentin həyat yoldaşı Marta da var; Müdafiə naziri general-mayor Marko Subia Martinez; generalın arvadı; iki hərbi köməkçi və üç nəfərdən ibarət bir təyyarə heyəti. Media bildirib ki, təyyarə yağış və qatı duman arasında uçarkən dağlara çırpılıb və partlayıb.

27 aprel 1969-cu ildə ölkə prezidenti Rene Barriendos Ortuno Boliviyada helikopter qəzasında həlak olub. Onun uçduğu helikopter telefon xəttinə ilişərək qəzaya uğrayıb.

1966-cı il aprelin 13-də İraq prezidenti Əbdül Salam Arif Fars körfəzindəki Bəsrə limanı yaxınlığında təyyarə qəzasında həlak olub.

1957-ci il martın 17-də Manilanın cənubunda yerləşən Sebu adasında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində Filippin prezidenti Ramon Maqsaysay və onlarla digər sərnişin həlak olub. İstintaqın məlumatına görə, dırmaşma zamanı mühərrikin sağ karbüratorunun ötürücü valının qırılması elektrik enerjisinin kəsilməsinə səbəb olub. Təyyarə Manunqqal dağının yamaclarına doğru uçub.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR