İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Bayramov sirləri açdı, Vardanyanın həbsinin anonsunu verdi - nazirimizin söylədiklərinin açması

2368 29.12.2022 08:48 Gündəm A A

 

XİN rəhbərinin ən maraqlı açıqlamalarından biri odur ki, o, “Azərbaycanın Qarabağdakı ermənilərlə təmasları olub” - deyə bildirib. Ancaq nazir konkret kimlərlə danışıqlar olduğunu açıqlamayıb və bunu belə əsaslandırıb: “Azərbaycanın Qarabağdakı etnik ermənilərlə təmasları ilə bağlı adlar çəkilərsə, o şəxslərə qarşı təzyiq arta bilər”. Ceyhun Bayramov paralel olaraq dövlətin Xankəndi prosesi ilə bağlı Rusiyanın ora göndərdiyi əlamanı - Ruben Vardanyanla bağlı mövqeyini bir daha net şəkildə ifadə edib.

Nəzərə çatdıraq ki, hələ ötən ay Azərbaycan Prezidenti İlham Əliyev Vardanyanla heç bir təmas, əməkdaşlıq olmayacağını bəyan edib, onun Qarabağa hansı məqsədlə, hansı təlimatla göndərildiyinin bilindiyini qeyd etmişdi.

Özü də dövlət başçımız fikirlərini Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul edərkən açıqlamışdı, yəni daha geniş auditoriyada, beynəlxalq aləmə xitabən. Xatırladaq: “Hesab edirəm, vacib odur ki, Ermənistan əslində istədiyini açıq şəkildə elan edir. Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib”.

Azərbaycan Prezidenti də Azərbaycan vətəndaşları hesab etdiyi Qarabağ erməniləri ilə təmasların olduğunu söyləmişdi. Xəbərdarlıq etmişdi ki, əgər Ermənistan Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirsə, bu, alınmayacaq: “Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq. Biz buna hazırıq. Yeri gəlmişkən, bu proses başlayıb. Əgər elə indicə qeyd etdiyim bəzi ölkələrdən, yəni, kənardan müdaxilə olmasa və həmin prosesi dayandırmaq cəhdləri edilməsə, onda hesab edirəm ki, proses daha dinamik gedə bilərdi. Lakin bunun Paşinyana və onun hökumətinə heç aidiyyəti yoxdur. Artıq söylədiyim kimi, Azərbaycan, Avropa İttifaqı, Birləşmiş Ştatlar və Rusiya arasında, yəni Azərbaycanın bu işdə yardımçı ola bilən hesab etdiyi həmin ölkələr və qurum arasında konsensus olmalıdır”. Göründüyü kimi, Prezident qəti şəkildə dövlətimizin prinsipial mövqeyini bəyan edib. Ölkəmizin xarici siyasətinə cavabdeh qurumun da bu yol xəritəsi daxilində hərəkətində qeyri-adi heç nə yoxdur. Azərbaycanın Vardanyan xaric, bəzi erməni təmsilçilərlə təmas qurması faktı separatçıların arasında təfriqəni də gücləndirib. 

Ancaq şimal qonşumuzun konkret plan və tapşırıqla Qarabağa göndərdiyi Ruben Vardanyan ətrafında oyunları da bitmək bilmir. Rusiya Prezidenti Vardanyanı ölkə vətəndaşlığından azad etsə də, separatçı erməninin alnından “Rusiyanın Qarabağdakı canişini” damğası silinən deyil. Avropadan nicat axtaran Araik Arutyunyanın dəstəsindən əlini üzən Rusiyanın “Ruben planı”ndan belə tezliklə əl çəkməyəcəyi bəllidir. Onun Rusiya vətəndaşlığından imtinasını leqallaşdırmaq isə sadəcə, iz azdırmaq cəhdidir. İndi Vardanyan dünyada heç yerdə qeydiyyat, vətəndaşlığı olmayan bir cani sayılır. O, özünü Xankəndi sakini elan etməklə, beynəlxalq cinayət törədib. Çünki Xankəndi Azərbaycanın suveren ərazisidir, bütün dünya bunu qəbul edib və tanıyıb. Azərbaycan isə Vardanyanı vətəndaşlığa qəbul etməyib, belə bir niyyəti də yoxdur.

Nazir Ceyhun Bayramov isə deyib ki, Azərbaycan tərəfinin Ruben Vardanyanla təmasları heç vaxt olmayacaq: “Gələcəkdə də yerli əhali ilə təmaslar olacaq, biz bunu normal hesab edirik: Qarabağa göndərilmiş keçmişi ləkəli şəxs məsuliyyətə cəlb oluna bilər. Azərbaycan dövləti ən yüksək səviyyədə bəyan edib ki, Qarabağdakı etnik ermənilərin Azərbaycanda yaşamaq hüququ var, Azərbaycan dövləti isə onların hüquqlarını təmin etməyə hazırdır. Laçın dəhlizinə alternativ yolun tikilməsi müsbət bir təcrübə idi. Bu yol ermənilərin yaşadıqları ərazilərdən keçirdi. Yolun tikintisi zamanı yerli ermənilərin müraciətləri nəzərə alınıb. Bu yolun tikilməsi zamanı inşaatda çalışanlarla ermənilər arasında normal bir ünsiyyət var idi. Yaxud Sərsəng su anbarı ilə bağlı müzakirələr aparıldı ki, torpaqların suvarılması üçün nə qədər su götürülsün, elektrik enerjisi istehsalı necə təmin edilsin. Ancaq ləkəli keçmişi olan şəxs (Ruben Vardanyan-red.) bölgəyə göndərilir, Azərbaycan belə təxribatların qarşısını almağa hazırdır. Bu şəxsin Azərbaycana gəlişindən sonra Azərbaycanın sərvətlərinin istismarında fəallaşma müşahidə olunur, Azərbaycanın bunu monitorinq etmək imkanı var. Həmin şəxsin Qarabağda başqa qanunsuz fəaliyyəti də istisna deyil”. XİN başçısı onu da vurğulayıb ki, Rusiyanın Qarabağın statusu məsələsinin gələcək illərə qalması təklifinin qəbuledilməz olduğunu bildirmişik: “Sirr deyil ki, Rusiya tərəfi Qarabağın statusu ilə bağlı məsələnin gələcək illərə qalmasını təklif etmişdi”. C.Bayramov nəzərə çatdırıb ki, hər bir tərəf təklif verə bilər: “Biz öz gündəliyimizə, təkliflərimizə əsaslanmalıyıq. Biz ilk gündən bu təklifin qəbuledilməz olduğunu bildirmişik. Biz baza prinsipləri üzrə danışıqlar aparırıq. Azərbaycan yalnız öz milli maraqları çərçivəsində addım atır”. “Azərbaycan bu şəxsi axtarışa verə bilərmi” sualı ilə bağlı XİN başçısı deyib ki, bu istisna deyil və həmin şəxs həm Azərbaycan qanunvericiliyinə əsasən, həm də beynəlxalq prinsiplərə görə məsuliyyətə cəlb oluna bilər. Ceyhun Bayramov əlavə edib ki, Vardanyanın bu regionla heç bir bağlılığı yoxdur, o, orada doğulmayıb və bu regionda qanunsuz məskunlaşıb. Görünən budur ki, Vardanyan yeni bir başağrısı kimi Xankəndiyə cəlb edilib.

Məntiqlə Rusiya vətəndaşlığından imtina etmiş və Rusiyanı dar ayaqda satmış birisinin Azərbaycan tərəfindən cəzalandırılmasına Putin və komandası da etiraz etməməlidir. Hansısa bir sənət adamı Rusiya vətəndaşlığından imtina edəndə rus kəşfiyyatının “qara siyahı”sına düşürsə, Vardanyanın “unudulması” suallar yaradır. Deməli, Rusiya ikibaşlı siyasət yürüdür. Bu mənada Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında dedikləri də qeyri-səmimi təsir bağışlayır. Sitat: “Ruben Vardanyanın Rusiyaya heç bir aidiyyəti yoxdur. Vardanyanın xahişi ilə Rusiya Prezidenti onu vətəndaşlıqdan çıxarıb. Onun Qarabağa getməsinin Rusiya ilə heç bir əlaqəsi yoxdur”. Ortaya isə məntiqli suallar çıxır. Mövcud vəziyyətdə bu adamın təxribatları, onun üzərindən oynanılan oyunlar hara qədər davam edə bilər? Azərbaycanın xüsusi xidmət orqanları günün birində əməliyyat keçirərək, Azərbaycana qanunsuz soxulmuş, təxribatçılıqlarla məşğul olan Vardanyanı qandallayıb Bakıya gətirə bilərmi? Nazirin açıqlaması bunun anonsu sayıla bilərmi?

Hərbi ekspert Azərbaycan və Rusiya arasında imzalanmış hərbi sənədi şərh  edir - 28.09.2019, Sputnik Azərbaycan

Üzeyir Cəfərov: “Nə olur-olsun, tez bir zamanda bu yaramaz Qarabağdan rədd olub getməlidir”

Ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, xarici işlər naziri Ceyhun Bayramovun ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bir sıra maraqlı fikirləri onun da diqqətini cəlb edib: “Onlardan ən önəmlisi və vacibi Qarabağda separatçılığı daha da dərinləşdirməyə cəhdlər edən Moskva emissarı Ruben Vardanyanla bağlı olan fikirlər idi. Hesab edirəm ki, Azərbaycan tərəfi bu yaramaz quldurbaşı ilə bağlı çoxdan təsirli tədbirlər görməli idi. Ancaq necə deyərlər, gec olsun, amma güc olsun. Biz onu mütləq şəkildə zərərsizləşdirməliyik. Nə olur-olsun, tez bir zamanda bu yaramaz Qarabağda rədd olub, getməlidir!” Ü.Cəfərov qeyd etdi ki, Vardanyan Moskvadan aldığı təlimatlar nəticəsində son vaxtlar xeyli fəallaşıb: “Biz Lavrovun Vardanyanla bağlı qeyri-səmimi sözlərinə də əhəmiyyət verməməliyik. Rusiya nə deyirsə, onun əksini başa düşmək lazımdır. Ən azından son 19 ay ərzində Ukraynaya qarşı apardığı işğalçılıq siyasətində, qanlı müharibədə bunu onlar sübut ediblər. Ona görə də Rusiyanın planı olan Ruben Vardanyanın Qarabağda qaldığı hər gün bizim üçün əlavə problemlərin yaradılması deməkdir. Onu nə qədər tez oradan uzaqlaşdırsaq, məncə, separatçılar da ciddi şəkildə özlərini yığışdıracaqlar, həm də biz qarşımıza qoyduğumuz bir çox hədəflərə çata bilərik. Görünən isə odur ki, Vardanyan və başının başıpozuq dəstəsi rus silahı arxasında gizlənərək Azərbaycana qarşı hədyanlar səsləndirir”. Polkovnik əmindir ki, həm ölkə başçısının, həm də xarici işlər nazirimizin Vardanyanla bağlı səsləndirdikləri sözlər müvafiq dövlət və hökumət strukturları üçün bir tapşırıq və təlimat olacaq: “Bunun necə və nə vaxt reallaşdırılacağını isə vaxt baxımından demək çətin olacaq. Amma mütləq olmalıdır və olacaq”.

Tural İsmayılov: Ermənistan Rusiya və onun imzasına qarşı da açıq  hörmətsizlik nümayiş etdirir

 

Tural İsmayılov: “Hətta orada yaşayanlar da yaxşı bilir ki, Vardanyan bölgəyə hansı çirkin missiyalar üçün göndərilib”

Strateji Tədqiqatlar Mərkəzinin sektor müdiri Tural İsmayılov da Vardanyanın cəzalandırılacağına şübhə etmir: “Birmənalı şəkildə hər kəsə aydın olmalıdır ki, Vardanyan da, Araik də və bütün separatçı ünsürlər də Azərbaycan qanunları qarşısında cavab verəcəklər. Vardanyanın Qarabağ ermənilərinə heç bir aidiyyəti yoxdur. Hətta orada yaşayanlar da yaxşı bilir ki, Vardanyan bölgəyə hansı çirkin missiyalar üçün göndərilib. Azərbaycan ilk gündən Xankəndi və ətrafında yaşayan, Azərbaycan vətəndaşı olmalı olan ermənilərlə bağlı öz mövqeyini ifadə edib. Monoetnik Ermənistandan fərqli olaraq biz multikultural və tolerant ölkəyik. Vardanyanın məqsədi Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesini əngəlləməkdir”. T.İsmayilov əlavə etdi ki, lakin Bayramovun açıqlaması da göstərir ki, separatçıların bütün təzyiqlərinə rəğmən, Azərbaycana inteqrasiya olunmaq istəyən xeyli erməni vətəndaşımız var: “Azərbaycan antiterror əməliyyatı keçirib öz ərazisindəki separatçılıq ünsürlərinin kökünü kəsə bilər. Vardanyanın Azərbaycan qanunları qarşısında cavab verəcəyi gün uzaq deyil”.

Son günlər Azərbaycanın elan etdiyi “Qaynar xətt” nömrəsinə zəng edən Qarabağ ermənilərinin sayının artması da onu göstərir ki, oradakı mülki əhali artıq terrorçu-separatçı rejimin əlində girov vəziyyətində yaşamaqdan bezib, xilas gününü gözləyir. Azərbaycanın dinc yolla problemi çözmək, Qarabağda sülh və əminamanlıq şəraitində yaşamı təmin etmək cəhdləri nəticə verməsə və Vardanyan “sonadək döyüşəcəyi” barədə sərsəm fikirlərdən əl çəkməsə, heç şübhəsiz sonda cəza əməliyyatı qaçılmaz olacaq...

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR