İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəmirçilikdən dəmir barmaqlıqlar arasına – erməni generalın birinci katiblik arzusu ürəyində qalıb  

3249 21.06.2024 14:23 Yaxın tarix A A

 

O, ilk əmək fəaliyyətinə dəmirçilikdən başlayıb. Ancaq işin ağırlığından və qazancın azlığından Stapan Mamulyan bir ildən sonra bu işindən ayrılıb və 1921-ci ildə Tiflisdə milis orqanlarında sıravi əməkdaş kimi xidmətə başlayıb. 1923-cü ildə bolşeviklər partiyasına üzv olduqdan sonra Mamulyan partiya orqanlarına işə keçib. 1924-1927-ci illərdə Abxaziya vilayət Partiya Komitəsində təlimatçı vəzifəsində çalışıb. Daha sonra fəaliyyətini Gürcüstanda davam etdirib, Gürcüstan KP MK-da təşkilat şöbəsinin müdir müavini vəzifəsinə yüksəlib.

1931-1934-cü illərdə Mamulyan Qazaxıstan diyar Partiya Komitəsinə göndərilib, birinci katibin köməkçisi vəzifəsində işləyib. İşinin dəyişdirilməsi ilə bağlı bir neçə dəfə Moskvaya müraciət etdikdən sonra Anastas Mikoyanın köməyi ilə o, yenidən Gürcüstana qayıdıb. Məhz bu ərəfədə Mamulyanla Beriyanın arasında yaxın münasibətlər yaranıb. Beriya əvvəlcə onu Zaqafqaziya diyar Partiya Komitəsində ticarət şöbəsinin müdir müavini, daha sonra isə Gürcüstan KP MK-da partiya orqanları rəhbərləri ilə iş şöbəsinə müdir təyin edib.

Mamulov.jpg (26 KB)

Beriya Moskvada “NKVD”-yə müavin təyin olunanda Mamulyanı da etibar etdiyi kadr kimi özü ilə Moskvaya aparıb və qurumun katibliyinin rəis müavini təyin etdirib. Çox qısa bir müddətdən sonra Mamulyan “NKVD”-də böyük imtiyazlara sahib olub. Beriya komissar təyin olunduqdan sonra isə onun vəzifə karyerasında sürətli sıçrayış başlayıb. O, əvvəlcə “NKVD” katibliyinin rəisi, daha sonra, 1946-cı ildə (“NKVD” Daxili İşlər Nazirliynə çevriləndə) nazir müavini vəzifəsinə təyinat alıb, general-leytenant rütbəsi daşıyıb.

Mamulyan bu vəzifədə işləyərkən Beriya ilə yaxınlığı sayəsində böyük səlahiyyətlərə malik olub. Onun üçün Moskvada nazirlərə məxsus şərait yaradılıb, mənzil, bağ evi, iki xidməti avtomobil, dövlət təminatı və s. kimi güzəşt və imtiyazlar Mamulyana da şamil edilib.

Stalinin vəfatından sonra hakimiyyətdə mövqelərini möhkəmlətmək istəyən Beriya müttəfiq respublikalarda rəhbər orqanlara öz kadrlarını yerləşdirmək planını həyata keçirəndə Mamulyanı Gürcüstana göndərib. Beriya tərəfindən xüsusi tapşırıqlar alan Mamulyan Gürcüstan KP MK-nın partiya, komsomol, həmkarlar kadrları şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Bu vəzifə respublikada sırf kadr təyinatları ilə məşğul olub.

Beriyanın planında Tiflisin birinci katibi Baqiryanı Ermənistana birinci katib göndərmək, Mamulyanı isə əvvəlcə Tiflisə birinci katib, daha sonra isə Ermənistana rəhbər təyin etmək olub. O, bu planlarını Mamulyana da açıqlayıb.

Xruşşovun Beriyaya qarşı çevik tədbirləri onların bütün planlarını yarımçıq qoyub. Beriya həbs edildikdən dərhal sonra Mamulyan da həbs olunub. Məhkəmə prosesində Mamulyan özünü qorumaq üçün Beriyanın əleyhinə ifadələr verib.

Onun məhkəməyə verdiyi ifadələrdə aşağıdakılar da yer alıb:

“Beriya heç bir savadı olmayan insan cildinə girmiş bir cəllad idi. O, yazı masasının sol tərəfindəki siyirtmədə rezin dəyənək saxlayırdı. Elə kabinetindəcə bu dəyənəklə xoşuna gəlmədiyi adamlara işgəncə verirdi...”

“Beriya rəhbəlik etdiyi qurumun səlahiyyətlərinə aid olmayan partiyanın kadr siyasəti ilə məşğul olurdu. Məni Gürcüstana göndərməkdə də məqsədi bu idi. Mən onun “namizədlərini” partiya orqanlarında yüksək vəzifələrə yerləşdirməli idim. Baqiryan isə Ermənistana birinci katib getməli idi. Beriyanın planlarını pozmaq istəyənlər haqqında mən ona məlumat verməli idim və yerlərdə onun cəza tədbirlərinin icrası da mənə tapşırılmışdı...”

test-chto-vy-znaete-o-deyatelnosti-nkvd-sssr.jpg (85 KB)

“Haqqımda qaldırılan ittihamlarla razılaşıram, amma onu da bildirmək istəyirəm ki, tabelikdə olan şəxs kimi əmrləri icra etmək mənim vəzifə borcum idi. Bütün tapşırıqları isə mən Beriyadan, bu yaramaz cəlladdan alırdım...”

Bu ifadələr Mamulyanı cəzadan xilas etməyib. Amma satqınlığı sayəsində o, ən ağır cəzadan, güllələnmədən canını qurtara bilib. Məhkəmənin hökmü ilə Mamulyan 15 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Mamulyan 15 illik cəzasını son gününə qədər çəkib. Amma sözsüz ki, vaxtilə həbsxanalarda qanlı rejim yaradan erməni general üçün bu 15 il heç də rahatlıqla ötüşməyib.

1968-ci ildə azadlığa çıxdıqdan sonra Mamulyan bəraət almaq üçün müraciət etsə də onun müraciətinə müsbət cavab verilməyib. Ömrünün son illərini Abxaziyada yaşayan sabiq nazir müavini 1976-cı ildə kimsəsiz və acınacaqlı vəziyyətdə ölüb.

İlham Cəmiloğlu, Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR