İnsanlara hürriyət, millətlərə istiqlal!

Dağdan zər çəkənlər və zərər çəkənlər

1571 13.07.2023 10:00 Yazarlar A A

Düzünə qalsa, Gədəbəyin Söyüdlü kəndindəki qızıl mədəni ətrafında başlayan qalmaqal lap əvvəldən xeyli laübalı oldu. Ortalıqda xəbər kirliliyi vardı. Qarşıdurma tərəfləri emosional idi və hamısı öz sözünün göyçəyini deyirdi.

Üstündən 23 gün keçəndən, məsələnin mahiyyəti aydınlaşandan sonra neytral və obyektiv mövqe tutmaq asandır, amma o vaxt çətin idi. Xalqın ekoloji tələblərlə keçirdiyi aksiyaya haqq verirdin, polisə daş atan solaxay nənənin videosu işi korlayırdı. Yamacda dəmir qalxanlarının arxasında səbr və təmkinlə prosesin inkişafını izləyən polisləri təqdir etdiyin yerdə biri çıxır, heç bir ehtiyac olmadığı halda ahıl qadının gözlərinə gözyaşardıcı (bibər qazı) qaz sıxırdı və bu, istər-istəməz hiddət doğururdu.

Ortada qəribə bir ajiotaj və təlaş da vardı. Bu etiraz aksiyası Söyüdlü kəndinin ərazisini, örüşünü, suyunu zəhərləyən, hələ daha bir göl də inşa edərək kəndə vurduğu zərəri ikiqat etmək istəyən “Azerbaijan İnternational Mining Company” şirkətinə qarşıydı, amma hökumət adamları sinələrini qabağa vermiş, qızıl şirkətinin ildırımötürəni roluna girmişdilər.

Buna nə ehtiyac vardı? Hakimiyyət bir addım geri durub, zər qədrini bilsələr də, dağın qədrini bilməyən “zərgər”ləri, yəni qızıl çıxaranları və həmin zərdən zərər çəkəni baş-başa buraxa bilməzdimi?

gedeb.jpg (36 KB)

Narazı xalqla görüşə həmin şirkətin rəhbərləri, menecerləri getməliylkən Gədəbəy rayon İcra Hakimiyyətinin gənc başıçının hiddətlənmiş camaatın qarşısında nə işi vardı ki, onun sözünü kəsəydilər, üzünə ağ olaydılar, urvatsızlıq, hörmətsizlik olaydı? Bu hərəkətlənmə hakimiyyətə qarşı deyildi, milyonlar qazanan şirkətə qarşıydı. Onlar ortaya çıxmadılar, İH başçısı Söyüdlüdə söyüldü.

Qaldırılan şüarlarda siyasi motiv yox idi, əsasən ekoloji səciyyəli tələblər idi.

Ancaq aksiya yersiz yerə siyasiləşdirildi, şirkət mütəxəssislərinin əvəzindən başqaları sianidin ətraf mühitə zərərli olmadığı haqqında izahat verdilər. Bu, yersiz hərəkət, əsassız iddia və yalan izahat idi. Bu işlərdən anlayışı olan hər kəs bilir ki, qızıllı süxurların işlənməsində istifadə olunan sianid nə qədər effektiv olsa da, əslində onun istifadəsi və daşınması ciddi ekoloji risklər yaradır.

Söyüdlüdə isə sianidli göl artıq ekoloji baxımdan fəsadlar törətmişdi, hələ biri də tikilirdi.

İndi ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyir ki, qızıl şirkəti ikinci gölün tikintisini razılaşdırmayıb. Yəni göl qanunsuz tikilirmiş və xalq buna etiraz edirmiş. Ancaq xalqın etirazına etiraz edənlər məhz camaatın aksiyasını qanunsuz elan etdilər. Qanunsuzluq isə lap başdan bəriymiş. İnsanlar qanunsuzluğa qarşı haqlı etiraz edərkən təcrübəsizlikdən və ya fitnəyə uymaq səbəbindən haqsız duruma düşmüş, qanunsuz hərəkət etmişdilər.

soyudlu-aksiya.jpg (29 KB)

Budur, xalqın tələbi yerinə yetirilib, qızıl şirkəti fəaliyyətini müvəqqəti dayandırıb, bərpa edəndə də ekoloji tələblərə riayət etməli olacaq.

Fitnə məsələsinə gəlincə, hakimiyyət orqanlarının iddiasına görə, belə bir amil etiraz aksiyasında rol oynayıb. Bu işə görə tutulanlar da var, yəqin ki, onların məhkəməsində bir sıra detallar, əlaqələr, konkret faktlar ortaya qoyulacaq. İttiham tərəfinin arqumentləri tutarlı olsa, obyektiv insanlar inanacaq ki, gerçəkdən də Söyüdlüdə su bulandırmaq istəyənlər olub. Yox, istintaq ortaya tutarlı dəlillər qoymasa, o zaman qənaət dəyişəcək. Bu sualın cavabını zamanın öhdəsinə buraxaq.

Amma burası bir gerçəkdir ki, hər dəfə hansısa rayonda müəyyən bir səbəbdən lokal etiraz aksiyası başlayanda bəzi qüvvələr hövllənir, elə bilirlər ki, tarixi an yetişib, inqilabi durumun bütün şərtləri hazırdır, ayağa qalxmaq və kütlələri səfərbər etmək lazımdır.

Bu böyük ölçüdə yanlış qənaətdir. Adətən, hansısa rayonda bir qrup insan, lap olsun, yüzlərlə narazı adam etiraz aksiyasına çıxırsa, onları buna vadar edən konkret səbəblər olur. Məsələn, bir rayonda kəskinləşmiş su, yol, işıq problemi olur, başqa rayonda yerli əhaliylə həqarətlə danışan rəhbərlik problem yaradır, birində rayonu idarə edən kəslərin qudurğan övladları insanların hiddətlənməsinə səbəb olan hərəkətlər edir və sair.

soyud-111.jpg (37 KB)

Belə hərəkətlənmələrin qarşısına çıxmaq, çaxnaşma yaşayan bölgəyə siyasi emissarlar göndərmək, “üsyan”a rəhbərlik etməyə çalışmaq havayı zəhmətdir və bu gözləntilər adətən doğrulmur. Etiraza qalxanların hərəkətverici nüvəsi olan qruplar və onların ətrafında kütləvilik əmələ gətirənlər görəndə ki, kimsə bunların haqlı etirazını siyasi müstəviyə çəkir, camaatı hakimiyyətlə qarşıdurmaya aparmaq istəyir, sakitcə geri çəkilirlər, anlayırlar ki, bu təhlükəlidir. Zatən, bu şəxslər, özləri demişkən, “hökumətlə hökumətlik edən” olsaydılar, çoxdan müxalifət partiyalarına qoşulmuş olardılar.

Eyni yanlış qənaət hakimiyyət orqanlarında da var. Onlar da sırf sosial tələblərlə lokal etiraz aksiyası edənlərin toplaşdığını görüncə, elə bilirlər, aha, indicə klassik inqilabi hərəkatlarda olduğu kimi, “qığılcımdan alov doğacaq”, rayondakı bütün narazı qüvvələr bir araya toplaşacaq, etiraz aksiyaları qonşu rayonlara sıçrayacaq, oradan böyük şəhərlərə sirayət edəcək, qısa müddətdən sonra paytaxtı çulğayacaq və s.

Adətən, elə də olmur. Camaat konkret tələblərini səsləndirir, onların həllini tələb edir, bir atımlıq barıtını israf etdikdən sonra evinə çəkilir.

Başqa ölkələrdə olan hərəkatlar bu ölkə üçün nümunə, örnək, meyar deyil. Bu xalqın özünün başqa dərdləri və başqa həssas nöqtələri var. Yalnız onlara toxunulanda bu xalq kütləvi şəkildə emosional ovqata köklənə bilər.

Lazım gəlsə, bu mövzunun buradan beləsini xırdalamaq üçün başqa yazı yazarıq.

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR