“Mövcud vəziyyət göstərir ki, ABŞ və İran arasında əldə olunmuş çərçivə razılaşması - Anlaşma Memorandumu ciddi sınaq qarşısındadır. ABŞ prezidenti Donald Tramp İranı Hörmüz boğazında Sinqapur bayrağı altında üzən yük gəmisinə dron hücumu etməklə atəşkəsi pozmaqda ittiham edib. Bundan bir neçə saat sonra ABŞ İranın raket, pilotsuz uçuş aparatı anbarlarına və radar obyektlərinə zərbələr endirib. İran isə ABŞ-nin hücumlarını “qanunsuz təcavüz” adlandıraraq cavab tədbirləri gördüyünü açıqlayıb”.
Bu fikirləri Musavat.com-a Mili Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev deyib.

Deputat qeyd edib ki, bununla yanaşı, İsrail və Livan arasında ABŞ-nin vasitəçiliyi ilə əldə olunmuş çərçivə razılaşması regionda gərginliyi azaltmağa hesablanıb:
“Lakin bu razılaşma bütün silahlı aktorları əhatə etmir və xüsusilə Hizbullahın mövqeyi səbəbindən onun icrası hələ də qeyri-müəyyən qalır. Hazırkı hadisələrin təhlili bu qənati bir daha təsdiqləyir ki, Yaxın Şərqdə formalaşmaqda olan yeni təhlükəsizlik mühiti son dərəcə kövrəkdir. ABŞ-nin İran hədəflərinə zərbələr endirməsi, bunun isə atəşkəsin pozulmasına cavab kimi əsaslandırılması onu göstərir ki, tərəflər arasında hərbi qarşıdurma tam formada başa çatmayıb. Əksinə, hazırda tərəflər arasında münasibət, ümumilikdə isə region birbaşa hərbi əməliyyatlar ilə diplomatik təmaslar arasında müəyyən “boz zona” mərhələsindədir”.

Rizvan Nəbiyevin fikrincə, ən mühüm məqam ondan ibarətdir ki, nə Vaşinqton, nə də Tehran hazırkı mərhələdə uzunmüddətli və genişmiqyaslı müharibədə maraqlı görünür:
“ABŞ üçün əsas prioritet Yaxın Şərqdə hərbi mövcudluğunu qorumaq, İsrailin təhlükəsizliyini təmin etmək və enerji marşrutlarının, xüsusilə Hörmüz boğazının açıq qalmasına nail olmaqdır. Ona görə də ABŞ administrasiyası bəyan edir ki, məqsəd müharibəni yenidən başlamaq deyil, İranın atəşkəsi pozduğunu iddia etdiyi addımlara “məhdud cavab” verməkdir. İran rəsmiləri də cavab hüququnu saxladıqlarını bildirir, lakin rəsmi açıqlamalarda genişmiqyaslı müharibəyə başlamaq niyyəti ifadə olunmur. Belə ki, İranın əsas məqsədi daxili siyasi sabitliyi saxlamaq, çəkindirmə qabiliyyətini itirmədiyini nümayiş etdirməkdir. Bununla Tehran diplomatik danışıqlarla paralel regional təsir imkanlarını qoruduğunu göstərir. Lakin risk məhz burada yaranır. Tərəflərin heç biri böyük müharibə istəməsə belə, qarşılıqlı cavab zərbələri davamlı olarsa, hansısa mərhələdə hadisələrin inkişafı onların siyasi iradəsindən kənara çıxa bilər. Tarix göstərir ki, Yaxın Şərqdə bir çox genişmiqyaslı münaqişələr əvvəlcədən planlaşdırılmış qərarlardan deyil, məhz lokal insidentlərin sürətlə eskalasiyasından yaranıb”.
Milli Məclisin üzvü bildirib ki, digər mühüm amil İran daxilindəki siyasi atmosferdir:
“Dini liderin dəfni və ya hakimiyyət daxilində həssas keçid dövrü fonunda rəhbərlik daxili auditoriyaya zəif görünmək istəmir. Bu isə cavab addımlarının daha sərt atılması üçün əlavə təzyiq yarada bilər. Eyni zamanda ABŞ-də də daxili siyasi gündəm və təhlükəsizlik məsələləri administrasiyanın daha sərt ritorika seçməsinə təsir göstərə bilər”.
Rizvan Nəbiyev hesab edir ki, 3 ssenari barədə fikir yürütmək olar:
“Yaxın həftələr üçün ən real ssenari məhdud, lakin davamlı eskalasiyadır. Yəni tərəflər birbaşa genişmiqyaslı müharibəyə girmədən, qarşılıqlı hərbi və siyasi təzyiq vasitələrindən istifadə etməyə davam edə bilərlər. Başqa sözlə, idarə olunan eskalasiya - ən yüksək ehtimala malikdir. Bu halda ABŞ və İran məhdud hərbi əməliyyatlar, sanksiyalar, kiberhücumlar və proksi qüvvələr vasitəsilə qarşılıqlı təzyiqi davam etdirəcək, lakin diplomatik kanallar tam bağlanmayacaq. Beynəlxalq vasitəçilər, xüsusilə Pakistan, eləcə də Körfəz ölkələri, həmçinin Avropa dövlətləri gərginliyin nəzarətdən çıxmaması üçün fəal diplomatik səylər göstərəcəklər.
İkinci ssenari - regional müharibəyə keçid - daha aşağı ehtimallıdır, lakin tam şəkildə də istisna edilmir. Belə bir vəziyyət Hörmüz boğazının bağlanması, ABŞ hərbi bazalarına genişmiqyaslı hücum, İsrailə qarşı koordinasiyalı raket zərbələri və ya regiondakı İran tərəfdarı silahlı qrupların eyni vaxtda fəallaşması ilə başlaya bilər. Bu halda münaqişəyə Livan, İraq, Suriya və Yəmən istiqamətləri də cəlb oluna və qlobal enerji bazarında ciddi təlatüm yarana bilər.

Hörmüz boğazı ilə yanaşı, Qırmızı dənizdə, Babül-məndəb ətrafında husilərin Yəməndən gərginlik yaratması qlobal enerji bazarını xaosa sürükləyə bilər. Belə ki, Hörmüz və Babül-məndəb boğazlarından ümumilikdə dünyanın gündəlik neft tələbatının 35%-i keçir.
Üçüncü ssenari - gərginliyin tədricən azalması - mümkündür. Bunun üçün hər iki tərəfin siyasi iradə nümayiş etdirməsi və vasitəçilərin fəal diplomatik rolu tələb olunur. Aparılan diplomatik danışıqlarda tədrici irəliləyiş olması da bu ssenarinin xeyrinə işləyəcək. Atəşkəs mexanizmlərinin yenidən işlək vəziyyətə gətirilməsi, qarşılıqlı ittihamların zəiflədilməsi və birbaşa kommunikasiya kanallarının qorunması bu ssenarinin əsas şərtləridir”.
Deputatın sözlərinə görə, strateji baxımdan hazırkı mərhələnin əsas xüsusiyyəti ondan ibarətdir ki, münaqişənin taleyini artıq təkcə Vaşinqton və Tehran müəyyən etmir:
“İsrail, Körfəz ölkələri, İranın regional müttəfiqləri, eləcə də beynəlxalq enerji bazarındakı vəziyyət və böyük güclərin diplomatik fəaliyyəti də prosesə ciddi təsir göstərir. Bu səbəbdən qarşıdakı günlər və həftələrdə atılacaq hər bir hərbi və siyasi addım regional təhlükəsizlik arxitekturasının gələcəyini müəyyən edən mühüm amillərdən biri olacaq. Bu baxımdan, risk yüksək olaraq qalır, lakin eyni zamanda tərəflərin qarşıdurmanı tammiqyaslı müharibəyə çevirməmək üçün müəyyən çəkindirmə mexanizmlərini qorumağa çalışması da müşahidə olunur”.
E.Paşasoy,
Musavat.com






