İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəmiyyətdəki aqressiyanın qarşısını necə almalı?

1111 30.11.2022 09:30 Media A A

Ekspertlərin fikrincə, bu məsələdə özəl televiziyaların da “rolu” az deyil

Son günlər ölkədə qətl, cinayət hadisələrinin artdığı  müşahidə edilir. Qadın, yeniyetmə qətlləri, ailədaxili cinayətlər, zorakılıq faktları demək olar ki, hər ötən gün daha da artmağa başlayıb.

Bir neçə gün öncə isə 16 yaşlı cüdoçu Turan Rüstəmovun yarış stadionunda hər kəsin gözü önündə 20 yaşlı idmançı tərəfindən qətlə yetirilməsi yenidən diqqətləri bu mövzuya yönəltdi. Yada salaq ki, qətli törətməkdə şübhəli bilinən 20 yaşlı Ruslan Səfixanovdur. O, cüdo üzrə əməkdar məşqçi Elçin Səfixanovun oğludur. Elçin Səfixanov mətbuata açıqlamasında oğlunun sakit gənc olduğunu, ondan belə bir davranış gözləmədiyini, hadisənin bir anda baş verdiyini deyib.

Əksəriyyət bu məsələdə valideyni günahkar bilir, övladına düzgün tərbiyə verməməkdə ittiham edir. Bəziləri isə ümumiyyətlə, son 2 ildə həm pandemiyadan, həm də müharibədən sonra cəmiyyətimizdə aqressiyanın artdığını, baş verən proseslərin insanların, xüsusən də gənclərin psixikasına mənfi təsir etdiyini bildirir.

Ekspertlərin fikrincə, bu məsələdə özəl televiziyaların da “rolu” az deyil. Belə ki, özəl televiziyalarda müxtəlif sosioloji proqramların yayımı zamanı zorakılığı, qəddarlığı təbliğ edən davranışları müşahidə edirik. Bununla bağlı hətta dəfələrlə Audiovizual Şura xəbərdarlıq edib, cəzalar tətbiq etsə də, mənfi hallar davam etməkdədir. Məsələn, bir neçə gün öncə Audiovizual Şuranın qərarı ilə “Space” TV-nin efiri 3 saatlıq dayandırılmışdı. Buna səbəb “Space TV” kanalının efirində noyabrın 14-də saat 12:00-14:45 arası yayımlanan “Gəl danış” proqramında zorakılığı və qəddarlığı təbliğ edən informasiyaya yol verilməsi idi.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu mövzu ilə bağlı dedi ki, xüsusən də müharibədən sonra cəmiyyətimizin psixoloji vəziyyətində ciddi problemlər nəzərə çarpmaqdadır: “Yəni cəmiyyətimiz xəstə cəmiyyətə çevrilib. İlk növbədə bu problemi həll etməyə çalışmaq lazımdır. Yalniz bundan sonra nəyəsə nail olmaq olar. Bu gün televiziyalarda zorakılığı təbliğ edən, qadınlara qarşı aqressiv filmlər nümayiş olunur. Doğrudur, bəzən hansısa verilişlərə rast gəlirik, amma onların sayı çox azdır. Bu baxımdan məsələyə daha dərindən yanaşmalı, təcili tədbirlər görməliyik”.

Bəs ekspertlər nə düşünür? Televiziyalarda hansı mədəni-maarif proqramlarına ehtiyac var?

Professor: “Azərbaycanın işğaldan azad edilmiş bölgəsində yeni proses  başlayıb” - 11.02.2021, Sputnik Azərbaycan

Qulu Məhərrəmli

Mövzu ilə bağlı tanınmış tele-tənqidçi, professor Qulu Məhərrəmli “Yeni Müsavat”a danışıb: “Görünən budur ki, həqiqətən son bir ildə ölkəmizdə cinayətlərin sayı xeyli artıb. Xüsusən də insanların bir-biriləri ilə davranışında münasibətlərin pozulması, bir-birilərini başa düşməməsi, nəticədə zorakılıq, qətl hadisələrinin baş verməsi vəziyyətin ciddi olduğunu göstərir. Saytlar da bu haqda yazır, başlığa çıxarır,  televiziyalar kriminal verilişlərdə göstərir və sairə. Müşahidə edəndə mənzərə çox kədərlidir. Səbəb nədir? Bu neqativliklər, yeniyetmələr, gənclər arasında cinayətlərin, zorakılıqların artması ailədən gəlir, yoxsa hansısa mühitdən qaynaqlanır? Əlbəttə ki, uşaq bəlli bir yaşa çatanda ailədə valideynlərin nəzarəti xüsusi artmalıdır və bu bir aksiomadır.

Amma eyni zamanda axı uşaq evdən başqa mühit görür, məktəb, universitetdə, məhəllədə və yaxud başqa yaşayış yerində olur, digər  öz yaşıdları ilə ünsiyyət saxlayır və bütün bunların hamısı uşağın şüuruna, psixologiyasına əlavə təsir üçün mənbədir. Ona görə də  burada tək valideynləri, məktəbi günahlandırmaq doğru deyil.

Sovet dövründə  “pedaqoji üçbucaq” deyilən bir həlqə var idi. Bu həlqəyə  ailə, pedaqoji məktəb, cəmiyyət daxil idi və uşaqlar, yeniyetmələr həmişə nəzarətdə olurdu və sözün yaxşı mənasında bu nəzarət də  öz effektini verirdi. Lakin çox təəssüf ki, bu cür intensiv nəzarət yoxdur, uşaqlara daha sərbəstdir, onların aldığı informasiyalar daha çox rəngarəng  və qorxuludur. Məlum olduğu kimi, son vaxtlar mətbuatda, mediada, sosial şəbəkələrdə məzmunca aqressiv xəbərlər xeyli çoxalıb.  Təbii ki, bütün bunların hamısı uşağın, yeniyetmə və gəncin psixologiyasına təsir edir.

Bəs nə etməli? Bu neqativliyin qarşısını necə almaq olar? Məktəbdə, televiziyalarda, sosial şəbəkələrdə hansı qabaqlayıcı tədbirlər görmək olar ki, bu cür zorakılıqların qarşısı alınmış olsun?

Əlbəttə ki, televiziyaların bu yöndə mədəni-maarif  verilişləri, proqramlar hazırlaması məsələnin bir tərəfidir. Amma o şagird, yeniyetmə həmin verilişlərə baxa bilirmi, baxmaq imkanı varmı, həmin verilişlər təbliğ olunurmu? Ailədə daha çox hansı televiziya kanallarına və proqramlarına baxılır? Bütün bunları düşünmək, ciddi sosioloji sorğular aparmaq, yəni bu prosesi sosial-psixoloji baxımdan dərindən təhlil edib, daha sonra müəyyən tədbirlər haqqında fikirləşmək olar.

Əlbəttə ki, maariləfləndirici verilişlərə, yeniyetmələr, gənclər üçün xüsusi proqramlara ehtiyac var. Bəzən kollektiv qəbul olunan informasiya çox effektli  olur. Bu verilişlərin müzakirəsi, məktəblərdə yeniyetmələr, gənclər arasında kriminal situasiyaların müzakirə olunması, o hadisələrin insanların həyatında necə qara ləkələrlə yaratması, qaranlıq səhifələr təşkil etməsi ilə bağlı maarifləndirici mövzuların, mühazirələrin təşkil olunmasının əlbəttə ki, nəticəsi ola bilər və cəmiyyətlə məşğul olan strukturlar buna diqqət yetirməlidir".

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda hazırlanıb.

Hazırladı: Xalidə GƏRAY 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR