İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya Bankının prezidenti təzələndi – Azərbaycanla əlaqələrə təsiri - DOSYE

2116 05.05.2023 18:53 İqtisadiyyat A A

50-dən çox layihə, 4,5 milyard dollar kredit...

Məlumat verdiyimiz kimi, “Mastercard” şirkətinin keçmiş baş direktoru Acay Banqa Dünya Bankının (DB) yeni prezidenti seçilib. Bankın İcraçı Direktorları mayın 4-dən Acay Banqanı 2023-cü il iyunun 2-dən başlayaraq beş illik müddətə Dünya Bankının prezidenti seçiblər.

Xatırladaq ki, 2019-cu il aprelin 5-də Dünya Bankının İcraçı Direktorlar Şurası Devid R.Malpassı Dünya Bankının 13-cü prezidenti seçib. Onun beş illik səlahiyyət müddəti həmin ilin aprelin 9-da başlayıb. Dünya Bankının Direktorlar Şurası fevralın 15-də Malpassın iyunun 30-dək vəzifəsini tərk edəcəyini elan etdikdən sonra bankın yeni prezidentinin seçilməsi prosesinə hazırlıqları fevralın 22-də müzakirə edib. Bu vəzifəyə namizədlər fevralın 23-dən martın 29-dək olan müddətdə irəli sürülüb.

Acay Banqa kimdir?

Acay-Banqa.jpg (63 KB)

Tam adı Acaypal Sinqh Banqa olan yeni direktor 1959-cu ildə Hindistanın Puna şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra Dehli Universiteti yanında Müqəddəs Stefan Kollecinə daxil olaraq oranı iqtisadiyyat üzrə bakalavr kimi başa vurub. Daha sonra təhsilini Hindistanın ən aparıcı biznes məktəblərindən biri olan Əhmədabad Menecment İnstitutunda davam etdirib və iş marketinqi üzrə magistr dərəcəsi alıb.

Böyük biznesdə ilk addımın İsveçrənin Nestle korporasiyasında təcrübəçi kimi atıb, 13 il burada satış və marketinq sahəsində çalışıb. Oradan ABŞ-ın PepsiCo şirkətinə keçib, Hindistanda Pizza Hut və KFC şəbəkələrinin fəaliyyətə başlamasında iştirak edib.

Acay Banqanın ABŞ-dakı yolu 1996-cı ildən başlayıb. Həmin il o, ABŞ maliyyə konqlemeratı olan Citigroup-da işləyəmə başlayıb. Burada kreditləşmə üzrə mütəxəssis vəzifəsindən Asiya-Sakit Okean bölməsinin rəhbəri vəzifəsinə qədər yüksəlib. 2007-ci ildə Acay ABŞ vətəndaşlığına qəbul edilib. 2009-cu ildə Mastercard-ın baş əməliyyat direktoru vəzifəsinə təyin olunub. 2010-cu ildən isə prezidenti və baş icraçı direktoru olub. 2021-ci ildə buranı tərk edənədək Mastercardın dövriyyəsi 3 dəfə, xalis gəliri 6 dəfə artıb, kapitallaşması isə 30 milyard dollarlıq artımla 300 milyard dollara çatıb.

2021-ci ildə Acay Banqa ABŞ-ın General Atlantic investisiya nəhənginə keçib, 2022-ci ilin yanvarında onun vitse-prezidenti vəzifəsini tutmağa başlayıb.

2015-ci ildə Barak Obama onu prezident yanında ticarət siyasəti və danışıqlar üzrə komitənin üzvü təyin edib. 2016-cı ildə milli kibertəhlükəsizliyin gücləndirilməsi üzrə dövlət komissiyasının üzvü olub. 2021-ci ildə Co Bayden hakimiyyətə gəldikdən sonra vitse-prezident Kamala Harrisin ştatdankənar məsləhətçisi kimi çalışıb. Onun Dünya Bankının prezidenti postuna namizədliyini də məhz Co Bayden irəli sürüb. DB-nin ən böyük səhmdarı kimi bu hüquq ABŞ-dadır.

Dünya Bankının Azərbaycanla bağlı mövqeyi nədir?

dünya-bank.jpg (87 KB)

Azərbaycan müstəqilliyini bərpa etdikdən bir qədər sonra 1992-ci ilin sentyabrında dünyanın ən iri çoxtərəfli inkişaf maliyyəsi təşkilatı olan Dünya Bankına üzv olub. Ondan ötən 30 il ərzində Bank milli prioritetlərin və ehtiyacların dəstəklənməsi üçün geniş spektrli bilik mübadiləsi, potensialın yaradılması və texniki yardım fəaliyyəti ilə yanaşı 4,5 milyard ABŞ dollarından çox məbləğdə 50-dən artıq investisiya layihəsini maliyyələşdirib. Dünya Bankının Azərbaycana dəstəyi dövlət sektoru, maliyyə və özəl sektorun inkişafı, kənd təsərrüfatı və kənd yerlərinin inkişafı, enerji, sosial müdafiə, təhsil və səhiyyə, nəqliyyat və bağlantılar və sair kimi bir çox sektorları əhatə edib.

Dünya Bankı qlobal səviyyəli bütün hesabatlarında Azərbaycan üzrə də qiymətləndirmələr aparır. Son olaraq qurumun hazırladığı “GovTech Yetkinliyi İndeksi”nin (GovTech Maturity İndex - GTMI) 2022-ci il üzrə hesabatında Azərbaycan yüksək nəticələr əldə edib. 198 ölkəni qiymətləndirən indeksdə Azərbaycan yüksək rəqəmsallaşma səviyyəsinə görə birinci pilləyə qalxaraq, yalnız 35 faiz ölkələrin daxil ola bildiyi 69 ölkədən ibarət qrupda yer alıb. Bu qrupa həmçinin, Almaniya, Rusiya, Sinqapur, Birləşmiş Krallıq, ABŞ və digər ölkələr də daxil edilib.

Dünya Bankı (DB) aprel ayında 2023-cü ildə Azərbaycanın real ümumdaxili məhsulunun (ÜDM) artımı ilə bağlı proqnozunu açıqlayıb. Quruma görə, bu il Azərbaycanda iqtisadiyyatın artımı 2,2 faiz təşkil edəcək. Bu isə Dünya Bankının 2023-ci ilin yanvar proqnozu ilə müqayisədə 0,6 faiz azdır. Bank həmçinin, 2024-cü ildə Azərbaycan iqtisadiyyatının ötən proqnoza nisbətən 0,1 faiz az, yəni 2,1 faiz artacağını müəyyən edib. Hesabata görə, 2025-ci ildə Azərbaycanda real ÜDM-in artımı 2,6 faizə yüksələcək: “Ortamüddətli perspektivdə Azərbaycanda iqtisadi artım ehtimal ki, böyük həcmli investisiyalar (o cümlədən Avropa İttifaqının vasitəçiliyi ilə bağlanmış bir neçə enerji sövdələşməsi fonunda), eləcə də Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının həyata keçirilməsi üçün dövlət xərclərinin artması ilə dəstəklənəcək. 2023-cü ildə iqtisadi artımın 2,2 faiz təşkil edəcəyi gözlənilir. Ortamüddətli perspektivdə artımın struktur islahatları olmadan orta hesabla 2,5 faiz səviyyəsində olacağı proqnozlaşdırılır”.

DB aprel hesabatında həmçinin 2023-2025-ci illər üzrə Azərbaycanın inflyasiya proqnozunu yeniləyib. Qurumun hesablamalarına əsasən Azərbaycanda inflyasiya 2022-ci ildəki 13,5 faizdən 2023-cü ildə 8,5 faizə qədər azalacaq . Dünya Bankı həmçinin, 2024 və 2025-ci illərdə də Azərbaycanda inflyasiyanın azalacağını proqnozlaşdırıb. 2024-cü ildə bu rəqəm 6,2 faiz, 2025-ci ildə isə 5,4 faiz təşkil edəcək.

Qurum 2026-cı ilə kimi Azərbaycanda qeyri-neft sektorunun artım proqnozunu da açıqlayıb. Bankın hesabatında bildirilib ki, qeyri neft-qaz sektorunda artım iki illik sürətli artımdan sonra "COVID-19" pandemiyasından əvvəlki artım dinamikasına yaxınlaşıb və artımın 5,2 faizə qədər azalacağı gözlənilir. Dünya Bankı qeyd edib ki, qeyri-neft sektorunda artım əsasən yenidənqurma işləri ilə əlaqədar xidmətlər və tikinti ilə bağlı olacaq. Bu da güclü dövlət sərmayəsinin xidmət və tikinti sektoruna yönəldilməsi ilə bağlıdır: "Ortamüddətli perspektivdə struktur islahatlarının aparılmaması şəraitində artımın orta hesabla 2,5 faiz olacağı gözlənilir".

Bank həmçinin kənd təsərrüfatı üzrə artımın real ÜDM-də payının 2023-cü il üzrə 3,2 faiz, 2024 və 2025-ci illər üzrə 3,0 faiz proqnozlaşdırdığını açıqlayıb. Qeyd edək ki, ötən il üzrə bu rəqəm 3,4 faiz təşkil edib. Banka görə, Azərbaycanda sənaye üzrə artım bu il 0,5 faiz, 2024-cü ildə 1 faiz, 2025-ci il üzrə 1,2 faiz olacaq. Xidmət sektoru üzrə artım isə 2023-cü ildə 4,7 faiz, 2024-cü ildə 4,5 faiz, 2025-ci ildə isə 4,6 faiz təşkil edəcək.

Dünya Bankının proqnozuna əsasən Azərbaycanda əsas kapitala investisiyalar 2022-ci ildəki 4,5 faizdən 2023-cü ildə 3,2 faizə enəcək. 2024 və 2025-ci illər üzrə isə əsas kapital qoyuluşu 3,3 faiz artacaq.

Bank 2026-cı ilə kimi özəl və dövlət sektoru üzrə xərcləmələrin dinamikasının azalacağını proqnozlaşdırıb. Özəl sektor üzrə xərcləmələrin 2023-cü ildə real ÜDM-in 4 faizini (2022-ci ilin oktyabr proqnozu ilə müqayisədə 0,5 faiz az), 2024 (əvvəlki proqnozdan 0,4 faiz az ) və 2025-ci illərdə isə 3,6 faizini təşkil edəcəyi gözlənilir.

Dünya Bankı dövlət xərcləmələri ilə bağlı proqnozunu isə dəyişməyib. Dövlət xərcləmələrinin real ÜDM-də payı 2023-cü ildə 4,2 faiz, 2024 və 2025-ci illərdə isə 3,1 faiz təşkil edəcəyi proqnozlaşdırılıb.

Qurumda hesab edirlər ki, Azərbaycanın dövlət borcunun ümumdaxili məhsulda payı 2022-ci ildəki 11,7 faizdən 2023-cü ildə 10,9 faizə qədər azalacaq. Bu Dünya Bankının 2022-ci ilin oktyabr proqnozu ilə müqayisədə 0,2 faiz çoxdur. DB dövlət borcunun ÜDM-də payını 2024-cü il üzrə 0,2 faiz azaldaraq 10,8 faizə endirib. 2025-ci il üzrə isə bu göstərici 11 faiz proqnozlaşdırılıb.

Azərbaycanın büdcə profisitinin ümumdaxili məhsulda (ÜDM) payı 2022-ci ildəki 5,5 faizdən 2023-cü ildə 4,8 faizə enəcək. Dünya Bankının proqnozuna əsasən büdcənin ÜDM-də payı 2024-cü ildə 4,0 faiz, 2025-ci ildə isə 3,0 faiz təşkil edəcək: “Fiskal balansın ortamüddətli perspektivdə profisitdə qalacağı və ÜDM-in orta hesabla 3,9 faizini təşkil edəcəyi təxmin edilir".

Dövlət büdcəsinin gəlirlərinin 2023 və 2024-cü illərdə ÜDM-in 33,1 faizini, 2025-ci ildə isə 31,6 faizini təşkil edəcəyi, büdcənin ÜDM-də payının isə 2023-cü ildə 5,1 faiz, 2024-cü ildə 4,3 faiz, 2025-ci ildə isə 3,3 faiz olacağı proqnozlaşdırılır.
Bankın hesabatına əsasən, tədiyyə balansının cari əməliyyatlar hesabının (CƏB) ümumdaxili məhsulda (ÜDM) payı 2022-ci ildəki 26,5 faizdən 2023-cü ildə 19,2 faizə kimi azalacaq. 2024-cü ildə bu rəqəm 14,8 faiz, 2025-ci ildə isə 13 faiz təşkil edəcək: “Birbaşa xarici investisiyalarda 2023 və 2024-cü illlərdə 1faiz, 2025-ci ildə isə 0,9 faiz azalma müşahidə ediləcək".

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR