İnsanlara hürriyət, millətlərə istiqlal!

Çörəyi ver çörəkçiyə...

1703 20.07.2022 09:20 Yazarlar A A

Lənkəranda icra hakiminin müavini məktəb direktoru ilə birləşərək şagirdi döymüşdülər. Təxminən Abbas Səhhətin populyar təmsilindəki vəziyyət yaranmışdı: “Əlbir olub bir ayı bir şir ilə, Ovladılar dovşanı tədbir ilə”. Doğrudan da fotolardan məktəbin direktoru ayıya, icra hakiminin müavini isə şirə oxşayırdı. Yazıq şagird də qorxaq dovşana.

Ancaq dovşan ürəkli, cəsarətli çıxdı, döyülməyini yaydı, şəkillər ortaya qoyuldu. Əlaqədar orqanlar da məcbur oldular tədbiri yarımçıq saxlasınlar: dovşanın parçalanması prosesi dayandırıldı, müavin işdən qovuldu, prokurorluq açıqlama yaydı və sairə. Bu hadisənin necə bitəcəyini proqnoz etmək istəmirəm, ən azı o direktordan kalan pul almaq olar. Görün neyləyirsiniz. Mən isə hadisənin başqa müstəvilərə proyeksiyası istiqamətində xəyallara daldım (savadlı adam ayrı şeydir).

İlk növbədə, tərəflərin hamısının qadın olması düşündürücüdür. Döyülən uşaq, müavin, direktor. Hər üçü. Bəs qadın zərifliyi, ana mərhəməti, cənnət ayaqların altındadır və sairə necə olsun? Görünür, qadınlara qarşı zorakılıq, patriarxal dini cəmiyyətin bədnam hərəkətlərindəki davamiyyət qadınlarımızı da sıradan çıxarmış, daha dəqiqi, zorakılar sırasına qatmışdır. Atı atın yanına bağlarsan məsəli. Keçən həftə Hövsan tərəfdə ərini doğrayan qadına ağır cəza kəsildi.

İkincisi, bizdə insanlardan mahiyyətinə, bilik və bacarıqlarına görə istifadə etmək yoxdur. Yenə heyvani misal çəksək, əti atın qabağına qoyuruq, otu aslanın, sonra isə şikayətlənirik, donquldanırıq: “Elə bil işlərimiz düz getmir, niyə filan yerdə filan cür olan məsələ Azərbaycanda behman cürdür?”

Yuxarıda da yazdım, direktor və icrabaşının müavininə baxırsan, öküz kimidirlər. Bəs bunları niyə müvafiq idman klublarına yazmamışıq? Sizi əmin edirəm, bizdə elə məktəb direktorları var, göndər Yaponiyada sumo güləşi yarışına, döşəyin üstündə salamat arvad buraxsalar, adımı dəyişib Akira Kurosava qoyaram. Müavin arvad isə karate yarışlarında gücünü sınaya bilərdi.

Biz neyləmişik? Gül kimi istedadları basmışıq tozlu-qozlu kabinetlərə, orada paslanırlar, arada da əzələ gücü fışqırır, məcbur olurlar uşaq-muşaq döyüb gözlərinin qurdunu öldürsünlər.

Dəmir yolunun müdiri vardı, Cavid müəllim. Sanki adının mənasını doğrultmaq üçün kreslodan bərk yapışmışdı. (“Cavid” - farsca “əbədi, ölməz” deməkdir). İnanmaq olmurdu bunu işdən çıxarmaq mümkün olsun. Dəmir yolu relsi fason relsə düşmüşdü, çıxmaq bilmirdi. Ancaq bir gün əfsanəvi sərəncam gəldi, Cavid müəllimi dəmir yolundan qoparıb harasa müavin qoydular. Dünən isə mən qəzetdə maraqlı bir yazı oxudum (bax: “Yeni Müsavat”, “Etimadı doğrultmayan məmurların müavin göndərilməsinin pərdəarxası”) orada Cavid müəllimin şirkətləri haqda da yazılmışdı. Həmin şirkətlər qrupu arasında bir tibbi klinikanın adı diqqətimi çəkdi, çünki keçən il qohum adamlardan birini o klinikaya aparmışdım, içəridəki yüksək səviyyəli tibbi xidmətə, həkim peşəkarlığına yaxşı mənada təəccüb eləmişdim.

İndi məntiq deyir ki, Cavid müəllimi dövlət işində işlətmək, dəmir yoluna müdir qoymaq səhv imiş. Buna elə əvvəldən şərait yarat, qoy gedib klinika açsın da bə. Bəlkə onun içində bir cərrahı öldürmüşük.

Yaxud Mərkəzi Bankın keçmiş müdiri Elman müəllimin uğurlu biznesi var. Şadlıq sarayları, özəl banklar, broyler fabrikləri, tarla, bağ belə, bostan belə... Ancaq biz onu dövlət işində çürüdürdük.

Yüzlərlə belə məmurlar var. Azad bazarda, sərbəst işləyib pul qazanmaq, iqtisadiyyatımızı dirçəltmək yerinə dövlət qulluğunda cinayətkarlıqla məşğul olurlar.

Əlbəttə, toyuq-yumurta məsəli yada düşür (bu yazıda heyvanlardan çox misal çəkdik elə bil). Kimsə deyər ki, o məmurlar uğurlu biznesi elə vəzifənin hesabına yaradıb, əks halda acından ölərdilər. Lakin bunun əksi də var axı. Bəziləri uğurlu biznesdən vəzifəyə aparılıb (Heydər Babayev, Fərhad Əliyev, Azad Rəhimov və sairə). Və elə ikincilərin də vəzifədə uğursuzluğu sübut edir ki, iş adamlarını dövlət qulluğuna çəkmək heç lazım deyil.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR