İnsanlara hürriyət, millətlərə istiqlal!

Çox qonağı olan bu turizm mərkəzi zərərlə işləyir, ərazisindəki 2 obyekt isə... - DETALLAR

5694 15.01.2023 20:09 İqtisadiyyat A A

Azərbaycanda qış turizminin potensialından düzgün istifadə olunur? Bu turizm növü kifayət qədər inkişaf edibmi?

Musavat.com Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi ilə bu və digər suallara cavab tapmağa çalışıb. 

samir.PNG (523 KB)

Müsahibəni təqdim edirik:

- Samir bəy, Azərbaycanda qış turizminin potensialından düzgün istifadə olunurmu?

- Qış turizmi dedikdə ilk növbədə səyahətçilərin qış mövsümündə aktiv və yaxud ekstremal turizm fəaliyyətlərinə qatılmaq imkanları nəzərdə tutulur. Qış turizminin ən populyar növü dağ ərazilərində istirahəti əhatə edir. Bu ərazilərə turistlər xizək traslarından enməklə yanaşı, göz oxşayan mənzələri seyr etmək və təmiz dağ havası ilə qidalanmaqdan həzz almaq üçün gəlirlər. Ən çox populyar olan qış turizm mərkəzləri Kanada, bir sıra Avropa ölkələri və ABŞ-da fəaliyyət göstərir. Regionda isə populyar qış turizm mərkəzləri Türkiyə, Gürcüstan və Rusiya kimi ölkələrdə yerləşir. Qış turizmi, xüsusilə də dağ-xizək mərkəzlərinin xidmətləri turizm fəaliyyətləri sırasında heç də ucuz hesab olunmur.

novyj-god-prazdnik-zima-sneg-gory-alpy-snoubord-lyzhi-sport-solnce-840x560.jpg (80 KB)

Azərbaycanda 2013-2014-cü illərdən etibarən 3 qış turizm mərkəzi fəaliyyət göstərir. Bunlar "Şahdağ", "Tufandağ" və "Ağbulaq" dağ-xizək kurortlarıdır. "Ağbulaq" 2021-ci ilin əvvəllərində açılıb. Mərkəzlər il boyu çalışırlar. Qış mövsümü dakabrın ortalarından başlayır və hava şəraitindən asılı olaraq aprel ayınadək davam edir. Bu mövsümdə müxtəlif qış-turizm fəaliyyətləri təklif edilir: xizək sürmə, snoubord, zip-line (tarzan), sanka, peyntbol, dağ yürüşü, atla gəzinti, ox atma və sair xidmətlər.

Ölkədə ən populyar və iri hesab edilən "Şahdağ" dağ-xizək kurortunun qonaqlarının 40%-ni xarici turistlər təşkil edir. Buna baxmayaraq, mərkəzin rəsmi saytında yerləşdirilmiş maliyyə hesabatlarında 2018-2019-cu illərdə ilin sonuna 15-20 milyon manat zərərlə çıxmaları qeyd edilir.

e256836e-0888-40fa-9042-812039b85802_850.jpg (101 KB)

Qış turizm mərkəzlərinin yaradılmasında dövlətin mühüm rolu var. Bu çətin dağ ərazilərində müvafiq infrastruktur yaradılıb, yollar, elektrik xətləri, su, qaz və sair imkanlar yaradılıb. O cümlədən dağ-xizək infrastrukturu da yaradılıb. Təkcə "Şahdağ" mərkəzinin ərazisində 27 xizək trası, 17 kanat xətti, 450 süni qar generatoru, 5 hotel, kinoteatr, xizək avadanlığı təklif edən mağazalar və sair imkanlar yaradılıb. Mərkəzlərin yaradılmasının ilk günündən bütün dövlət bəyanatlarında sahibkarlara, özəl sektora bu ərazilərdə biznesin yaradılması üçün çağırışlar görmüşük. Yəni dövlət bu ərazilərdə müvafiq infrastruktur yaradır, ilk tələb olunan işləri görür, özəl sektor isə biznes qurub hotelləri, restoranları, pansionları, qonaq evlərini və digər xidmətlər göstərən kiçik müəssisələri yaradır. Lakin illər sonra bu ərazilərdə kiçik və orta biznes subyektləri yaranmadı, istisna olaraq azsaylı yerləşmə vasitələri və ictimai iaşə obyektlərini sadalamaq olar, hansılar ki, mərkəzlərə yaxın ərazilərdə, bu ərazilərə aparan yolların üzərində fəaliyyət göstərirlər.

Ötən il "Şahdağ" mərkəzinin ərazisində müstəqil restoran şəbəkəsi öz filiallarını açmaq niyyətində olub, hətta iki obyekt Yeni il ərəfəsində fəaliyyətə başlayıb. Lakin hansısa səbəbdən onların fəaliyyəti tez bir zamanda dayandırılıb.

qar.jpg (94 KB)

Düşünürəm ki, bu ərazilərdə KOB-ların yaradılması zəruridir. Bu, rəqabətin artmasına, xidmətlərin diversifikasiyasına, turizm fəaliyyətlərinə əlçatanlığın artırılması kimi nəticələrə gətirər. Dağ-xizək mərkəzlərinin ərazilərində xüsusi vergi rejimi də tətbiq edib, bizneslərin yaranmasını bununla təşviq etmək mümkündür. Onu da qeyd etmək istərdim ki, dağ-xizək mərkəzlərinin təklif etdikləri turizm xidmətlərini, o cümlədən qış turizm növlərini ekoloji turizm kimi təsnif edə bilərik. Ona görə ki, bu fəaliyyətlər təbii turizm resurslarından istifadə edilərək formalaşırlar. Ekoturizm isə ciddi tənzimləmə tələb edən turizm növüdür. Burada turist axınlarının tənzimlənməsindən tutmuş, ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması kimi və nəticədə davamlı turizm fəaliyyətlərinin yaradılmasından danışa bilərik. Ekoturizm kütləvi turizm növü hesab edilmir.

- Vətəndaşlar qiymətlərin yüksək olmasından narazıdır. Bu isə xaricə axına səbəb olur. Sizcə, problem təcrübəsiz və öz cibinə işləyən sahibkarlardan qaynaqlanır?

- Sizin qeyd etdiyiniz qiymət fərqi və Azərbaycan turistlərinin xaricə axını sualı ilə tam razı deyiləm. Belə bir mənzərə nisbətən öncəki illərdə müşahidə edilib. Hazırda isə regiondakı qiymətlər sırasında ölkə turizminin təklif etdiyi qiymətlər kifayət qədər rəqabətə dözümlüdür. Bildiyiniz kimi, bizi daha çox Gürcüstanla müqayisə edirlər. Ancaq mən belə bir müqayisə ilə razı deyiləm. Bizim turizm destinasiyalarımızda Gürcüstandan fərqli olaraq daha yüksək kateqoriyalı yerləşmə vasitələrinin xidmətləri təklif olunur. Gürcüstanda isə daha çox kiçik pansionlar, qonaq evləri, butik hotellər və bu kimi digər mikro müəssisələr təkliflərini irəli sürürlər. Hazırda isə Gürcüstan turizm bazarında qiymətlər bir çox seqmentlərdə Azərbaycandan daha yüksəkdir.

winter activities.jpg (164 KB)

- Xarici mütəxəssislərin cəlbinə ehtiyac varmı?

- Dağ-xizək fəaliyyətləri Azərbaycan üçün yeni olduğundan və ölkədə bu sahədə təcrübələrin olmadığından ilkin mərhələdə xarici mütəxəssislərin fəaliyyətinə, onların bu mərkəzlərin qurulmasında iştirakına böyük ehtiyac duyulurdu. İllər keçdikcə ölkədə güclü mütəxəssislər bazası yaranıb. Düşünürəm ki, biz bu peşəkarların potensialından istifadə etməliyik.

2acf0a8b-d5b7-3322-bec2-c85445f6b843.jpg (142 KB)

Qış turizmi dağ-xizək mərkəzlərinin fəaliyyətilə yanaşı, qış mövsümünə xas olan digər turizm fəaliyyətlərini də əhatə edir. Məsələn, dağa və buza dırmanma, alpinizm növləri, üfüqi və rahat traslarda xizək sürmə, marşrut və cığırlarla müxtəlif çətinlik dərəcəli piyada yürüşlər, meşələrdə qış giləmeyvələrinin yığılması, qarlı pikniklər, qar üzərində vəhşi heyvanların ləpirlərinin izlənməsi və sair bu kimi aktiv, ekstremal turizm fəaliyyətlərini sadalamaq olar. Qeyd etdiyim turizm fəaliyyətlərində canlanma müşahidə edirik. Xüsusilə də pandemiyadan sonrakı dövrdə insanların təbiətə, aktiv fəaliyyətlərə, sağlam həyat tərzinə, sağlam və orqanik qida konseptlərinə maraqları artıb. Düşünürəm ki, növbəti illərdə Azərbaycanda ekoturizm və qış-turizm fəaliyyətləri inkişaf edəcək. Yeni dağ-xizək mərkəzləri yaradılacaq, olanların isə fəaliyyəti genişlənəcək. Ümid edirəm ki, yaxın illərdə biz Azərbaycanı yüksək ekoloji mədəniyyətə və ekoturizmə malik olan ölkə kimi də dünya turizm bazarında tanıda biləcəyik.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR