İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəzası endirilən icra başçısının adı daha bir məhkəmə işinə qarışıb – yarım milyonluq mənimsəmə  

1102 08.07.2024 13:58 Kriminal A A

 

Ötən həftə cəzası 12 ildən 8 ilə endirilən Biləsuvarın həbsdə olan icra başçısı Mahir Quliyevin adı yarım milyon manatlıq tikinti-mənimsəmə işinə qarışıb. Söhbət Mahir Quliyevin icra başçısı olduğu dönəmdə dövlət büdcəsi hesabına tikdirdiyi “Gənclər Evi” və Bayraq Muzeyi” inzibati binalarının inşasını həyata keçirən şirkətə yarım milyon manat ödəniş etməməsindən gedir.

Musavat.com xəbər verir ki, hər 2 inzibati binanın açılışı 2018-ci il sentyabrın 18-də baş tutub. Bu binaların tikintisi ilə bağlı ödənişin edilməməsinə görə 2 fərqli məhkəmə prosesi aparılıb. Yekunda hər 2 işə Ali Məhkəmənin Kommersiya Kollegiyasının sədri Kəmalə Abiyevanın sədrliyi ilə baxılıb.

Məlum olub ki, Biləsuvar rayon icra hakimiyyəti 2017-ci il dekabrın 18-da “Perlit” MMC ilə müqavilə imzalayaraq binaların tikintisinə 1 milyon 350 min 500 manat ödəniləcəyi öhdəliyini götürüb. Lakin “Perlit” MMC-nin rəhbəri Məhərrəm Ömrümov məhkəmədə bildirib ki, icra başçısı Mahir Quliyev bu puldan ona yalnız 900 min manat ödəniş edib. Binaların inşası üçün tikinti materiallarını təmin edən sahibkar Azər İsayev də “Perlit” MMC-yə qarşı iddia qaldıraraq qeyd edib ki, alınan mallara görə ona 156 min manat borclu qalıblar. Azər İsayev məhkəmədə deyib ki, ödənişlə bağlı Məhərrəm Ömrümovdan soruşanda o, icra başçısı Mahir Quliyevin qalan vəsaiti ödəmədiyini bildirib.

Şirkətin rəhbəri Məhərrəm Ömrümov məhkəmədə deyib ki, binaların tikintisinə başlamazdan öncə icra başçısı Mahir Quliyevlə söhbətləri olub, ona tikinti materiallarının Azər İsayevin verəcəyini deyib. Məhərrəm Ömrümov materiallara görə pul haqq-hesabının Mahir Quliyev ilə Azər İsayev arasında getdiyini bildirib. Həmçinin əlavə edib ki, ona da, Azər İsayevə də ödənişlər gecikəndə Azər İsayev özü şəxsən Mahir Quliyevlə bir neçə dəfə görüşərək ödənişin edilməsini istəyib:

“Azər İsayevlə hər hansı müqavilə bağlamamışam, aramızda heç bir razılaşma olmayıb. Azər İsayevin tikintiyə materialları icra başçısı Mahir Quliyevin təkidi ilə verib və həmin materialların pulunu da Mahir Quliyev özü ödəyəcəyinə dair razılaşıblar. İndi də Azər İsayev pulunu ancaq Mahir Quliyevdən tələb etməlidir”.

Məhkəmə bu hissə ilə bağlı belə rəy verib ki, materialların kimin göstərişi ilə verilməsi nəticəni dəyişmir.

Azər İsayev ödənişlə bağlı Mahir Quliyevlə bir neçə dəfə görüşsə də, nəticə əldə edə bilməyib və yalnız icra başçısının həbsindən sonra hüquq-mühafizə orqanlarına müraciət edərək Məhərrəm Ömrümova qarşı iddia qaldırıb.

Məhərrəm Ömrümov binaların tikintisi ilə bağlı qeydlər apardığı dəftərdə “Azər - 156 000 manat” yazısını məhkəmə sübut kimi qəbul edib. Məhərrəm Ömrümov isə həmin qeydi ümumi işlə bağlı yazdığını, icra hakimiyyətinin materiallara görə Azər İsayevə ödəməli olduğunu göstərmək məqsədilə qeyd etdiyini bildirib.

Hakim Kəmalə Abiyevanın qərarı ilə 156 min manat pulun Məhərrəm Ömrümovdan tutularaq Azər İsayevə ödənilməsi haqda qərar çıxarılıb.

“Perlit” MMC-nin rəhbəri Məhərrəm Ömrümovun Biləsuvar rayon İcra Hakimiyyətinə qarşı irəli sürdüyü iddiaya da Ali Məhkəmənin hakimi Kəmalə Abiyevanın sədrliyi ilə baxılıb. Məhərrəm Ömrümov iddiasında qeyd edib ki, “Bayraq Muzeyi” və “Gənclər Evi”nin tikintisi üçün müqavilədə qeyd edilən məbləğ ona tam olaraq ödənilməyib və qalan vəsait, həmçinin itirilən məbləğə görə ümumilikdə ona 495 min manat vəsait ona ödənilməlidir.

Biləsuvar rayon İcra Hakimiyyətindən məhkəməyə bildirilib ki, aparatın mühasibat sektorunda Biləsuvar şəhərindəki “Bayraq Muzeyi”nin və “Gənclər Evi”nin tikintisi ilə bağlı keçirilmiş açıq tenderlə üçün bağlanmış müqavilə, maliyyə vəsaitinin ayrılması, iddiaçıya ilkin halda 900 min manat vəsait ödənilməsi və ödənilməmiş 450  min manat vəsaitin qalması barədə heç bir sənəd aşkar olunmayıb. Həmçinin İcra Hakimiyyətinin nümayəndəsi bildirib ki, “Gənclər Evi” və “Bayraq Muzeyi”nin hansı şirkət tərəfindən tikildiyi onlara məlum deyil. Həmçinin, əlavə edib ki, icra hakimiyyətinin özünün balansında fəhlələr olmasa da, binaları 1 il müddətində öz daxili imkanları hesabına tikiblər. Məhkəmə bu ifadələri inandırıcı hesab etməyib.

Həbsdə olan icra başçısı Mahir Quliyevin şahid qismində dindirilməsi üçün vəsatət verilsə də, məhkəmə hər hansı bir əsaslandırmasız vəsatəti təmin etməyib.

Həmçinin, “Perlit” MMC tərəfindən tenderlə bağlı məhkəməyə təqdim olunmuş qiymət cədvəlləri imzalanmadığı, möhürlə təsdiq olunmadığı və ciddi hesabat blanklarında tərtib edilmədiyi üçün sübut kimi qəbul olunmayıb. Məhərrəm Ömrümov bildirib ki, onun qeyd dəftərçəsində sadəcə “Azər-156 000 manat” yazısına görə qərar çıxaran məhkəmə onun təqdim etdiyi sənədlərin ciddi hesabat blankında olmamasına görə sübut kimi qəbul etməməsi məhkəmə araşdırmasının ədalətli aparılmasını şübhə altına alır.

“Perlit” MMC fiziki şəxs Ramiz Hüseynov ilə “Bayraq Muzeyi”nin tərtibatının hazırlanmasına dair müqavilə imzalasa da, məhkəmə bunu mötəbər sübut kimi qəbul etməyib. Şahid Elşən Kazımov bildirib ki, Məhərrəm Ömrümovun sifarişi ilə hər iki binanın tikintisinə özü rəhbərlik edib və tikintiyə cəlb olunan işçiləri qəbul edərək 15 nəfər üçün 1 şəxsin adına hesab açılmaqla maaşlar ödənilib: “Görülən işlərin dəyəri tam ödənilməsi üçün Məhərrəm Ömrümova müraciət etdim. Dedi icra başçısı pulu tam ödəmədiyi üçün maaşları verə bilmir”.

Məhkəmə isə şahid ifadəsinin digər sübutlarla təsdiqini tapmadığını bildirərək mötəbər sübut kimi qəbul etməyib və yekunda belə qərara gəlib ki, “Perlit” MMC ilə Biləsuvar rayon İcra Hakimiyyəti arasında “Bayraq Muzeyi” və “Gənclər Evi”nin inşasına dair 1 milyon 350 min 500 manat məbləğinda müqavilə imzalansa da, həmin binaların “Perlit” MMC tərəfindən tikildiyi sübuta yetirilmir:

“Tərəflər arasında yalnız müqavilənin mövcud olması isə cavabdeh tərəfindən iddiaçıya 450 min manat vəsaitin ödənilməli olması qənaətinə gəlmək üçün yetərli ola bilməz”.

Hakim Kəmalə Abiyevanın qərarı ilə “Perlit” MMC-nin Biləsuvar rayon İcra Hakimiyyətinə qarşı iddiası təmin edilməyib. Məhərrəm Ömrümov Ali Məhkəməyə müraciət edərək, yeni açılmış hallar  üzrə işə yenidən baxılmasına dair ərizə verib. “Perlit” MMC-nin rəhbəri Məhərrəm Ömrümov bildirir ki, Ali Məhkəmənin Kommersiya Kollegiyasının sədri Kəmalə Abiyeva “Perlit” MMC-yə qarşı olan məhkəmə işində binaları “Perlit” MMC-nin tikdiyinə qərar verib və buna görə tikinti materiallarına olan borcu ödəməyimizi tələb edir. Amma bizim Biləsuvar rayon İcra Hakimiyyətinə qarşı iddiamızda qərar verilir ki, bu binaları “Perlit” MMC tikməyib!

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR