İnsanlara hürriyət, millətlərə istiqlal!

Çörçilli heç-puç edən deputatımız...

2185 12.09.2023 10:33 Yazarlar A A

Bir tərəfə baxanda Rasim Musabəyov düz deyir, indiki zamanda ağıllı adam jurnalist olmaz. Bax, təkcə 2022-ci ildə dünyada 67 jurnalist öldürülüb, amma öldürülən deputatların sayı bir əlin beş barmağı qədər deyil.

Deməli, adam gərək, mümkünsə, deputat olsun, prokuror, rəis, müşavir, komitə sədri, nazir, gömrükdə şöbə müdiri olsun. Yoxsa jurnalist nədir? Maaşı az, üzü də xalq tərəfindən danlaqlı. Kimin bacasından tüstü əyri çıxır, deyir, ölkədə jurnalist yoxdur, olsaydı, belə olmazdı.

Ancaq Rasim müəllim bir şeyi düz demir ki, jurnalistdən ağıllı, sanballı dövlət başçısı çıxmaz. Müəllim bunu Nikol Paşinyanın baş nazirliyini nəzərdə tutub deyib, amma düz söhbət deyil. Bu cür işləməsi Paşinyanın peşə vərdişi ilə bağlı deyil, şəxsi xislətindən irəli gəlir. Güman ki, o, “Haykakan Jamanak” qəzetində baş redaktor işləyəndə də belə hərəkətlər edirmiş.

Əlbəttə, bu xasiyyətlə o, Harvard universitetində hüquq təhsili almış və bacarıqlı hüquqşünas olsaydı da, belə olacaqdı.

Yaxud guya İrəvanda politexnik institutunu bitirən Robert Koçaryan və ya onun xələfi, Paşinyanın sələfi, İrəvandakı universitetdə filologiya təhsili alan Serj Sarkisyan yaxşıydı? Onlar Paşinyandan da betər idilər, Nuh deyirdilər, “peyğəmbər” deməli olduqları yerdə “bizim peyğəmbərdir” deyirdilər. Onlara baxanda, Paşinyan... Nəysə, üçü də ermənidir.

Uzun sözün kəsəsi, bir siyasi xadim inkişaf edib dövlət başçısı, prezident, baş nazir olandan sonra ilk peşəsinin vərdişləri ilə hərəkət etməsi məsələsinin elmi cəhətdən sübuta ehtiyacı var.

Ona qalsa, 20-ci əsrin, hətta bəşər tarixinin ən ağıllı, müdrik, səriştəli siyasi xadimlərindən biri olan Uinston Çörçill gəncliyində jurnalist olub. Düzdür, ifadəli və inandırıcı danışmaqda, siyasi rəqiblərini sıxışdırmaqda, onlara şəbədə qoşmaqda jurnalist vərdişləri onun karına çox gəlib, amma bu, heç də həmişə uğurlu alınmayıb. Məsələn, Çörçill ötən əsrin 30-cu illərində öz xalqının azadlığı uğrunda mübarizə aparan Mahatma Qandini aşağılayaraq “yarıçılpaq dərviş” adlandırıb. Böyük səhv edib. Bu gün həmin “dərviş”in millətinin oğlu Rişi Sunak Çörçillin vətənində baş nazirdir, onun kreslosunda oturur. Yaxşıdırmı?

Mahatma Qandi isə London Universitet Kollecində hüquq təhsili alan, bir müddət vəkil işləyən, sonra xalqının müstəqillik mücadiləsinə cani-dildən qoşulduğu üçün kasıb camaat kimi geyinən bir lider olub. İstəsə, o da sistemə, gömrüyə işə düzələ, deputat ola bilərdi. Amma o, bir səndəl, bir mələfə ilə kifayətlənib.

İndi gələk o məsələyə ki, jurnalistlər həqiqətənmi bu gün bir söz deyir, sabah başqa söz danışır, dediyinin üstündə durmur və sair və ilaxır xoşagəlməz şeylər edir. Əlbəttə, jurnalistlərin də içində o cür tiplər var, amma onların sayı müəllimlərin, həkimlərin, bərbərlərin, maşın, ev, məişət texnikası ustalarının, müğənnilərin, sahibkarların, məmurların sırasındakı bənzər xasiyyətli adamlardan çox deyil. Yəni elə çıxmasın ki, başqa sənətlərin sahibləri çox sanballı, sözübütöv, ərdəmli, əfəndi adamlardır, amma jurnalistlər başqa cürdür. Elə deyil.

Hətta əlimi Mətbuat Şurasından verilən vəsiqəmə basıb and içərəm ki, restoranlarda qrimlənib, maskalanıb klounluq edən artistlərin arasında olan ciddi adamlar gün axşamacan sosial şəbəkələrdə, tv-lərdə meymunluq edənlərdən daha çoxdur.

Bu üzdən gərək heç kim başqasının peşəsini, sənətini aşağılamasın. Hər peşənin peşəkarı da var, həvəskarı da, “xalturşik”i də. Hətta pop-korn satanların arasında da ciddi oğlanlar var.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR