İnsanlara hürriyət, millətlərə istiqlal!

Dərsliyi necə cırmaq haqda elmi araşdırma

1695 28.04.2022 09:30 Yazarlar A A

O boş söhbətdir müqəddəs yer boş qalmır... Elə də gözəl qalır ki...

Dünən Azərbaycan Milli Elmlər Akademiyasında iclas keçirilib. Hamı gözləyirdi, nəhayət, Ramiz Mehdiyevin yerinə - idarənin müdiri vəzifəsinə kimsə seçiləcəkdir. Ya da təyin ediləcəkdir. Açığı AMEA prezidenti necə qoyulur, bunu yadımdan çıxarmışam, bu dəqiqə araşdırmağa da vaxtım yoxdur. Ölkəmizdə seçkili orqanlarla təyinatlı orqanların isə böyük fərqi vardır. Məsələn, deputatları seçirlər, icra başçıları təyin edilir. (Əlimi dəmirə tutub yazdım, haqqımda nə fikirləşdinizsə vecimə deyil).

Ramiz müəllim nə qədər yenilməz, böyük şəxsiyyət imiş, xalq bunu günü-gündən anlamaqdadır. Bəlkə xahiş eləyək, təzədən qayıdıb AMEA şefi olsun, Günəşi, Ayı yerinə qoysun. Şair demişkən: “Qayıt sahmana sal bu kainatı”. Əks halda necə ola bilər Akademiya özünə təzə prezident qoymaqda çətinlik çəksin? Bəlkə ora intriqa yuvasıdır, namizədlər qorxurlar? Bəlkə Ramiz müəllim ordan elə çıxıb, kabinetində böyük qara dəlik, deşik yaranıb, masanın qəlpələri kainata səpələnib, nəticədə yeni adamı ora yerləşdirmək alınmır?

Nəsə, böyük sirdir. Ümid edək, tezliklə bu sirr çözülsün. Bizə yeni elmi kəşflər lazımdır. Korona virusuna qarşı yeni qab düzəltməliyik. Lüləyi musiqi çalan aftafa, ən sürətli toyuq cinsi, sarımsaqlı çipsi, mələyin qucaqlama sürəti kimi elmi istiqamətlər də həmçinin. Bütün bu işlər elmi rəhbər olmadan yerinə yetirilə bilərmi? Bilər. Ancaq faydası az olar. Ağsaqqal öyüdü, ağbirçək nəsihəti bizim elin vacib cəhətlərindən biri, bəlkə deyərdim birincisidir.

Sözgəlişi, AMEA müdiri vəzifəsinə ağbirçək akademiklərimizdən birini qoymaq da olar. Həm yenilik olar, həm adətlərimizə hörmət.

Akademiyanın dünənki iclası, əlbəttə, boş keçməyibdir. Məsələn, idarənin prezidenti vəzifəsini müvəqqəti icra edən Arif müəllim bəyan edib ki, AMEA-da elmi işçilərin sayı çox olmalıdır.

Möhtəşəm fikirdir. Məncə qəzetdə jurnalistlər, polisdə polislər, su idarəsində suçular, kənddə kəndçilər, şəhərdə şəhərlilər üstünlük təşkil etsə yaxşı olar. Bunlar vacib elmi məsələlərdir. Yeganə futbol sahəsidir, bizdə onu kim istəsə oynaya bilər, onsuz nəticə həmişə eyni olur - uduzuruq.

Lakin Arif Həşimovun sözünə görə Akademiyamızın bəzi institutlarında və elm ocaqlarında texniki işçilərin sayı elmi işçilərin sayından çox imiş. Qəribədir. Ramiz müəllimin vaxtında akademiya prezidentinin 3 sürücüsü, altı masajisti, yeddi katibəsi, səkkiz yeznəsi, on altı köməkçisi, 11 xadimə, 36 ofisiant, 45 üzümlük qarovulçusu, 50 toybaşı, 8 kababçı, 2 kirvə, 4 iftiraçı, 5 yaltaq və sairə işçiləri formalaşmışdı. Lakin bütün bu komanda bəs eləmirdi. İndi təzə müdir köhnə bazara yeni nırx qoyaraq elmi işçiləri artırmaq istəyirsə, bunu nədən “texniki heyətin” hesabına etmək fikrindədir? Xahiş edirəm dövlətçiliyimizi sarsıdan əməllərdən əl çəkəsiniz.

Bu cür işlərdən birini də Təhsil Nazirliyində etməkdədirlər. Məncə əlaqədar orqanlar maraqlansın. Orda təzə təhsil naziri birinci siniflərin dərsliklərini parçalamaqla məşğuldur. Sözün əsl mənasında. Deyir kitab bütöv olanda uşağa ağırlıq verir, indi biz “birincilərin” dərsliklərini yarım il üçün, iki hissədə çap edəcəyik. Sentyabrdan yanvara qədər bir kitabı, yanvardan iyunacan da ikinci kitabı daşısınlar - təxminən bu formada.

Guya problemin həlli budur. Birincisi, uşaq balaca vaxtından nə qədər yük daşısa yaxşıdır, axırda onsuz  çoxu fəhləlik edəcək. Öyrəşməlidirlər. Bunu Nizami müəllim “Fitnə” əsərində yazıbdır.

İkincisi, formalizmdən haçan qurtulacaqsınız? Dərsliyin içindən, müəllimin dərsindən, məktəbin keyfiyyətindən danışmaq lazımdır. Yoxsa istəyirsən kitabı vərəq-vərəq cır, ver uşağa. Ağlı artmayacaq.

Burada da Ramiz müəllimin yoxluğu hiss edilir. Əgər o prezident görəvində qalsaydı, siz “Əlifba”nı parçalamağa cürət etməzdiniz.  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR