İnsanlara hürriyət, millətlərə istiqlal!

Daşınmaz əmlakla bağlı mühüm qərar, bunu etməyənlər cərimələnəcək

2016 16.05.2023 12:51 İqtisadiyyat A A

Elnur Fərzəliyev: “Türkiyədə baş verən zəlzələ onu göstərdi ki, bu çox önəmlidir”

Daşınmaz əmlakın icbari sığortası ilə bağlı vətəndaşlara xəbərdarlıq edilməyə başlanılıb. Bu məqsədlə mənzillərə bildirişlər göndərilir. Evini sığorta etdirməyən vətəndaşlar isə cərimələnəcək. Əslində bu, qanunvericilikdə daha əvvəldən nəzərdə tutulsa da, tətbiq olunmurdu. Yeni elektron sistemin işə düşməsindən sonra sığortasız evlər avtomatik cərimələnəcək. Fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə isə 200 manat cərimə tətbiq ediləcək. İyunun 1-dən işə düşəcək sistem həm əmlakın sığortalanması prosesini sadələşdirəcək, həm də əmlakın sığortalı olub-olmasına nəzarət imkanı yaradacaq. Mənzillərin icbari sığorta məbləği Bakı şəhəri üzrə 50 AZN, Gəncə, Sumqayıt və Naxçıvanda 40 AZN, digər rayonlarda isə 30 AZN-dir.

Bu qərar bütün daşınmaz əmlaklara şamil olunacaqmı? Bəs çıxarışı olmayan mənzillərin aqibəti necə olacaq? Qeyd etmək yerinə düşər ki, əmlakların sığortası məsələsi illərdir ki, müzakirə olunsa da, insanlar bunda maraqlı deyillər.

Bu mənzillərlə bağlı dövlət reysterinin olması vacibdir”

 Elnur Fərzəliyev

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Yeni Müsavat”a dedi ki, dünyanın bütün inkişaf etmiş ölkələrində əmlak sığortaları və digər sığortalar məcburidir: “Azərbaycanda biz sığorta predmetlərinə baxsaq, avtomobil sahəsi çox yüksək səviyyədə inkişaf edib. Çünki burada həm məcburiyyət var, həm də cərimə var. O baxımdan avtomobil sahibləri sığortasının vaxtı bitənədək həmən öz avtomobillərini sığortalayırlar. Bütün avto qəzalarda sığortalanmış avtomobillərə dəymiş zərərlər sığorta şirkətləri tərəfindən ödənilir. Daşınmaz əmlakın sığortalanması ilə bağlı məcburiyyət olmasa da az halda könüllülük var. Bu da hər hansı əmlakın alqı-satqısı zamanı o əmlakın sığortası zamanı həmin əmlakın sığortası yoxdursa, notariusda avtomatik olaraq inzibati-50 manatlıq sığorta ilə sığortalanır. Ötən il əmlak bazarında baş verənlərə nəzər salsaq, 2022-ci ildə satılan əmlakların böyük əksəriyyəti kreditli şərtlərlə satıldı. İpoteka bank daxili və digər kreditli şərtlərlə satıldığına görə banklar məcburən həmin əmlakların sığortalanmasını tələb etdilər. Çünki kredit zamanı həmin əmlaklar sığortlanmalıdır. 2022-ci il ölkədə əmlakların sığortalanması ili kimi yadda qaldı. Bütün hallarda daşınmaz əmlakın sığortalanması vətəndaşlar üçün xidmət edir. İcbari sığortanın qiyməti Bakı üçün 50 manatdır. 50 manat qarşılığında 25 min manatadək dəymiş zərər qarşılanır. Hazırda Bakı və digər böyük şəhərlərdə yerləşən daşınmaz əmlakların böyük əksəriyyəti alınıb, kirayə verilir. Ən çox sığorta hadisələri də kirayə mənzillərdə baş verir. Subasma, yanğın hadisələri, qaz partlayışı və sairə. Vətəndaşlar əmlaklarını kirayə verib, aylıq gəlir əldə edirlərsə, minimal olaraq ildə bir dəfə 50 manat ödəməklə öz əmlaklarını həm də qorumuş olurlar. Bütün hallarda əmlaklar sığortalansa, bu, vətəndaşlar üçün daha faydalı olar. Çünki ölkəmizdə, xüsusilə də Bakıda əmlakların qiyməti bahadır”.

Ekspert əlavə edib ki, insanlar  on minlərlə, hətta yüz minlərlə manat pul ödəyib əmlak alır, amma əmlaklarının qorunması üçün ildə 50 pul ödəmək istəmirlər: “Müəyyən maarifləndirmə işləri aparılsaydı, könüllü olaraq ödəyərdilər. Təəssüf ki, bu da yetərincə aparılmır. 100 minlərlə çıxarışı olmayan, mülkiyyət hüququ tanınmayan yeni tikili binalarda evlər, fərdi həyət evləri var. Bunların da sığortalanması üçün mütləq şəkildə mülkiyyət hüququ tanınmalıdır. Bu işlərlə paralel əmlakların çıxarışlarının verilməsi sahəsində ciddi addımlar atılmalıdır. Bununla bağlı dəfələrlə müzakirələr aparılsa da, qərarlar çıxsa da reallıqda  yaxşıya doğru heç bir addım yoxdur. Qərarlar, sadəcə, sənəd üzərində qalır. Həmin əmlakların da sığortalanması üçün də mütləq şəkildə onların mülkiyyət hüququ tanınmalı, çıxarışlar verilməlidir ki, sığorta sahəsində ikitirəlik yaranmasın. Bir hissə məcburi sığortalanır, digər hissə isə sığortalana bilmir. Çıxarışı olmayan mənzil sahibləri istəsələr də evlərini sığortalaya bilməyəcəklər. Bu işlər paralel aparılarsa, sığorta sahəsində ciddi inkişaf olar. Ölkə büdcəsinə də böyük gəlir gətirilmiş olar. Eləcə də vətəndaşlarda da əminlik yaranar ki, hansısa hadisə baş verərsə, sığorta şirkətləri əminliklə əmlaklarını sığortalayacaq. Ən azı ötən ay Türkiyədə baş verən zəlzələ onu göstərdi ki, təbii fəlakət qaçılmazdır”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR