İnsanlara hürriyət, millətlərə istiqlal!

Doktor Pezeşkianın 100 günü və yazacağı ilk “resept”

1159 10.07.2024 15:32 Yazarlar A A

Bu günlərdə Türkiyədə səfərdə olmuş İranın keçmiş prezidenti Mahmud Əhmədinejad İstanbul bazarına da baş çəkib. Orada o, bir iş adamının yeni prezident Məsud Pezeşkian haqda sualına maraqlı münasibət bildirib. Əhmədinejada yaxın medianın yazdığına görə, “Pezeşkian barədə nə düşünürsünüz” sualına o, “dua edirəm” cavabını verib.

Adətən qəliz durumda və ya qaçılmaz ağır günlər ərəfəsində olan bir şəxs, yaxud sağalmağına ümid az olan xəstə haqda belə deyirlər. Hərgah Pezeşkian xəstə-zad deyil. Əksinə, onun özü həkimdir.

Amma iyulun 5-dən sonra o, artıq həm də cəmiyyətin “təbibi” olmaq, xalqın əksəriyyətinin bezdiyi bir üsul-idarəyə yeni insani çalarlar gətirmək, humanist görkəm vermək zorundadır. Çünki bıçaq artıq sümüyə dirənib...

Söz düşmüşkən, Pezeşkianın qələbəsi xeyli dərəcədə məhz son reallığın hesabına mümkün olub. Geniş kütlə ona hər şeydən öncə axırıncı ümidgah kimi baxır. Yoxsa Pezeşkiana səs verən milyonlarla insan məyus olacaq, o cümlədən ana dilində məktəb istəyən Güney Azərbaycan türkləri...

Bəs doktor bacaracaqmı? Uzağı, andiçmədən sonrakı 100 gündə görəcəyik. Hərgah dəniz suyunun dadını bilmək üçün damla da kifayət edir. Yəni ki, çox şey qarşıdakı bir neçə həftədə də aydınlaşa bilər.

Odur ki, bizə də dua eləmək düşər. Ümid edək ki, Allah o taylı-bu taylı səmimi dualarımızı eşidər, həkim-prezidentə xeyirxah işlərdə kömək olar. Yetər ki, batil dualar edilməsin...

Doğru, yeni prezidentin istər daxili, istərsə də xarici siyasətdə sərbəst hərəkət və manevr etmək imkanı böyük deyil. Çünki Ali dini lider faktoru var – hərçənd cənab Əli Xamenei də eyni soydandır, türkdür. Amma Məsud bəy yenə ona ayrılan meydança çərçivəsində nələrsə edə bilər.

Bu, asılı olacaq onun iradəsi və bacarığından, siyasi çevikliyi və manevr qabiliyyətindən, bir də quracağı komandadan. Necə deyərlər, siyasət – mümkün olmayanı reallaşdırmaq sənətidir. “Çobanın könlü olsa, təkədən pendir tutar” deyimi də var...

Təbii ki, Azərbaycan Respublikası və onun rəhbərliyi doktora xeyirxah işlərində, o sırada qonşu Azərbaycan və Türkiyə ilə münasibətləri irəli aparmaq üçün “müalicəvi doza”da kömək edə bilər və yəqin ki, edəcək.

Misal üçün, politoloq Qabil Hüseynli Prezident İlham Əliyevin səfirliyimizin açılışı ilə bağlı İrana səfərini mümkün və mühüm sayır.

Sitat: “İlk olaraq İlham Əliyevin Məsud Pezeşkianın soydaşlarımızın ona olan etimadını və mövqelərini gücləndirmək məqsədilə İrana səfər edəcəyini və ölkəmizin yeni səfirliyinin açılış mərasimində hər iki dövlət başçısının olacağını düşünürəm. Sonra isə uyğun vaxtda Pezeşkianın ölkəmizə səfəri həyata keçiriləcək. Müəyyən məsələlərin, problemlərin həlli üçün isə zaman lazımdır” (Axar.az).

Politoloq hesab edir ki, dünya indi çətin bir dövrdən keçir və bu dönəmdə quru pafosla problemlər həll edilmir: “Əsas olan isə həyati məsələlərdə ortaq baxış bucağının formalaşdırılmasıdır. Yaxın gələcəkdə biz bu istiqamətdə addımların atıldığını görəcəyik. Zaman keçdikcə Pezeşkian Azərbaycanla münasibətlərin kəskinləşdirən qrupları da neytrallaşdırmağa nail olacaq”...

Söhbət əlbəttə ki, Azərbaycan dövlətinin varlığını hələ də “həzm edə” bilməyən, bizi haqsız yerə hədəf alan və suçlayan, Fərid Səfərli kimi günahsız vətəndaşlarımızı zindana saldırmaqdan həzz alan, vaxtaşırı proksi qüvvələrini üstümüzə qaldıran radikal-panfarsist kəsimdən gedir. Onların arealı, çevrəsi məlum.

Halbuki sağlam məntiq Quzeydəki dövlətlə dost-tərəfdaş olmağı diktə edir, ona düşmən olmağı yox. İranın düşmənləri onsuz da kifayət qədərdir. Təkcə ABŞ ona bəs edər.

Qonşularla konfrontasiya isə hələ heç bir ölkəyə uğur, xoşbəxtlik gətirməyib. Öz günahı üzündən Türkiyə və Azərbaycanla sərhədləri hələ də bağlı qalan “izqoy” Ermənistanın durumu görkdür.

Görək andiçmədən sonra doktorun ilk “resepti” nə olacaq...

Z.SƏFƏROĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR