İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəniz suyu necə içməli suya çevriləcək - Prezidentin sərəncamı

2372 14.04.2023 08:25 Texnologiya A A

Azərbaycan ərazisində qlobal istiləşmələrlə əlaqədar yağıntıların miqdarı xeyli azalıb və bu da su qıtlığına gətirib çıxara bilər

Prezident İlham Əliyev aprelin 12-də su sərəncamları imzalayıb. Bir sərəncam Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihə həyata keçirilməsini nəzərdə tutur. Nazirlər Kabinetinə pilot layihənin icrası ilə əlaqədar “Suyun alqı-satqı müqaviləsi”nin və digər razılaşmaların imzalanması üçün zəruri tədbirlər görmək; hökumət adından imzalanmış müvafiq müqavilələri təsdiq üçün prezidentə təqdim etmək tapşırılıb. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi istehsal edilən içməli suyun Bakı şəhərinə və ətraf ərazilərə nəqli ilə əlaqədar infrastruktur işlərinin görülməsinə dair təkliflərini İqtisadiyyat Nazirliyinə təqdim etməlidir. Başqa sərəncamla Qəbələ rayonunun ərazisində Yengicə su anbarı tikiləcək.

Coğrafiya İnstitutunun Xəzər dənizinin sahillərinin və iqlim geomorfologiya şöbəsinin müdiri, professor Əmir Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Azərbaycan ərazisində qlobal istiləşmələrlə əlaqədar olaraq yağıntıların miqdarı xeyli azalıb və bu da nəticədə xeyli su qıtlığına gətirib çıxara bilər: “Bu nöqteyi-nəzərdən Azərbaycanda su balansı təxminən 30-35 kub kilometr hesab olunur. Bu da getdikcə sənayenın inkişafı, içməli suya olan tələbat və sair amillər nəticəsində getdikcə azalır. Bizim əsas su arteriyamız Kür çayıdır ki, bu da əsas su mənbəyini ölkəmizdə formalaşdırır, təxminən 70-80 faiz edir. Suya qənaət etmək məqsədilə Prezidentin imzaladığı bu layihə çox vaxtında görülmüş hadisədir. Çünki bu bizə imkan verəcək ki, Xəzər dənizinin suyundan istifadə edək. Hazırda Xəzər dənizinin suyunun duzsuzlaşdırılması problemi var və bunu yerinə yetirmək lazımdır. Duzsuzlaşdırma bütün dünyada son illər çox geniş istifadə edilir. Xəzər dənizinin Şərq sahillərində, Qazaxıstanın ərazisində 1960-cı illərdə bir zavod tikilib. Orada yaşayan əhali ondan içməli su kimi də istifadə edir, bütün təsərrüfat üçün də istifadə edirlər. Zavodlar, fabriklər duzsuzlaşdırılmış Xəzər suyundan istifadə edirlər. Xəzər dənizinin duzsuzlaşdırılmasının bir xüsusiyyəti də var ki, bizim dənizin suyu şirindir. Xəzər dənizinin bir kiloqram suyunda iki qram duz var, amma okean suyunda bu, üç dəfə çoxdur, təxminən 40-a yaxındır. Ona görə də burada duzsuzlaşdırmaq üçün sərf olunan enerjilər azdır. Bundan əlavə, Xəzər suyunun tərkibində "Mendeleyev" elementlərinin hamısı var.  Əgər biz onu istifadə etsək, oradan əlvan metallardan qızıl, platin də əldə etmək olar".

Ekspert əlavə edib ki, Azərbaycanda da bu təcrübə var: “Salyanda Xıdırlı zavodu var, İsrail texnologiyası əsasında tikilən zavoddur. Burada bir sutkada 55 min tona qədər su duzsuzlaşdırılır ki, bundan da suvarmada çox geniş istifadə olunur. Yaxınlarda bu zavodda olmuşam, Xəzər dənizindən 20 kilometr kənarda yerləşən zavoda kanal vasitəsilə su verilir, oradan da götürüb həmin zavodda istifadə edirlər. Belə zavodların, xüsusilə Abşeronun dəniz sahili ərazisində yerləşdirilməsi çox mühümdür. Çünki Azərbaycan ərazisinin demək olar ki, 60 faizindən çoxu Bakı şəhərində, Sumqayıtda və  Xəzərsahili ərazidə yerləşir. Burada müasir texnologiyaya əsaslanan zavodların tikilməsi su ehtiyatlarına qənaət etməyə imkan verəcək. Bakı şəhərinə isə içməli su əsasən Şabran və Qəbələ tərəfdən gəlir. Bu sular da çox baha başa gəlir. Hazırda onların miqdarı xeyli azalıb. Bu baxımdan, əgər Xəzər suyundan istifadə etsək, bundan həm suvarmada texniki su kimi istifadə etmək olar, maşınların yuyulması, kanalizasiya sistemində istifadə etmək olar. Mən xaricdə ezamiyyədə olanda baxırdım ki, "krant"ın birindən texniki su, birindən də içməli su gəlir. Biz də həmin texniki sudan istifadə etsək, xeyli qənaət etmiş olarıq. Həmçinin istilik sistemində də bundan istifadə etmək olar".

“Xəzər dənizinə çirkli kanalizasiya suları tökülür, suyun duzsuzlaşdırılması zamanı bu amil nəzərə alınacaqmı” sualına professor belə cavab verdi: “Əslində Xəzərə axan kanalizasiya suları mütləq təmizlənməlidir, dənizə təmiz su getməlidir. İkincisi də, biz həmin suyu sahildən götürmürük ki. Sahildən bir 5-6 kilometr içəridən götürəndə o hissə heç ora gedib çatmır. Orada təmiz dəniz suyu olacaq. Əslində o kanalizasiya suları da bir neçə dəfə filterdən keçirilərək, təmizlənərək dənizə tökülməlidir. Xəzərin suyu 78 min kub kilometrdir. Son illərdə aşağı düşsə də, bizim Xəzərdə su tükənməzdir və həmişə də olacaq. İndi əsas çayların suyu azalıb, bu da ümumi qlobal iqlim dəyişmələri ilə əlaqədardır. Xüsusilə də istiləşmə nəticəsində bizim regionda Xəzər hövzəsində yağıntıların miqdarı azalıb. Yağıntıların azalmasına səbəb atmosfer prosesləridir. Siklonlar, antisiklon dəyişmələrdir ki, bunlar qlobal xarakter daşıyır. Prezidentin imzaladığı bu proyekt çox vacibdir və vaxtında verilən bir sənəddir”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR