Düşmən ordunun komandanı Gerasimovu “ustad” sayan Zalujnının reytinqi getdikcə artır; müharibədən sonrakı Ukraynanın məsuliyyətini kim çiyinlərinə götürəcək...
Ukraynada davam edən müharibənin son iki ilində ölkənin keçmiş baş komandanı, Britaniyada səfir olan Valeri Zalujnı hazırkı prezident Volodimir Zelenskiyə yeganə alternativ kimi göstərilməkdədir. Nə sabiq prezident Poroşenko, nə eks baş nazir Timoşenko, nə də Kiyev meri Vitali Kliçko Ukraynanın gələcək lideri kimi görünməkdədir. Hələ ki bu başıbəlalı ölkənin qaranlıq və qeyri-müəyyən görünən gələcəyini Zalujnı ilə təsəvvür edənlərin sayı artır. Elə ötən həftə Kiyevdəki Beynəlxalq Sosiologiya İnstitutunun yaydığı məlumata görə, Zalujnıya Ukrayna vətəndaşlarının 73%-i etibar edir. Zelenskiyə etimad səviyyəsi isə 61 faizdir. Digər ictimai xadimlər arasında hüquq-mühafizə orqanlarının nümayəndələri də yüksək göstəricilərə malikdirlər. Xüsusilə respondentlərin təxminən 70%-i Kirill Budanova etibar edir.
Xatırladaq ki, bu ilin fevralında Almaniyanın “Der Şpigel” jurnalı Zalujnını Zelenskinin “qorxmalı olduğu adam” adlandırmışdı. Maraqlıdır ki, 2019-cu ilin prezident seçkilsində xalqın 72 faizi Zelenskiyə səs vermişdi. Hazırkı sorğunun nəticələri isə Zalujnı üçün bundan bir qədər artıq səs faizi göstərir. Onun komandan olduğu dövrdə uğurlu əks-hücum əməliyyatları da yaddaşlarda qalıb və ictimai rəydə pozitiv, etibarlı şəxs kimi qəbul olunur.
Bəs kimdir vətənpərvər general və diplomat? Səngərdən diplomatik cəbhəyə keçən Zalujnının reytinqini artıran səbəblər hansılardır? O, Ukraynada atəşkəsdən sonra keçiriləcək prezident seçkisində qalib ola bilərmi?

Dünyanın 100 adamından biri
Əvvəla bildirək ki, Zalujnının ilk bioqrafiyası çap olunub. Kitab “Dəmir General. İnsanlıq dərsləri” adlanır. Müəllif keçmiş baş komandanın strateji rabitə üzrə müşaviri olmuş Lyudmila Dolqonovskayadır. Kitabda qeyd olunub ki, hərbi karyerası əvvəlcədən müəyyən edilmiş Zalujnı bir neçə dəfə, ilk növbədə, maliyyə səbəblərinə görə ordu ilə əlaqəni kəsməyə yaxınlaşıb. Hələ Müdafiə Akademiyasında oxuyarkən qrup yoldaşı Eduard Moskalevlə Kiyev gecə klubunda mühafizəçi işləməli olub. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı təyin olunması Zalujnı üçün tamamilə sürpriz olub.
Dolqonovskaya yazır ki, Rusiya işğalı ərəfəsində Zalujnı bütün Ukraynada hərbi vəziyyətin tətbiq edilməsində və ümumi səfərbərlik elan edilməsində israr edib, lakin prezident Zelenski buna razı olmayıb. Zalujnı hesab edir ki, Ukrayna Silahlı Qüvvələrinin 1991-ci il sərhədlərinə daxil olması Ukraynanı davamlı sülhlə təmin etməyəcək. Onun fikrincə, yalnız NATO-ya üzvlük və ya dövlətin İsrail modeli əsasında qalaya çevrilməsi ölkəni etibarlı şəkildə qoruya bilər.
Zalujnının səfir təyin olunması bəzi analitiklər tərəfindən onun daxili siyasətdən uzaqlaşdırılması kimi qiymətləndirilir. Təkcə bu sorğu deyil, digər sorğular da hipotetik prezident yarışında onun Zelenskidən ya irəlidə olduğunu, ya da reytinqə yaxın göstərir. Bununla belə, general müharibə bitməyincə siyasi ambisiyalar barədə danışmaq istəmədiyini bildirib.

Arayış üçün deyək ki, Zalujnı 1973-cü il, 8 iyulda Jitomir vilayətində dünyaya gəlib. “Dəmir ləqəbli” generalın 53 yaşı olacaq. Zalujnı “Şimal” Əməliyyat Komandanlığının komandanı (2019-2021), Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Əməliyyat Qərargahının rəisi - Birləşmiş Qüvvələr Komandanının birinci müavini (2018), Qərargah rəisi - Qərb Əməliyyat Komandanının birinci müavini (2017) olub, 51-ci Qvardiya Mexanikləşdirilmiş Briqadasının komandiri (2009-2012) vəzifəsini yerinə yetirib.
“Time” jurnalı Valeri Zalujnını 2022-ci ildə dünyanın 100 ən nüfuzlu adamından biri adlandırıb. 2014-cü ildə İvan Çernyaxovski adına Ukrayna Milli Müdafiə Universitetini bitirib. Hazırlığın əməliyyat-strateji səviyyəsinin ən yaxşı məzunu kimi o, Böyük Britaniya Kraliçasının keçici qılıncına layiq görülüb. 2017-ci ildə general-mayor rütbəsinə layiq görülüb.
27 iyul 2021-ci ildə o, Ruslan Xomçakı əvəz edərək Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı təyin edilib. Və heç bir il çəkmir ki, savaş başlayır.

Donbas cəbhəsinin fenomeni
“Time” jurnalı onu müharibənin ilk günləri üçün belə təsvir edir: “Şərq cəbhəsində illərlə Rusiyaya qarşı döyüşərək sərtləşən Zalujnı çevik olmağı öyrənmiş və qərarları yerdəki komandirlərə həvalə edən yeni nəsil Ukrayna liderlərinə aiddir. Onun genişmiqyaslı işğal ərəfəsində inadkar hazırlığı və müharibənin ilkin mərhələlərində düzgün döyüş taktikası xalqa rus qoşunlarının hücumunu dəf etməyə kömək etdi... ”
"AzadlıqRadiosu"nun Ukrayna xidməti Zalujnını əsgərlərin və kiçik zabitlərin problemlərini anlayan ən səmimi generallardan biri adlandırır. SSRİ-də hərbi xidmət keçməyən Ukrayna yüksək rütbəli zabitlərinin nümayəndəsi və Donbasdakı döyüş əməliyyatlarının iştirakçısı kimi o, kadrların gənclər tərəfindən yenilənməsinə və sovet təcrübəsindən uzaqlaşmasına müsbət yanaşır. Ali baş komandan təyin edildikdən sonra onun ilk addımlarından biri Donbasda təmas xəttində olan əsgərlərə cavab olaraq yüksək rəhbərliyin razılığı olmadan atəş açmağa icazə verməkdə məqsədi bürokratik gecikmələrə səbəb olan lazımsız sənədləri doldurmaq və hərbi personala ehtiyacı minimuma endirmək idi. 2022-ci il tarixində Dnepropetrovsk vilayətinin Pokrov şəhərində Qorki küçəsi Valeri Zalujnı küçəsi adlandırılıb. Həmçinin 9 iyun 2022-ci ildə Staraya Sinyavadakı Georgi Jukov küçəsi general Zalujnı küçəsi adlandırılıb. 2022-ci ilin may ayında musiqiçi Oisho BTZ (Oles Mixayloviç) Zalujnıya həsr olunmuş “Zaluzhnıy stir up hərəkət” mahnısını ifa edib.
Mirasından orduya bağışladı
Zalujnı Yelena ilə evlidir. “Focus” jurnalının məlumatına görə, cütlüyün əvvəlki nikahlardan iki qızı var: Kristina (Valeri Zalujnının bioloji qızı) və Arina (Elena Zalujnayanın bioloji qızı). Amma bu nikahdan Natalya dünyaya gəlib. O, hərbçidir, Kristina tibb təhsili alıb. Çox maraqlıdır ki, Zalujnı ABŞ-dəki qohumundan milyonlarla dollarlıq miras alıb. Miras Ukrayna əsilli amerikalı Qreqori Stepantsdan qalıb. Bunu Stepants ailəsi də təsdiqləyib. Ukrayna ordusunun mətbuat xidməti o zaman açıqlamışdı ki, Zalujnı Ukrayna Silahlı Qüvvələrinə bir milyon dollar bağışlayıb. 2010-cu ildə verdiyi müsahibədə özü haqda Zalujnı demişdi ki, onun zabit və şəxsiyyət kimi inkişafına böyük ölçüdə Aleksandr Kuprinin əsərləri kömək edib. O, hər zaman hərb tarixi ilə maraqlanıb. Zalujnı o zaman qeyd edirdi ki, o, prinsipləri üzərində tərbiyə aldığı sovet ordusunun tarixi ilə səmimi fəxr edir.
Qəribədir ki, Zalujnı bütün hərbi elmlərin Rusiyada yaşadığına inanır. Hətta çıxışlarının birində qeyd edib ki, o, Rusiya Baş Qərargahının rəisi, özündən 17 yaş böyük Valeri Gerasimovdan öyrənib. “Mən onun indiyə qədər yazdıqlarının hamısını oxumuşam. O, yaşayan ən ağıllı insandır və ondan gözləntilərim çox böyük idi”, - deyə Zalujnı düşmən ordunun generalını tərifləyib. Onun peşəkar hərbçi kimi Gerasimov haqda dediklərinə baxmayaraq, Zalujnı Rusiyanın hədəfindədir.
2025-ci il dekabrın 8-də Rusiya Baş Prokurorluğu Ukraynanın ali siyasi və hərbi rəhbərliyinə qarşı cinayət işi üzrə ittiham aktını təsdiqləyib. Cinayət işi Rusiya Cinayət Məcəlləsinin 357-ci (soyqırım) maddəsi ilə açılıb. Valeriy Zalujnının adı 30-dan çox müttəhim arasındadır. İş mahiyyəti üzrə baxılması üçün Donetsk Xalq Respublikasının Ali Məhkəməsinə göndərilib.
“İstintaqın məlumatına görə, 2014-cü ilin aprelindən indiyədək təqsirləndirilən şəxslər və digər vəzifəli şəxslər Ukrayna ərazisində olarkən Ukrayna Silahlı Qüvvələrinin və digər silahlı birləşmələrin tabeliyində olan hərbçilərə Donetsk və Luqansk Xalq Respublikalarının əhalisinə qarşı soyqırım törətmək barədə əmrlər veriblər”.
Zelenski ilə arası dəyib?

Yeri gəlmişkən, general haqda kitabda deyilir ki, müharibənin ilk günlərində Zalujnı yatmır, hərbi birləşmələrlə səhərə qədər əlaqə saxlayır, generallarla danışırdı. Dünya mediası onun səfir təyinatına qədər yazırdı ki, Zelenski ilə münasibətlərdə soyuqluq və anlaşılmazlıq yaranıb. Bəzi analitiklər isə prezidentin onu qısqandığını yazırdı. Amma hələlik tərəflər arasında açıq bir gərginlik müşahidə olunmayıb. Sadəcə, cəbhədəki vəziyyət və əməliyyatların gedişi ilə bağlı prezidentlə baş komandan arasında fikir ayrılığı yaranması istisna edilmirdi.
Bununla yanaşı, Zalujnının siyasətdə uğur qazanacağını gözləyənlər də var. Məsələn, siyasi şərhçi Mikola Daviduk hesab edir ki, Zelenski xalqı tək qoymayan liderdirsə, Zalujnı da onları müdafiə edən bir qəhrəmandır. Ona görə də ukraynalılar ona güvənirlər. “Guardian” nəşri isə yazıb ki, bəzi ukraynalı deputatlar, iş adamları Londona gedərək səfirlə görüşür, ona etimad bildirirlər. Hətta ABŞ lideri Trampın keçmiş sözçüsü Paul Manafort onunla danışıqlar aparıb. Eyni zamanda Zelenskinin ofisindən keçmiş aparat rəhbəri Andrey Yermak da Zalujnı ilə konfidensial görüş keçirib və prezident postuna gəlişi üçün dəstək ifadə edib.
Onun səfir göndərilməsinə səbəblərdən bir kimi də Gerasimovla, habelə Qərbəki mənbələrlə müzakirə aparması, lakin bu haqda Zelenskiyə məruzə etməməsi göstərilir. Kəsəsi, “Z” ordusunun işğalı qarşısında dirəniş göstərən soyadı “Z” hərfi ilə başlayan iki fiqur arasında rəqabət var: Zelenski və Zalujni. Görəsən, müharibədən sonrakı Ukraynanın məsuliyyətini kim çiyinlərinə götürəcək?..
Emil SALAMOĞLU,
“Yeni Müsavat”ın redaktoru






