İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat Kamal Cəfərovla Araz Altaylı arasında İrəvan çəkişməsi - POLEMİKA

1462 06.05.2024 15:13 Yazarlar A A

Musavat.com-da İrəvanla bağlı yazdığım məqaləyə cavab kimi paylaşılan yazıya reaksiyam- Kamal Cəfərov yazır

Deputat Kamal Cəfərov araşdırmaçı Araz Altaylının Musavat.com saytında dərc olunan "İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər" başlıqlı yazısına cavab yazıb.

Onu da qeyd edək ki, Araz Altaylının yazısı da Kamal Cəfərovun saytımızda daha öncə yayımlanan "İrəvanın Ermənistana hədiyyə edilməsinə haqq qazandıranlar xəyanət içərsindədirlər- Deputat" yazısına cavab kimi qələmə alınıb. 

 Millət vəkili Kamal Cəfərovun mövzu ilə bağlı yeni (cavab) yazısını təqdim edirik:

"Tarixi hadisələrə münasibətdə populizmə deyil, ciddi tarixçilərin tədqiqatlarına istinad etmək lazımdır!"

Müəllif çox səhv olaraq iddia edir ki, “İrəvan 1918-ci ildə yaranmış Azərbaycan dövlətinin şəhəri, ərazisi olmayıb. Bu şəhər və mahal 1827-ci ilin oktyabrında Rusiya imperiyası ordusu tərəfindən işğal edilib, 90 il boyunca Rusiyanın quberniyalarından biri olub”. Bu məntiqlə yanaşsaq, o zaman gərək Rusiya tərəfindən 1804-cü ildə işğal edilən Gəncəni də, 1806-cı ildə işğal edilən Bakını da, 1827-ci ildə işğal edilən Naxçıvanı da “1918-ci ildə yaranmış Azərbaycan dövlətinin şəhəri, ərazisi” hesab etməyək.

Digər tərəfdən, əgər İrəvan 1918-ci ildə yaranmış Azərbaycan dövlətinin şəhəri, ərazisi deyildisə, bəs o zaman nəyə görə və hansı məntiqlə Azərbaycan Milli Şurası bu şəhəri ermənilərə güzəştə gedib? Azərbaycan dövlətinin olmayan bir şəhərin Azərbaycan Milli Şurası tərəfindən ermənilərə güzəştə gedilməsinə ehtiyac olardımı?

Müəllifin “Ancaq beynəlxalq arenada hələ Azərbaycan dövlətinin özünü de-yure tanımırdılar, ona görə də onun İrəvan üzərində yurisdiksiyası yox idi” iddiası da tamamilə yanlışdır. Sual olunur: Azərbaycan dövlətindən fərqli olaraq 1918-ci ildə beynəlxalq arenada erməni dövlətini de-yure tanıyırdılar bəyəm? İrəvan ermənilərin yurisdiksiyasında idimi?

Dövlətin ordusunun, hərbi gücünün olmaması kimi arqumentlə də tarixi Azərbaycan şəhəri olan İrəvanı ermənilərə bağışlamağa haqq qazandırmaq da xəyanətdir.

Tarixi hadisələrə münasibətdə populizmə deyil, ciddi tarixçilərin tədqiqatlarına istinad etmək lazımdır. Qərbi Azərbaycan ərazisində erməni dövlətinin yaradılması və İrəvanın ermənilərə verilməsi məsələsi görkəmli tarixçimizi, tarix elmləri doktoru Vasif Qafarov tərəfindən Azərbaycan və Osmanlı arxiv sənədləri əsasında detallı şəkildə araşdırılıb, bu məsələnin bütün təfərrüatları üzə çıxarılıb. Vasif Qafarovun obyektiv elmi tədqiqatlarını oxumaqla hər bir oxucu İrəvanın itirilməsi ilə bağlı həqiqətləri öyrənə bilər.

Kamal Cəfərov, Millət vəkili

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR