İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya iqtisadiyyatı yeni resessiyaya yuvarlanır, Azərbaycan vaxtında etibarlı müdafiə səddi yarada bilib

616 08.06.2022 00:30 İqtisadiyyat A A

Bu gün qlobal iqtisadiyyat 1970-ci illərin tənəzzülünü xatırladan növbəti resessiya təhlükəsi ilə üz-üzə qalıb.

Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatların fəsadları, Çin iqtisadiyyatında kəskin yavaşlama, Qərb və Asiya birjalarında sürətli ucuzlaşma, ABŞ-da gözlənilən kredit böhranı, bazarlarda qeyri-stabillik, inflyasiyanın qarşısını almaq üçün dünyanın bir çox ölkələrində mərkəzi banklar tərəfindən faiz artımları qlobal iqtisadi tənəzzül ehtimalını yüksəldir.

“Böyük yeddilik” ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri tənəzzülün artıq qarşısının alınmasının mümkünsüzlüyündən bəhs edirlər, hətta staqflyasiya təhlükəsinin yaranmasını da istisna etmirlər. Almaniyanın maliyyə naziri Kristian Lindner məsələ ilə bağlı bildirir: “Ukraynadakı müharibənin iqtisadiyyat üçün əlavə nəticələri var. Bu, yüksək inflyasiya və pandemiyanın təsirlərindən xilas üçün sürət itkisi deməkdir. Biz artıq staqflyasiya ssenarilərindən qaçmaq üçün nə edə biləcəyimizi müzakirə etməli olacağıq”.

ABŞ-ın maliyyə naziri Janet Yellen də iqtisadiyyatla bağlı bədbin fikirlər səsləndirir: “Ərzaq və enerjinin yüksək qiymətləri staqflyasiya təsirlərinə səbəb olur. Yəni ərzaq və enerjinin yüksək qiymətləri hasilatı və xərcləri azaldır və bütün dünyada inflyasiyanın artmasına səbəb olur”.

İngiltərə Bankının rəhbəri Endryu Beyli ərzaq qiymətlərinin artmasının dünya üçün “apokaliptik” nəticələri ola biləcəyi barədə xəbərdarlıq edib. Bu qəbildən olan xəbərdarlıqlarla bağlı xeyli sayda misal gətirmək olar. Hazırda dünyada qeydə alınan inflyasiya, yavaşlayan iqtisadi böyümə, artan işsizlik qlobal miqyasda ciddi narahatçılıq predmetidir.

Birjalarda da qeyri-qənaətbəxş vəziyyət hökm sürür. Məsələn, ABŞ birjalarında “Mega Cap8” kimi tanınan nəhəng texnologiya şirkətlərinin (“Amazon”, “Alphabet”, “Apple”, “Meta”, “Microsoft”, “Netflix”, “Nvidia” və “Tesla”) səhmlərinin qiymətləri ilin əvvəlindən orta hesabla 28 % ucuzlaşıb. Bu da təxminən 3,76 trilyon ABŞ dolları itki deməkdir. London birjasında da qiymətlər ucuzlaşır. Asiya birjalarında da sürətli eniş qeydə alınır. Burada “Shanghai Composite” indeksi və “Tokyo Nikkei” ilin əvvəlindən indiyədək müvafiq olaraq, 4,2 və 5,5 % dəyər itirib. ABŞ-ın, eləcə də dünyanın aparıcı banklarından olan “Goldman Sachs”ın prezidenti Con Uoldron etiraf edir ki, dünya iqtisadiyyatındakı hazırkı mühit qlobal iqtisadi şoklara səbəb ola bilər: “Biz iqtisadiyyatda daha çətin günlər gözləyirik”.

Amerikanın digər ən böyük banklarından biri olan “JP Morgan Chase”in rəhbəri Ceymi Dimon da bildirib ki, dünyanı “iqtisadi qasırğa gözləyir” və buna indidən hazırlaşmaq lazımdır.

Beynəlxalq Valyuta Fondu da hesab edir ki, qlobal iqtisadiyyat İkinci Dünya Müharibəsindən sonra ən böyük sınaqla üz-üzə qalıb. Fondun analitiklərinin fikrincə, Ukraynadakı vəziyyət, iqlim dəyişikliyi təhlükəsi, COVID-19 pandemiyası, təchizat zəncirlərinin pozulması, maliyyə şərtlərinin sərtləşməsi və geoiqtisadi parçalanma qlobal iqtisadiyyatda çətinliklərin miqyasını genişləndirir, inflyasiyanı artırır.

Dünya Bankının prezidenti Devid Malpas da qeyd edir ki, mövcud vəziyyətdə cari il ərzində bir çox ölkələr tənəzzüllə üzləşə bilər: “Aydındır ki, bəzi ölkələrdə, hətta ola bilsin, bir çoxlarında tənəzzül olacaq. Bir sıra ölkələrdə iqtisadi tənəzzül daha çox Rusiya-Ukrayna müharibəsinin başa çatma müddətindən, eləcə də yeni qlobal təchizat zəncirlərinin yaradılmasından asılı olacaq. Faiz dərəcələrinin artırılmasının tələb olunacağından çox narahatam, çünki dünyada inflyasiya yüksək səviyyədədir. Bütün bunlar bizə qlobal ÜDM artımı ilə bağlı narahatlığın mahiyyəti haqqında fikirlər verir. Hazırda Çində, eləcə də Avropada iqtisadi artımda yubanma müşahidə olunur. Bu da inkişaf etməkdə olan ölkələrə təsir edir”.

Avrasiya İnkişaf Bankının 2022-2024-cü illər üçün dərc etdiyi makroiqtisadi proqnozlara əsasən, dünya iqtisadiyyatı “turbulentlik” dövrünə qədəm qoyub: “Enerji, qida və gübrə qiymətləri özünün ən yüksək həddinə çatıb. Böyük mərkəzi banklar pul siyasətlərini sərtləşdirməyə başlayıblar. Qlobal iqtisadiyyatda istehsal və logistika zəncirlərində qırılmalar, ixrac tədarüklərinin həyata keçirilməsində çətinliklər, istehlak və investisiya fəallığının zəifləməsi müşahidə olunur. Tələb və təklif şoklarının birləşməsi 2022-2023-cü illərdə dünyanın ən böyük iqtisadiyyatlarında resessiya ehtimalını artırır”. Beləliklə, beynəlxalq araşdırma mərkəzlərinin əksəriyyətinin mövqeyi bundan ibarətdir ki, Rusiya-Ukrayna konflikti fonunda dünyanı çox ciddi iqtisadi və maliyyə nəticələri olacaq geosiyasi depressiya dövrü gözləyir. O da nəzərə alınmalıdır ki, dünya ölkələrinin böyük əksəriyyəti fiskal “ehtiyatlarının” əhəmiyyətli hissəsini koronavirus pandemiyası ilə mübarizədə tükədiblər. Bu kontekstdə Rusiya-Ukrayna qarşıdurması ilə yaranan iqtisadi və maliyyə çətinliklərinin aradan qaldırılmasına sərf edilə biləcək resursların bir çox ölkələrdə tükənmiş səviyyədə olması müşahidə edilir. Elə bu da vəziyyəti bir qədər də ağırlaşdıran faktor kimi çıxış edir.

Dünya iqtisadiyyatına inteqrasiya edən Azərbaycan üçün də qlobal iqtisadi müstəvidə baş verənlər xüsusi diqqət mərkəzindədir. Azərbaycan qlobal iqtisadiyyatda gözlənilən mənfi halların önlənməsi üçün preventiv addımlar atır. Məsələn, cari ilin ötən dövrü ilə bağlı aparılan təhlillər göstərir ki, Azərbaycanda qeyd edilən müddət ərzində inflyasiya müəyyən olunmuş səviyyədən yüksəkdir. Bunun əsas səbəbi idxal edilən məhsulların dünya bazarında bahalaşmasıdır. Yəni ölkəmizdə qiymət artımı daha çox idxal inflyasiyası ilə şərtlənir. Bundan irəli gələrək, hökumət idxal mallarının daha çox yerli məhsullarla əvəzlənməsi, daxili istehsal həcminin artırılmasına çalışır. Daxili istehsal həcminin artırılması məqsədilə dövlət-özəl sektor əməkdaşlığı genişləndirilir, sahibkarlar üçün çoxsaylı stimullaşdırıcı tədbirlər görülür, digər fəaliyyət növləri həyata keçirilir. Proqnozlar göstərir ki, bu istiqamətdə atılan addımların nəticəsi olaraq yaxın perspektivdə Azərbaycanda idxal inflyasiyasının təsir qüvvəsi əhəmiyyətli dərəcədə zəifləyəcək. Ümumiyyətlə, idxal asılılığının azalması, yerli istehsalın müxtəlif yollarla dəstəklənməsi, minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsinin gücləndirilməsi, əhalinin istehlak etdiyi və emal sənayesində istifadə olunan əsas kənd təsərrüfatı məhsullarının istehsalının artırılması və digər istiqamətlərdə dövlət tərəfindən önəmli addımlar atılır. İnflyasiyanın nəzarətdə saxlanılması məqsədilə hökumət digər preventiv tədbirlər də görür.

Dünya iqtisadiyyatında tənəzzülü tətikləyən daha bir məqam enerjidaşıyıcılarının yüksək qiymətidir. Azərbaycan enerji hasilatçısı olduğundan bu hal ölkəmiz üçün təhdid mənbəyi kimi çıxış etmir. Ölkə daxilində əhaliyə enerji məhsulları dünya dövlətlərinin böyük əksəriyyəti ilə müqayisədə ucuz qiymətə satılır. Bu mənada dünya bazarlarında enerji resurslarının yüksək qiymətindən irəli gələn fəsadlar Azərbaycanda ev təsərrüfatlarına təsir etmir.

Neft və təbii qazın yüksək qiyməti, qeyri-neft sektoru üzrə artan ixrac Azərbaycana daxil olan valyutanın miqdarını artırmaqla ölkəmizdə maliyyə dayanıqlılığına əlverişli zəmin yaradır. Bu fonda bir çox ölkələrdən fərqli olaraq Azərbaycan devalvasiya təhlükəsindən də uzaqdır. Əhalinin məşğulluq səviyyəsinin qorunması, yeni iş yerlərinin yaradılması ilə bağlı görülən tədbirlər də öz səmərəsini verir. Xüsusən də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri məşğulluq səviyyəsinin yüksəldilməsinə müsbət təsirini göstərir. Ölkəmiz üzərindən tranzit yükdaşımaların çoxalması, birbaşa xarici investisiyaların yeni axının gözlənilməsi, iqtisadi islahatlar, xərclərin optimallaşdırılması kimi məqamlar da qlobal iqtisadiyyatda baş verənlərin Azərbaycana mənfi təsirlərini əhəmiyyətli dərəcədə azaldır. Lakin təbii ki, qlobal iqtisadiyyatda yaşananlar Azərbaycana tam şəkildə təsirsiz ötüşdüyünü də demək mümkün deyil. Bununla belə dövlət tərəfindən görülən tədbirlər onu da açıq nümayiş etdirir ki, dünya iqtisadiyyatında mənfi meyllərin Azərbaycana təsir dərəcəsi əksər ölkələrlə müqayisədə olduqca aşağı həddədir. Elə 2008-ci ilin qlobal maliyyə və iqtisadi böhranı da bir çox ölkələrlə müqayisədə Azərbaycana daha az təsir göstərmiş, dövlətin preventiv tədbirləri o vaxt da müsbət nəticələrini vermişdi.

"Report"un Analitik Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR