İnsanlara hürriyət, millətlərə istiqlal!

Din xadimlərinin ilk attestasiyası: “tapşırıq” işə yaradımı?

683 06.03.2024 08:37 Ölkə A A

Gündüz İsmayılov: “Onlar fəaliyyətini davam etdirə bilməyəcəklər, çünki...”

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb.

Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar.

İlk dəfə təşkil edilən attestasiya QMİ-nin inzibati binasında keçirilir. Prosesdə fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır.

Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara təyin olunmuş din xadimlərinin hər beş ildən bir attestasiya edilməsi nəzərdə tutulub. Zaman-zaman bir sıra sahələrdə keçirilən attestasiyalar narazılıqla qarşılanıb. Həkimlərin, müəllimlərin müxtəlif şəkildə imtahan edilməsini bir çoxları uğursuz addım kimi dəyərləndirir. Bizim dindarların attestasiyası effekt verəcəkmi? Bəs attestasiyadan keçməyənlərin taleyi necə olacaq? Dindarların attestasiyaya hazırlaşmaq imkanları varmı? Dindarlar hansısa mövzularda sualların olacağından xəbərdar olurmu? 

Ekspertlərə görə, nümunəvi din xadimi cəmiyyətdə digər insanlar üçün ideal insan olmalıdır. Başqaları ilə müqayisədə yüksək dini savadı, müsbət cəhətləri ilə tanınan, bilikləri və davranışları ilə cəmiyyətə nümunə göstərməlidir. İnsanları inandırmaq üçün dərin bilikli şəxslər hər zaman hörmətlə qarşılanıb. Din xadimləri də təkcə dini sahədə deyil, ilahiyyat təhsili ilə yanaşı, fəlsəfə, tarix, sosiologiya, psixologiya və təhsil sahələrində də biliyə malik olmaq olmalıdır. Çünki din xadimi daim insanlarla ünsiyyətdə olur, cəmiyyəti maraqlandıran sualları cavablandırır. Bir din xadimi insanları qane edəcək bilik səviyyəsinə malik olmayanda, insanların dinə güvəni azalır. Ən təhlükəli hal isə odur ki, bu zaman insanlar din adına sui-istifadə edənlərin dediklərinə inanır. 

O da qeyd edilir ki, din xadiminin bacarıq və biliklərinin zəif olduğu yerlərdə dinlə bağlı neqativ tendensiyalar daha çox yayılır. Belə hallardan xüsusilə də radikal dini qruplar yararlanmağa çalışır. Odur ki, din xadimlərinin attestasiyasının keçirilməsi olduqca mühüm amildir. 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, attestasiyadan keçməyənlər din xadimi kimi fəaliyyətini davam etdirə bilməyəcəklər: “Həmin şəxslər din xadimi olmaq üçün yenidən hazırlaşmalı və müsahibədə iştirak etməlidir. Din xadimlərinin attestasiyası ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir. Bu məqsədlə müvafiq qaydalar hazırlanıb və rəsmi sənəd kimi təsdiqlənib. Həmin qaydalara əsasən attestasiyada iştirak edəcək din xadimləri ən azı 1 ay öncədən bu barədə məlumatlı olmalıdır. Bu isə o deməkdir ki, din xadimlərinin attestasiyaya hazırlaşmaları üçün ən azı 1 ay vaxtları olur. O ki qaldı attestasiyada ünvanlanan suallara, "İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması və attestasiyası üzrə Proqram" hazırlanaraq təsdiq edilib. Həmin proqram Dövlət Komitəsinin rəsmi internet saytına yerləşdirilib. Din xadimlərinin attestasiyası yalnız o proqram çərçivəsində həyata keçirilir".

Sədr müavini əlavə edib ki, attestasiyada iştirak edən və uğur qazanmayan şəxslər müvafiq qaydada apelyasiya şikayəti verə, hətta məhkəməyə müraciət edə bilər: “Onu da qeyd edək ki, attestasiya prosesində videoçəkiliş aparılır. Apelyasiya şikayəti olduğu təqdirdə sözügedən videoçəkilişə baxılır. Nəzərinizə çatdırım ki, Attestasiya Komissiyasının 9 üzvü var. Onların hamısı ixtisasca ilahiyyatçı mütəxəssisdir. Belə olan halda qeyri-obyektiv münasibətdən söhbət belə gedə bilməz”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR