İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəhlizin düşməni

1991 02.12.2022 04:37 Yazarlar A A

“Aşkar düşmən gizli dostdan yaxşıdır”
(Sokrat)

Müdriklər yaxşı deyiblər ki, sağlam bədəndə sağlam ruh olar. İndi Naxçıvanda baş verən geopolitik hadisələrin kökündə nəyin durmasına, prosesin ilk qaranquşuna çox adam fikir verməmişdir. Səbəb isə şeytan kimi detalda gizlənir: hələ oktyabr ayında Naxçıvanın səhiyyə naziri Niyazi Novruzov istefa ərizəsi yazmışdı. Deyirdilər ərizənin səbəbi nazirlikdə başlanan yoxlamalardır və muxtar respublika rəhbərliyi Niyazi müəllimin istefasını qəbul etməyibdir.

Əlbəttə, gəmi batanda onu birinci səhiyyə nazirinin tərk etməsi bizim tariximizdən məlumdur. Bütün hallarda, baş həkimin aradan cırmaq meylləri vəziyyətin heç də yaxşı olmadığını göstərməkdəydi. Axı bəzən təbiətdə belə yaxşı həkimlərə rast gəlinir. Onlar aparaturadan, qurğulardan, cürbəcür dəmir-dümürdən, rentgendən-zaddan istifadə etmədən azarlamış və ya azarlamağa meylli adamlara diaqnoz qoymaq qabiliyyətinə malik olurlar. Uzaqdan baxır, deyir səndə qastrit var, büdcənin yağlı yerindən yemə. Gözünün altında qara olan adama gözucu nəzər salır, ərz edir ki, qardaş, sən imkan elə hardasa gizlən, çünki tezliklə səni gözaltına alacaqlar – türkün sözü. 90-larda bizdə bir həkim-fizioloq vardı, barmağa baxıb diaqnoz qoyurdu. Məsələn, qızıl üzüyü qalın adamın uzun yaşayacağını proqnoz edirdi.

Nəsə, mövzudan yayınmayaq. Mövzu isə budur ki, bir köhnə reklamda deyilən kimi, “biz baş həkimlə bir-birimizi işarələrdən tanıyırıq”. Camaatın uşağı idman salonuna da bıçaqla gedir, nəyi qoyub, nəyi axtarırsan? Bu mənada (hansı mənada? – oxucular fikirləşirlər), 87 yaşlı, 100 dənə kitab yazmış yazıçının gündə 2-3 saat qaz yandırmağa məcbur olması, qalan vaxt soyuqdan donması düşündürücüdür. Gərək həmin kitabları satmazdı, saxlayardı, indi sobada yandırıb qızışardı – bu da tariximizdən irəli gələn faktdır. Yoxsa sən kitabı satırsan, sonra deyirsən üşüyürəm. Odey, Ukraynada camaat bəzən gündə 3 saat da işıq yandıra bilmir. Ancaq hələ heç görmədik Ukrayna hökuməti AYB-dən yardım diləsin. Dözümlü olmalıyıq. Bizi gələcəkdə xoşbəxt günlər gözləyir. Mən balaca olandan bu söhbətə məmnuniyyətlə qulaq asıram. Məsələn, 1970-ci illərdə hökumət deyirdi ki, əziz balalar, 2000-ci illərdə Yer kürəsində kommunizm qurulacaqdır, krantdan süd axacaqdır. Bəzi adamların krantından hazırda axırmı? Axır. Deməli ümid eləməliyik. Yeməkdən ümid yaxşıdır. Əks halda İqbal müəllim niyə partiyanın adını Yemək Partiyası qoymurdu? Çünki ağıllı adamdır.

Vacib işlər üzərində dayanmalıyıq. Məsələn, indi belə çıxır ki, Zəngəzur dəhlizinə mane olan destruktiv qüvvələr təkcə şimalda, cənubda, cənubi-şərqdə, şimal-qərbdə, şimal-şərqdə və cənub-qərbdə deyilmiş. Elə düz qərbdə - Naxçıvanda da belə ünsürlərə rast gəlinirmiş. Bilir ki, yol açılsa yoxlamalar daha tez-tez, rahat gələcəkdir.

Dəhşətdir. Biz necə də 30 il müddətində Vasif müəllimi tanıya bilməmişik! Yəqin onun arxasında AXC-Müsavat cütlüyü, Fransa senatı və ABŞ Dövlət Departamenti dururmuş. Hətta mənim yadımdadır, bir dəfə Vasif müəllim Gürcüstanda səfərdə olmuş, orada Acarıstan bölgəsinin müdiri Aslan Abaşidze ilə səmimi şəkildə görüşmüşdü. Ondan dərhal sonra Saakaşvili Acariyanın muxtariyyətini dibindən ləğv elədi. Yəqin bir şey bilirmiş ki, ləğv eləyibdir.

Qaldı verilişdə ekspertin sifətinə su atılması teması, açığı, bunu dəqiq bilmirəm, araşdırmaq lazımdır. Bəlkə ordan da Vasif müəllimin barmağı çıxacaqdır.

Hər halda, ar olsun. Şəxsən mən belə gözləməzdim. 30 il necə də gizlənib durubdur...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR