İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan ABŞ-ın Azərbaycandakı səfirinə İLGİNC MƏSLƏHƏT

1301 10.12.2023 20:11 Siyasət A A

“Birləşmiş Ştatların yeni səfiri Mark Libbinin ölkəmiz haqda ilk təəssüratını izlədim. Dolma və plovu artıq daddığını deyən cənab səfir ona digər dadlı yeməklərimizlə bağlı məsləhət verilməsini istəyir və Azərbaycanı daha yaxından tanımaq üçün təklif gözlədiyini bildirir”.

Musavat.com bildirir ki, bu fikirlər deputat Sahib Alıyevə məxsusdur.

Deputat qeyd edib ki, qurman olmadığından yeməklə bağlı məsləhətləri digər soydaşlarımızın öhdəsinə buraxır:

“Onun xahişinin ikinci hissəsinə gəldikdə, faydalı ola biləcəyini düşünüb bəzi reallıqları diqqətinə çatdırıram. Öncə onu deyim ki, yeni səfirin məhz Blinkenin cənab İlham Əliyevə telefon zənginin ardından gəlişi Bayden administrasiyasının Azərbaycana “gəliş gəlmək” xarakterli sonuncu addımının da perspektivsizliyinin dərk edildiyinin daha bir təsdiqidir və bu, yaxşıdır. Bir sözlə, qarşı tərəf “gəliş gəlməyi”, “gediş etmək”lə əvəzləyib ki, bizdə bu, zərərin yarısından qayıtmaq adlandırılır.

Bakıya ayaq basar-basmaz səfir Libbinin dilindən regionda dayanıqlı sülh üçün çalışacağını eşitmək də xoşdur. Ancaq hərbi kollec bitirən və həm də təcrübəli diplomat olan Mark Libbi yaxşı fərqindədir ki, əgər bir səfir əlində binokl düşmən tərəfin hərbçisi ilə yan-yana dayanaraq o birinin mövqelərini izləyirsə, bu, onun təmsil etdiyi ölkənin regionda dayanıqlı sülh istəyindən yox, səngərində durduğuna havadarlığından xəbər verir. Məhz Birləşmiş Ştatların Ermənistandakı keçmiş səfiri Linn Treysi bir neçə dəfə bu qəbildən olan təxribatçı davranış sərgiləmişdi. Kristina Kvin də ondan çox da fərqlənmədi və Gorus tərəfdən bizim Laçındakı sərhəd buraxılış məntəqəsinin önündə peyda olan səfirlərdən biri də o idi. Xanım Kvinin, eləcə də digər qərb diplomatlarının belə şouları Qarabağdakı dindaşlarında qaçqın kimi Kaliforniyada, Marseldə və sair şəhərlərdə yerləşdirilə biləcəkləri haqda xoş, fəqət boş ümid yaratdı. Qalıb bizimlə birgə yaşayacaqları təqdirdə hüquqlarının qorunacağına, təhlükəsizliklərinə ən yüksək səviyyədə təminat verilməsinə rəğmən onların buradan çıxıb getmələrində bax, o şoular da az rol oynamadı”.

Deputat ardınca bildirib: “Ancaq aydındır ki, ABŞ-nin Ermənistandakı həm keçmiş, həm də indiki səfirilərinin misal gətirdiyim hərəkətləri, bəzi açıqlamaları ilk növbədə bizim ərazi bütövlüyümüzü bərpa və üzərində suverenliyimizi tam təmin etməmizdən Bayden administrasiyasının çox yumşaq desək, o qədər də razı qalmamasından irəli gəlirdi. Sentyabrın 22-də Antoni Blinkenin Anadolu agentliyi əməkdaşının ABŞ-nin Azərbaycanın torpaq bütünlüyünü tanıyıb-tanımamsıyla bağlı sualına konkret cavab verməkdən yayınması da elə bunun təsdiqi deyildimi? Bunları ona görə xatırladıram ki, ABŞ-nin azərbaycanca heç də pis danışmayan yeni səfiri bizdə dil bilmək ifadəsinin bir məcazi tərəfinin də olduğu haqda məlumatlıdırmı, xəbərim yoxdur. Beləliklə, cənab səfir, Sizin azərbaycanca danışmanız müsbət haldır, ancaq bu, hələ xalqımızın və dövlətimizin dilini bilmək sayılmır. Bunun üçünsə heç də çox şey lazım deyil, sadəcə təmsil etdiyiniz ölkənin sözün hər anlamında bizim regiondakı proseslərə yanaşmada Azərbaycanın demirik, beynəlxalq hüququn yanında olması, ikili standartlara son qoyması yetər.
Və cənab Libbi, öz sözlərinizlə desək, bu gözəl ölkəni daha yaxından tanımaq istəyirsinizsə, onda yolunuzu Qarabağın tacı sayılan Şuşadan nə qədər tez salsanız, bir o qədər yaxşıdır. Hələlik bu qədər”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR