İnsanlara hürriyət, millətlərə istiqlal!

Daman federasiya

1744 13.04.2022 08:10 Yazarlar A A

Milli Məclisin iki komissiyası 8 apreldə iclasını Şuşada keçirmişdir. Bu hadisə xalqımız arasında böyük rəğbətlə qarşılanmış, özəlliklə ön xətdə qulluq edən əsgərlərimiz, işğaldan azad olunan ərazilərdə tikinti-quruculuq işləri aparan zəhmətkeşlərimiz arasında sevincə səbəb olmuşdur. Axı hər an canlı deputat görmək qismət deyil... Məsələn, bizdə bir çox ordu hissəsinin, komissarlığın-filanın yerləşdiyi Biləcəri zonasından 30 ilə yaxındır Hacı Madərlə Mixail Zabelin deputat qoyulur, onları indiyəcən kim görmüşdür? Bir növ, radarlara düşməyən ultrasəs raket kimi deputatlardır. Hətta mən fikirləşirəm yəqin Hacı Madər məşhur SSRİ mühəndisi Kərim Kərimovun yerində işləyir. Kərim müəllim də işdən çıxana qədər onun vəzifəsini kimsə bilmirdi.

Rəhbərlik bu təşəbbüsün (ardıcıllıq sizi çaşdırmasın, Hacı Madərin əsrarlı vəzifəsini deyil, Şuşaya səfərləri nəzərdə tuturam) davamlı olacağını, qrafik tutulduğunu bildirmişdir. Deyir hər həftə bir komitənin iclası Şuşada olacaqdır.

Niyə ancaq Şuşada? Qoy iclasların bəziləri də Suqovuşanda, Ağdamda, Füzuli hava limanında, Üçüncü Ağalı kəndində, Qaragöldə, Fərrux dağında olsun. Bunun patriotik əhəmiyyəti böyükdür. Hətta yaxşı olar parlamenti tamamilə Şuşaya köçürək. Gürcüstanda parlamenti Kutaisiyə köçürmüşdülər. Maşallah, bizim deputatların hamısı xalqı sevən insanlardır, Şuşaya da oynaya-oynaya köçərlər.

Biz bəzən deputatlarımız sarıdan bədgüman oluruq, onları yeri gəldi-gəlmədi danlayırıq. Halbuki onlar xalq üçün hər cür fəaliyyət göstərir. Dünən zənən deputatlarımızdan biri haqqında oxudum, Vinq Çun federasiyasında vitse-prezident vəzifəsindən istefa vermiş, Autizm Federasiyasında müavin olmuşdur. Bəlkə heç seçicilərimizin çoxu Vinq Çun idmanı haqda bilmir. Deputatlarımız isə bu idmanın inkişafına çalışırlar. Neçə nəfər idmançı deputat seçilmişdir, hələ onu yazmıram. (Yazdım).

Söz düşmüşkən, təzəlikcə idman həyatımızda böyük itki baş verdi, məncə, oxucularımızın, xalqın çoxu bunu vecinə almadı. Ya da bilə-bilə susmağa üstünlük verdik. Axı nə üçün? Bu laqeydlik bizim axırımıza çıxar.

İtki isə budur ki, martın axırında Gənclər və İdman Nazirliyinin (çaşıb əvvəlcə “İmdad Nazirliyi” yazmışdım - görünür, mən də Allah yoluna belə qayıdıram) qərarıyla Azərbaycan Dama Federasiyası ləğv olundu.

İndi bunu necə başa düşək? Xalqımız daha dama oynamasın? Bəs nüfuzlu dama turnirlərində bayrağımızı zirvələrə kim qaldıracaqdır?

Problemin mənəvi-maddi, sosial-psixoloji tərəfləri də özlüyündə çox maraqlıdır. Dama Federasiyasının prezidenti Vaqif Mustafayev, vitse-prezidenti isə Tağı Əhmədov idi. Biri “Space” TV-nin, o biri də Bakı metrosunun müdiri. Belə çıxır onlar işdən çıxarılan kimi, dama idmanı da xalqımıza daha lazım olmamışdır. Atalar demişkən, bağda ərik var idi, salam-məlik var idi... Yox, burada başqa ata sözünün yeridir: “Dama-dama göl olar, yağa-yağa sel”. Həqiqətən, Vaqif müəllim “Space”nin, Tağı müəllim də metronun qabağında yaxşı gölməçələr düzəltmişdilər, orada qaz saxlayırdılar. Doğrudur, pulların damcılaması dayandı, axırda MTN-in akulaları gəlib Tağı müəllimin qazlarını yolmuşdular, 3 milyon sel kimi getmişdi. Bir-iki milyonu isə hansısa sələmçi qapazlamışdı. Ondan sonra Tağı müəllim intervü verdi, dedi istəyirəm Şuşada metro açılsın, pulsuz işləməyən kişi deyil.

Vaqif müəllim isə yenə patriotizmindən qalmır, Qarabağ mövzusunda davalı kinolar çəkir, hələlik görməsək də, deyirlər kinoda xeyli bomba partladıblar, qan su yerinə axıb.

Mövzu nə təhər gəlib bura çıxdı, heç özüm də bilmirəm. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR