İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəmi 1 saata ləğv ediləcək sülh müqaviləsini imzalamağa dəyərmi? – Nə oldu, Paşinyan!

7309 03.02.2024 15:29 Siyasət A A

Ermənistan vaxtilə Azərbaycan üçün hazırladığı tələyə artıq özü düşüb. Guya keçmiş DQMV-lə birgə “şişirdilmiş” Ermənistan yaradacaqdılar, bundan ötrü əcaib konstitusiya da qəbul etmişdilər. Amma nəinki “DQMV”dən oldular, üstəgəl, Ermənistanın özünün varlığı və taleyi 4 ildir ipdən asılıdır.

Bu harasıdır, hətta Qafqazda “Ermənistan” adında süni dövlət yaradıb ilan sümüyü kimi yerli xalqların boğazına ilişdirən Rusiya da “dövlət” adına həqarət olan bu saxta qurumu hədələməyə başlayıb. Bir yandan haqqı da çatır.

Erməni isə elə bilirdi ki, rusun hesabına Qarabağı işğal edəndən sonra daha rus ona gərək olmaya bilər. Yaxud “Qarabağ əldən getdisə, rusu neynirik” məntiqi...

Fəqət, yenə öz bicliklərinin girovuna çevriliblər. İşğalçı kimi başları əziləndən sonra da Rusiya hərbçilərini öz ərazilərindən, o cümlədən Türkiyə və İranla sərhəddən çıxarmağa ehtiyat edirlər. Uzaq Qərbdə dəstək axtarırlar. Rusiyanı Fransa və ABŞ-la əvəzləyib status-kvonu saxlamağa çalışırlar. Niyə?

Çünki hələ də Qarabağdan, “miatsum”dan tam imtina etməyiblər. Azərbaycana, eləcə də qardaş Türkiyəyə qarşı torpaq iddiasından o vaxt imtina etmiş sayılacaqlar ki, öz axmaq konstitusiyalarını beynəlxalq hüquqa, BMT Nizamnaməsinə uyğunlaşdıracaqlar.

Yəni əslində bu, Bakının yox, elə beynəlxalq hüququn tələbidir. Əks təqdirdə, sülh danışıqlar aparmağın nə anlamı qalır ki. Bu barədə az öncə Azərbaycan Prezidenti son dəfə xəbərdarlığını edib...

Gerçəkdən də, elə həmin gün Ermənistanın Konstitusiya Məhkəməsinin asanca ləğv edəcəyi sülh müqaviləsini imzalamağa dəyərmi? Dəyməz. Qısası, “atı arabanın dalına qoşmaq” məsələsi.

Hələ onu demirik ki, 1992-ci ildə Ermənistan parlamentinin qəbul etdiyi və hələ də qüvvədə olan qanuna əsasən, erməni rəsmiləri keçmiş Dağlıq Qarabağın Azərbaycan tərkibində göstərildiyi heç bir sənədə imza ata bilməz.

Odur ki, tələs, Paşinyan - nə qədər qəliz durumda olsan belə. Öncə “atı” arabanın dalından açıb qabağına bağla. Yəni konstitusiyanı dəyiş. O konstitusiya ki, de-fakto artıq Ermənistanın öz ərazi bütövlüyünə təhlükə yaratmağa başlayıb...

Bu arada “Qraparak” qəzeti yazıb ki, Nikol Paşinyan yaxın 4 ayda yeni konstitusiya ilə bağlı referendum keçirməyə hazırlaşır. Yalansa, doğru olsun.

Referendum keçirin, baxaq görək, hay toplumu həqiqətən də ədalətli sülhə təşnədir, ya növbəti “dəmir qapaz” üçün darıxıb? Ən əsası, qoy ABŞ başda olmaqla Qərb dünyası, “böyük bacı” Fransa da hər şeyə əyani şahidlik etsin. Görsün və əmin olsun ki, Güney Qafqazda aranı qarışdıran ifritə tayfa kimdir, şər yuvası haradır?..

Hərgah, baş nazir Nikol Paşinyanın özünün də konkret nə istədiyi, beynində nə tutduğu axıra qədər heç kəsə dəqiq bəlli deyil. Bu da növbəti dəlil. Məlumatlara görə, rəsmi İrəvan Qarabağdan könüllü getmiş erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasını kömək üçün yaradılmış reintegration.gov.az saytına Ermənistan ərazisində girişi bloklayıb.

İndi bunu necə anlayaq - Azərbaycana yaxşılıq, yoxsa pislik kimi? Nikol Vovayeviç bununla nə demək istəyir, hansı hədəfi güdür?

Əlbəttə, biz separatçı tör-töküntülər və onların tərəfdarlarının Qarabağa qayıdışı üçün əldən getmirik. Bayrağımız altında yaşamaq istəmirlərsə, öz işləridir. Yalvaran deyilik.

Bütün hallarda “demokratik” hökumətin “demokratik” Ermənistanda normal sayta girişi bağlaması, razılaşaq ki, demokratiya təzahürü deyil. Yenə babalı öz boyunlarına...

Siyasət şöbəsi,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR