Cenevrədə Ukrayna ilə ABŞ nümayəndə heyətləri arasında aparılan danışıqlar iki əsas məsələ üzrə irəliləyiş əldə etmədiyi üçün faktiki olaraq tıxanıb.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Mənbələr bildirir ki, ən ciddi fikir ayrılığı Ukrayna ordusunun Donbasdan çıxarılması və Ukraynanın NATO kursu ilə bağlı olub.
Məlumatlara görə, Donbasdan qoşunların çıxarılması Tramp administrasiyasının planında ən mübahisəli bənd kimi qiymətləndirilir və tərəflər bu mövzuda ortaq məxrəcə gələ bilməyiblər. Ukrayna tərəfi hazırkı təhlükəsizlik şəraitində belə addımın mümkün olmadığını bildirərkən, ABŞ nümayəndələri sənədin bu hissəsinin danışıqların ayrılmaz elementi olduğunu vurğulayıblar.
NATO istiqaməti üzrə də mövqelər arasında ciddi fərqlər qalmaqdadır. Ukrayna Konstitusiyada təsbit edilmiş Avro-Atlantik kursdan geri çəkilmək niyyətində olmadığını bildirir, ABŞ tərəfi isə Tramp planı çərçivəsində NATO məsələsinin yenidən formalaşdırılmasını vacib hesab edir. Bu iki məsələ üzrə yaranmış ziddiyyətlər səbəbindən danışıqların əsas hissəsi Zelenski ilə Trampın şəxsi görüşünə saxlanılıb. Mənbələr həmin görüşün bu həftə və ya gələn həftə baş tuta biləcəyini istisna etmir.
Bununla belə, digər bir sıra sahələr üzrə müəyyən irəliləyiş əldə olunub. Danışıqlarda Ukrayna Silahlı Qüvvələrinin sayının tənzimlənməsi, Zaporojye Atom Elektrik Stansiyasının statusu və nəzarət mexanizmləri, hərbi əsirlərin mübadiləsi, həmçinin məhkum olunmuş şəxslərin qarşılıqlı qaytarılması məsələlərində korrektələr razılaşdırılıb. RBC-Ukrainanın məlumatına görə, bu istiqamətlər üzrə sənədlərdə müəyyən düzəlişlər edilib və tərəflər ümumi yanaşmalar üzrə yaxınlaşıblar.
Hazırkı mərhələdə əsas ziddiyyətlərin aradan qaldırılması ABŞ və Ukrayna rəhbərlərinin bilavasitə siyasi dialoqundan asılı olacaq.
Musavat.com






