İnsanlara hürriyət, millətlərə istiqlal!

“Çox güman ki, dəyişiklik elə İranın Ermənistandakı səfirindən başlayacaq”-analitikdən ilginc açıqlamalar

901 10.07.2024 11:06 Ölkə A A

 

“Məsud Pezeşkianın İranda keçirilən prezident seçkilərinə buraxılması və onun prezident seçilməsinə maneə yaradılmaması, zənnimcə, İran İslam Respublikasının siyasi sistem olaraq, regional və qlobal siyasətində baş verə biləcək dəyişikliklərdən xəbər verir. Bu baxımdan, İranın Ermənistandakı səfirinin proqnozlarının doğru olmadığını düşünürəm”.

Siyasi şərhçi Elçin Mirzəbəyli bunu Musavat.com-a açıqlamasında bildirdi. Qeyd edək ki, Ermənistanda türk əsilli yeni prezidentin İrana rəhbərlik edəcəyi dövrlə bağlı narahatlıqlar var. Türkoloq alimlər, həmçinin ayrı-ayrı ekspertlər həyəcanla Azərbaycan türkü olan Məsud Pezeşkianın zamanında Ermənistanla ənənəvi yaxınlıq münasibətinin olmayacağından əndişələnirlər. Görünür elə bu narahatlığı nəzərə aldığı üçün İranın İrəvandakı baş diplomatı erməniləri sakitləşdirməyə çalışıb.

“Əminəm ki, İranda keçirilən prezident seçkilərinin nəticələri Tehranla İrəvan arasında münasibətləri daha da gücləndirəcək”,-səfir Mehdi Sübhani deyib.

Diplomat İranın Ermənistanla münasibətlərdə siyasətinin prinsipial olduğunu bildirib: “İranda hakimiyyətə gələn hər kəs bu prinsipial siyasət çərçivəsində hərəkət edir. İranın Ermənistana yanaşmaları Ali Rəhbər tərəfindən, o cümlədən Ermənistanın Baş naziri ilə görüşdə səsləndirilib. Biz ərazi bütövlüyünə hörmət edirik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinin və istənilən geosiyasi dəyişikliyin əleyhinəyik. İran və Ermənistanda hakimiyyət dəyişikliyindən asılı olmayaraq bu siyasət heç vaxt dəyişməyəcək”.

31691b464465d182726949e7768d0491.jpg (75 KB)

M.Sübhani Ermənistanı yaxşı və vicdanlı qonşu adlandırıb, iki ölkənin təhlükəsizliyi və maraqlarının bir-biri ilə sıx bağlı olduğunu qeyd edib.

Amma Pezeşkianın prezident seçilməsindən sonra onu ilk təbrik edənlər arasında Azərbaycan Prezidentinin olması, həmçinin təbrik məktubundan sonra iki türk lider arasında telefon danışığının məzmunu, üstəlik bundan əvvəl İran və Türkiyə prezidentlərinin də telefon danışığı, regional məsələlərin müzakirəsi, üstəlik, cənab Ərdoğanın İran prezidentinin Azərbaycan türkü olmasını xüsusi vurğulaması ermənilərin əndişəsinin səbəbsiz olmadığını deməyə əsas yaradır. Yeri gəlmişkən, Azərbaycan və İran prezidentləri 9 iyul telefon danışığı zamanı bir-birini qarşılığı şəkildə səfərlərə dəvət ediblər, bu dəvətlər qəbul olunub. Bütün bunlar nikbin fikirlər üçün əsaslı anonslar sayıla bilər.

E.Mirzəbəyli şərhinin davamında ilginc gözləntisini bölüşdü:

“Çox güman ki, dəyişiklik elə İranın Ermənistandakı səfirindən başlayacaq. Bütövlükdə isə İranın xarici siyasətinin yeni istiqamətlərinin işardıları, qənaətimə görə yaxın bir neçə ay ərzində bəlli olacaq. Məsud bəyin seçkilərə buraxılmasının əsas səbəblərindən biri, İranın dini-siyasi rəhbərliyinin bölgədəki türk amilinin güclənməsi reallığını qəbul etməsi və buna uyğun siyasət həyata keçirməsi ilə bağlıdır. Bu proses, zənnimcə, iki istiqamətdə həyata keçirilə bilər. Birinci istiqamət Azərbaycan, Türkiyə və digər türk dövlətləri ilə əlaqələrin genişləndirilməsi, Şərqin iki böyük sivilizasiyasının hədəflərinin uzlaşdırılması, qarşılıqlı olaraq qəbullanması yoludur. Ən doğrusunun da bu yol olduğunu düşünürəm. Ultramillətçi paniranist düşüncə nəhayət ki, bölgədə, region xalqlarına təhlükəsizlik, rifah gətirən qurucu türk milli kimliyinin varlığını qəbul etməli, süni üstünlüyə nail olmaq üçün fitnə-fəsaddan əl çəkməlidir. Bu halda bir-birinə tarix boyu təsir göstərən hər iki mədəniyyət çox böyük hədəflərə çata bilər. İkinci yol isə, İrandakı türk milli kimliyinin Türkiyə amilinə qarşı istifadə olunması ssenarisidir. Bunun isə əks effekt verəcəyini düşünürəm”.

E.Mirzəbəyli ümid edir ki, ikinci istiqamət, ümumiyyətlə gündəmə gəlməyəcək: “Bütün bunlarla yanaşı, birdən-birə ifrat dəyişikliklərin baş verməsini də gözləmirəm. İranın mövcud siyasi sistemi sürətli dəyişikliklərə, genişmiqyaslı islahatlara hazır deyil. Çox güman ki, yaxın 4-5 illik zaman kəsiyi daha çox İranın qonşu ölkələrlə, eləcə də qlobal qütblərlə aktiv diplomatiya dövrü kimi yadda qalacaq. Bununla da, İran, hər zaman olduğu kimi, ümumi geosiyasi mənzərə bəlli olanadək daha geniş miqyasda vaxt qazanmağa, iqtisadi problemlərini aradan qaldırmağa, sanksiyaların sayını azaltmağa çalışacaq”.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR