İnsanlara hürriyət, millətlərə istiqlal!

Cuanşer Burçuladzenin səkkiz uşağı

1058 14.12.2022 12:09 Yazarlar A A

“Tiflisin altı bostan, Abad olsun Gürcüstan"

(Azərbaycan ata sözü)

Yeni Zelandiyada təzə qanun düzəldiblər, 2008-ci ildən sonra doğulanlara siqaret satmayacaqdır. Ümumiyyətlə. Yəni hazırda 14 yaşı olanlar lap istəyirsən 30 yaşa çatsın, yenə siqaret ala bilməyəcəkdir.

Doğrusu, buna nəzarəti necə təmin edəcəklər, şəxsən mənə şübhəli və maraqlıdır. Hər siqaret alandan pasport istəniləcək? Ya 2008-dən qabaq doğulan adama pul verib siqaret aldırsan, bunun cəzası olacaqmı?

Ancaq hər halda, hökumətin xalqın sağlamlığının qayğısına qalması diqqətəlayiqdir. Ta bizdəki kimi siqaret fabrikinin müdirini deputat qoymurlar. Hələ bu harasıdır, görün təzəlikcə məktəbli uşaqlardan nə öyrənmişəm. Deyir məktəbimizdə bəzi uşaqlar dərsə... qəlyan gətirirlər. Hətta məktəbin direktoru bir neçə uşaqda qəlyan tutaraq onları ərazidən qovmuşdur. Şagirdlər isə məktəbə qəlyan gətirilməsinə o qədər pis baxmırlar. Gəlin sözü adının çəkilməsini istəməyən (direktorun repressiyasından qorxur) şagirdə verək: “Qəlyanı əsasən tualetdə çəkirdilər. Nəticədə oradan çiyələk, alma ətri kimi gözəl qoxular gəlirdi. Yoxsa məktəbin tualetinin pis iylərindən bezmişdik”. Sitatın sonu. Ümidvaram gələn ilin dövlət büdcəsində məktəb tualetləri üçün ətirləndiricilər alınmasına vəsait nəzərdə tutular, uşaqlar hansısa dələduzun qəlyanına möhtac olmaz. Bolonya prosesində, kurrikulumların hazırlanmasında da qəlyanın rolu düşünülməlidir (haradasan, Misir müəllim?) İndi söz əlaqədar təşkilatlarındır.

Xaricdə vətəndaş cəmiyyətinin qurulmasına başqa bir örnəyi təzəlikcə vəkil dostumdan eşitdim. Deyir Gürcüstanda müdafiə nazirinin 8 uşağı var. Guya bu, ordunun güclənməsinə, ölkənin müdafiə qüdrətinin artmasına töhfədir.

Mən araşdırdım, doğrudan da Gürcüstanın hazırkı müdafiə naziri Cuanşer Burçuladze (bizim dilə çevirsək, Bürcəli kişinin oğlu Cavanşir deməkdir) səkkiz uşaq atasıdır. Orduda təxminən elə bu qədər əsgərin bir manqa yaratdığını fikirləşsək, gürcü müdafiə naziri gerçəkdən evində hərbi qruplaşma yetişdirirmiş. Ancaq bunu bizə örnək göstərməyin mənası yoxdur. Çünki mən onu da dəqiqləşdirdim ki, Gürcüstan müdafiə naziri heç əsgərlikdə olmayıbdır. (Yeri gəlmişkən, Rusiya müdafiə naziri Şoyqu da əsgərlikdə olmayıb. Şövqi müəllim həmçinin hərbi təhsil belə almamışdır. Şimalda Putinin dostu olmaq hər qapını açır).

Belə lüzumsuz müqayisələr çox aparılır, vaxtaşırı rastlaşırıq, məcbur oluruq ifşa edək. Örnək üçün, bugünlərdə bir deputat şikayətlənib, deyir Türkiyədən qayıdanda Bakı aeroportunda gömrükçülər məni incitdilər, aldığım dərmanları buraxmaq istəmirdilər. Zəng vurub gömrüyün o zamankı müdiri Səfər Mehdiyevə, deyib ki, mən dərman alverçisinə oxşayırammı (insafən oxşamır), yalnız bundan sonra dərmanları Azərbaycan ərazisinə buraxıblar. Deyir Türkiyədə bir qutusu bizim pulla 4 manat olan dərman Bakıda 28 manatdan bahadır (yeddi dəfə baha - Z.H.)

Hörmətli deputat bu vəziyyətdən narazı qalmışdır. Hətta istefa verirmiş, spiker qoymayıb, deyib sən bizim xalqa lazımsan. Mən də spikerə qoşuluram, lakin müəyyən iradlarım var. 

Birincisi, əgər sərhədi keçəndə dərmanı əlindən almayıblarsa, ta niyə şikayət edirsən? Səfər müəllimin qarışması sayəsində, ya qarışmaması sayəsində - hansısa üsulla dərman gəlib. Seçicilərimiz heç Səfər müəllimin telefonunu da bilmirdi. Axırda elə buna görə işdən çıxarıldı. (Sözgəlişi, nəhayət, tamojnaya sədr qoyulsa yaxşı olardı, çünki neçə vaxtdır idarənin saytını açanda görürsən sədrin şəklinin yerində boş siluet var. Bu, respublikamızın dünya imicinə ziddir. Müqəddəs yer boş qalmamalıdır).

İkincisi, Türkiyədəki dərman burada ona görə 7 dəfə bahadır ki, həmin dərmanın satış qiymətinin üstünə azı 7 məmurun faizi gəlir. Hər idarə öz faizini qoyur, axırda dərman olur zəhər. Ancaq məmurlar necə yaşamalıdır? Sən istəyirsən onların uşaqları ac qalıb ölsün? Bəs sabah vətəni kim qoruyacaqdır?

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR